AXCP sədri Əli Kərimli
Bir il öncə “10 noyabr atəşkəs razılaşması imzalanmasaydı 1-2 günə Qarabağı və oradakı 25 minlik erməni ordusunu tam itirəcəkdik” deyən Paşinyan yenidən haradansa cəsarət tapıb “Qarabağ Ermənistandır” deməyə başlayıb. Həm də təkcə bu sözləri deməyib. Azərbaycanı təhdid edən xeyli açıqlamalar verib. Demək olar ki, qayıdıb 2-ci Qarabağ savaşından əvvəlki ritorikaya. Ancaq ötən il savaşdan sonrakı günlərdə təsəvvür etmək belə çətin idi ki, cəmi 1 ildən sonra Paşinyan yenidən “Qarabağ Ermənistandır” deməyə cəsarət edəcək. O zaman biz hərbi zəfərin yaratdığı eyforiyada idik. İlham Əliyev “Ermənistan kapitulyasiyanı qəbul edib”, “ərazi bütövlüyümüz təmin olunub”, “Qarabağ münaqişəsi həll olundu, tarixdə qaldı” təbliğatı ilə xoşgörülü sadə insanlarımızı aldada bilirdi. İctimai rəyin aldadılıb, manipulyasiya edildiyi həmin günlərdə də biz müxalifət olaraq həqiqəti söyləməkdə davam edirdik. Xalqımıza izah edirdik ki, təəssüf, münaqişə bitməyib. İzah edirdik ki, Rusiya 10 noyabr üçtərəfli razılaşması ilə Azərbaycanın qələbəsini oğurladı, Ermənistanı labüd və birmənalı məğlubiyyətdən xeyli dərəcədə xilas etdi. Xalqımıza izah edirdik ki, sizi aldadırlar, Türkiyə sülhməramlı əməliyyatında rol almır, Rusiya ordusu Azərbaycana qayıtdı və Qarabağa yenidən əl qoydu. Təəssüf ki, bütün dediklərimiz doğru çıxdı. İndi hamımız düşünürük ki, Paşinyan bu cəsarəti haradan alıb. Məncə, sualın cavabı üzdədir, göz qabağındadır. Paşinyan artıq Qarabağdakı erməni əhaliyə və silahlı terrorçulara görə narahat deyil. Görür ki, Rusuya onları Ermənistandan da yaxşı qoruyur. Hətta hərbçilərimizə qumbara atan erməni terrorçusunu belə bizdən qoruyur. Paşinyan Laçın dəhlizinin ordumuz tərəfindən bir gün bağlanacağından da qorxmur. Bilir ki, İlham Əliyev Putinlə imzaladığı sənəddə bu dəhlizin təhlükəsiz olacağı öhdəliyini götürüb və bu öhdəlikdən imtina edə bilməz. Paşinyan ondan da arxayındır ki, Azərbaycan Ermənistanın dünya tərəfindən tanınan sərhədlərini də pozmayacaq. Bilir ki, delimitasiya olunmamış sərhəddə postların bir neçə yüz metr irəli – geri çəkilməsi də ölkəsinə və ona heç bir təhlükə yaratmır. Ona görə də biz indi özümüzə “Paşinyan haradan cəsarət alıb?” sualı əvəzinə “Paşinyan bizdən nəyə görə qorxsun ki?” sualını verməliyik. İlham Əliyevin dəvətilə Azərbaycana yerləşmiş Rusiya ordusu hər yerdə əl – qolumuzu bağlayıb. Hətta Şuşa ətrafındakı terrorçuları belə tərksilah etməyə imkan vermirlər. Zəngəzurda da artıq Rusiya ordusu yerləşdirilib. Ermənistan ərazisini də Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü kimi Rusiya qoruyur. Beləliklə, Paşinyanın Azərbaycana yenidən meydan oxumasının səbəbi uzaqda deyil, İlham Əliyevin səhv siyasətindədir, Rusiya ordusunu yenidən Azərbaycana qaytarmasındadır.