Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Məsələ aydındır.
1.Fikirləşir ki, öncə Mehman Hüseynov, sonra Tofiq Yaqublu, artıq aclıq aksiyası və ictimai basqının nəticəsində azadlığa çıxmaq trendə çevrilir, “pis” təcrübə yaranır, bunun qarşısı alınmalıdır.
- Navalnı 23, Saakaşvili 42 gün aclıq edəndən sonra Alekseyin yanına müstəqil həkimləri buraxdılar, Mişanı reabilitasiya mərkəzinə köçürdülər və aclıq aksiyası bitdi. İndi düşünürlər ki, biz nədən zəiflik göstərib Tofiq Yaqublunu azad etdik ki?! Biz dirəşək, Saleh Rüstəmli ölüm ayağında geri çəkiləcək.
Çox səhv və dayaz yanaşmadır.
- Navalnının həbsi birbaşa, Saakaşvilinin həbsi dolayısı ilə Putinin sifarişidir. Putin diktatordur, tirandır, amma dünya avtoritarizminin, o cümlədən Azərbaycan kleptokratiyasının dayağı olan müstəqil və güclü, öz ayaqları üstündə duran və cəmiyyətdən kifayət qədər dəstəyi olan siyasi fiqurdur. Rusiya kimi bir dövlətin lideridir. Onun ayaqqabılarını çox adam geyinə bilər, ancaq onun yerişini hər müstəbid yeriyə bilməz.
- İstər Saakaşvili, istər Navalnı ciddi iddiaları olan siyasətçilərdir, öz ölkələrinin müxalifətinin birinci şəxsləridir. Onların gələcəklə bağlı böyük planları və perspektivləri var. Onlar üçün aclıq həm də siyasi mövqelərini gücləndirən etiraz mexanizmidir. Onlardan fərqli olaraq Saleh Rüstəmlinin heç bir siyasi iddiası yoxdur, siyasi kapital yığmır, Moskvaya qayıdıb ailəsi ilə birlikdə həyatını davam etmək istəyir. Sadəcə, 58 yaşlı ləyaqətli bir insana yaşadılan bu qədər haqsızlıq onu cana doydurub və adam ölümünü gözə alaraq bu zülmü bitirmək istəyir. Hansı yolla olur olsun, azad olmaqda qərarlıdır.
- Saakaşvili də, Navalnı da siyasi liderləridir, onları ölkələrində sevən, bəyənən qüvvələr olduğu kimi, sevməyənlər də az deyil. Məsələn, Gürcüstanda Saakaşvilinin partiyası azad və şəffaf seçkini (inzibati müdaxiləni istisna etmirəm) az fərqlə uduzub. Aleksey Navalnının Rusiyadakı reytinqi heç vaxt 10 faizi keçməyib. Saleh Rüstəmli isə Azərbaycana torpaq qazandıran gerçək bir qəhrəmandır. Başkənd əməliyyatı onun tərcümeyi-halının elə bir şərəfli səhifəsidir ki, o bununla adını Azərbaycan xalqının qəlbinə əbədi sevgi ilə yazıb. Saleh bəyə olan ümumxalq rəğbətini görməmək, duymamaq imkansızdır. Məhz bu səbəbdən ona olan ədalətsizlik cəmiyyətin bütün kəsimlərində hakimiyyətə qarşı qəzəb və nifrət yaradıb. Bu günədək özünə hörmət edən bir fərd belə Saleh Rüstəmliyə qarşı edilən haqsızlığa bəraət qazandırmaq cəhdində bulunmayıb, çünki bu cəmiyyətlə, ictimai fikirlə açıq qarşıdurmaya getmək olardı.
Bunları düşünün, yaxşı-yaxşı düşünün. Saleh Rüstəmlinin ölümündən qazancınızın, yoxsa itkilərinizin çox olacağını düşünün. Onu da düşünün ki, siz ölümün gözünə dik baxan, həbsə sevə-sevə girib, gülə-gülə çıxan, işgəncə qarşısında belə sınmayan, bir Vətən sevdasına bütün həyatlarını uf demədən qurban verən insanlarla üz-üzəsiniz.
Və bu yolda öldü var, döndü yoxdur.