AXCP sədri Əli Kərimli
Saleh Rüstəmliyə dövlət adından verilmiş sözü tutmaq, onu dərhal azad etmək əvəzinə hakimiyyət tərəfdən Saleh bəyə qarşı qara piar kampaniyası başladılıb. Səməd Seyidov Saleh bəyin aclıq aksiyası ilə bağlı belə deyib: “Niyə Demokratiya Sammiti bitən kimi Saleh Rüstəmli də aclığını dayandırıb?”. Öz aləmində vurğulamaq istəyib ki, aclıq aksiyası keçirməklə Saleh bəyin məqsədi azadlığa çıxmaq yox, Azərbaycan hakimiyyətini gözdən salmaq olub.
Əvvəla, Saleh bəyin aclıq aksiyası Demokratiya Sammitindən sonra da bir həvtəyədək davam edib. İkincisi, Saleh bəyin aclığı nə zaman dayandırması nə bizdən, nə Saleh bəydən asılı idi. Bu məsələ birbaşa hökumətdən asılı idi. Hökumət Saleh bəyə qarşı qərəzli davranıb, onu Zəfər amnistiyasından kənarda qoymasaydı, bu aclıq aksiyası heç yerli- dibli olmazdı. Ya da aclığın davam etdiyi istənilən gün onu azad etsəydilər və ya azad edəcəklərini dövlət adından vəd etsəydilər, onda da aclıq aksiyası dayanacaqdı.
Saleh bəy aclıq aksiyasını onda dayandırıb ki, ona dövlət adından azad ediləcəyi vəd olunub.
Ağlınız kəsərdi, Demokratiya Sammitindən daha əvvəl, hətta beynəlxalq reaksiyalar gəlməmiş Saleh bəylə danışardız, azad ediləcəyinə təminat verərdiz, aclıq da bitərdi. Bir də ki, bütün dünyada rüsvay olmuşları yenidən rüsvay etmək üçün kim 41 gün aclıq edər? Azərbaycan xalqı bunu başa düşmürmü?
Bəs digər siyasi məhbusları nəyə görə azad edib, ölkəni beynəlxalq qınaqdan qurtarmırsınız? Bəlkə Saleh bəy sizə icazə, imkan vermir? Azərbaycanı bütün dünyada rəzil edən polis zorakılığını damı Saleh Rüstəmli sifariş verib? Bütün dünyada dövlət səviyyəsində verdiyiniz işgəncələrlə tanınırsız. İşgəncə verməyidəmi sizə Saleh bəy tapşırıb?
Özünüzü xalqa güldürməyin. Saleh Rüstəmli azadlığı üçün ölüm – dirim mübarizəsi aparmış cəsur bir Qarabağ qazisidir. Heç bir siyasi iddiası da yoxdur. Onun adı ləkə götürməz.
Aclığın 41-ci günündə, komaya düşdükdən sonra – ölümün bir addımlığında olanda Saleh bəyə azad ediləcəyini vəd etmisiz, o da aclığı dayandırıb. Aranı qatmadan, gündəmi dəyişmədən verdiyiniz sözü tutun. Saleh Rüstəmlini azad edin, bu söhbət də bitsin.