AXCP sədri Əli Kərimli
Saleh Rüstəmli bir ay davam etmiş aclığın işgəncəsi ilə hər gün, hər saat ölümə daha da yaxınlaşır. Etiraf edirəm ki, biz əqidə dostları üçün Saleh bəyin gözümüz önündə məhv edildiyini müşahidə etmək xüsusilə çətindir.
Açıq bəyan edirəm ki, Saleh bəyin ölümünü sonadək oturub səssizcə izləyə bilmərik. Heç bir çarə qalmasa, Saleh Rüstəmliyə azadlıq tələbilə yenidən küçə və meydanlara çıxmağa da hazırıq. Bədəli nə olursa olsun. Ancaq hazırda bunu da edə bilmirik. Saleh bəyin azad edilməsi məsələsini hökumət rəsmilərilə müzakirə edən hüquq müdafiəçilərinin “indiki şəraitdə siyasi münasibətləri radikallaşdırmamaq” təklifini nəzərə alırıq. Hökumətə əlavə bəhanə verməmək üçün səbr edirik. Hazırda Saleh bəyin azadlığa çıxmasından, onu xilas etməkdən önəmli heç bir məqsədimiz yoxdur. Saleh bəyin həyatı bizim üçün hər cür siyasətin fövqündədir. Ancaq hakimiyyət nə vaxta qədər uzadacaq bu sadə məsələnin həllini? Saleh bəyin daha artıq dözmək imkanı yoxdur axı.
Bir ay davam edən aclığın ağrı və əziyyəti 58 yaşlı Saleh bəyin səhhətini artıq çox pisləşdirib. Onun səhhətinə heç vaxt bərpa olunmayacaq zərər vurub. Saleh bəyi günü bu gün azad etsələr belə, onun sağlamlığı tam bərpa olunmayacaq. Hakimiyyət hansı motivlə uzadır problemin həllini? Ləngimədə məqsəd nədir? Saleh bəyin məhvimi, ömürlük əlil olmasımı, yoxsa ümidi üzülən insanları növbəti etiraz aksiyasına təhrik etməkmi?
Saleh bəy artıq dözə bilmir. Ona görə də işgəncənin bitməsi üçün sabahdan sudan da imtina edib ölümünü sürətləndirəcəyini bildirib. Onun ölümünü təsəvvür belə etmək istəmirəm. Ancaq hakimiyyət də anlamalıdır ki, Saleh bəyin məhbəsdə ölümü ölkədə siyasi böhranı pik həddinə qaldırar, fəlakət ssenarilərinə yol açar.
Saleh bəydən xahiş edirəm ki, həyatına qəsd etməsin. Heç bir halda quru aclığa başlamasın. Onun nəinki cəmiyyət, dostları qarşısında, himayəsində olan övladları qarşısında məsuliyyəti var. Hakimiyyətə də, cəmiyyətə də bir neçə gün əlavə vaxt versin.
Hakimiyyətə də müraciət edirəm ki, Saleh bəyi azad etməyi ləngitməsin. Biz də istəmirik Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşü və digər vacib görüşlər ərəfəsində Azərbaycan yenidən etiraz aksiyası və həbslərlə dünyanın gündəminə gəlsin. Ancaq bu dövlət, millət marağını bir dəfə hökumət də nəzərə almalıdır. Saleh bəyi tezliklə azad edin. Bu tək müxalifətin deyil, artıq bütövlükdə xalqın tələbidir. Vaxt hamımızı sıxır.