Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Saleh Rüstəmli azad edilmir ki edilmir. Guya dövlət təminat vermişdi, amma hansı dövlət? Dövlət varmı ki, nəyəsə də təminat versin? Gərək təminat İlham Əliyevdən alınaydı.
Əliyev ermənini də azad edər, iti də azad edər, pişiyi də, bizləri əsla. Özü neçə dəfə mavi ekranlardan açıq etiraf edib ki, onun üçün erməni bizlərdən yaxşıdır.
Lakin niyə erməni onun üçün bizdən yaxşıdır? Çünki ermənilər şəxsən Əliyevə qarşı heç nə etməyiblər, nə ediblərsə elə Əliyev rejiminin özü kimi Azərbaycan dövlətinə və xalqına qarşı ediblər: 1 milyondan artıq azərbaycanlı qaçqın düşüb, 20 min nəfərdən çox öldürülüb, 50 min nəfərdən çox əlil olub, 4 min nəfərə yaxın əsir və itkin düşüb, Xocalı qətliamı törədilib, yaşayış yerlərimiz viran qoyulub və sair. Bir sözlə, hüceyrələrinə qədər nifrətlə dolu bir xalq düşməninə nə edə bilərsə artıqlaması ilə edib.
Əgər müqayisə ediriksə, bu rejim 2 milyondan çox vətəndaşımızı ölkədən didərgin salıb, öz xalqına qarşı Tərtər qətliamını törədib, dövləti dağıdıb yerlə-yeksan edib. İşğala gəldikdə isə elə həmin 30 ildir torpaqlarımızın altı və üstü, xalqımızın bütün əqli, milli, mənəvi resursları bir klanın işğalı altındadır. Dövlər rəzil, xalq zəlil gündə, erməni bundan artığını etməyəcəkdi ki. Və başqa cür ola da bilməzdi. Bu rejimin sütununu 90-91 – ci illərdə Azərbaycan bayrağı ilə ayaqqabılarını silənlər qurublar.
Biz isə dövləti dövlət etmək uğrunda vuruşuruq, haqq, ədalət, qanun, azad məhkəmə, azad söz, azad seçki istəyirik, oğurlama, talama deyirik. Məsləki oğurluq, talançılıq olan bir rejim üçün bundan artıq düşmənçilik olarmı?
Amma mən patriot adamam, Bütün bu 30 ildə dövlətimizə, xalqımıza etdiklərinə rəğmən mən erməni bunlardan yaxşıdır demirəm, fərqi yoxdur deyirəm.