İlham Əliyev «mən nəyi nə zaman etməyi hamıdan yaxşı bilirəm» hökmünü daxili siyasətə pərçim edə bilərmi?
Qənimət Zahid
Əlbəttə, o, təkbaşına müharibə elan edə bilər, müharibəni dayandıra bilər, sülh danışıqları apara bilər, hərb danışıqları gətirə bilər, xırda balıqları tutub hülqumuna doğru ata bilər, böyük pulları zərif üsullarla oğurlaya bilər,.. qərəz dünyanın bütün başqa bəzəkli və ya bəzəksiz diktatorlarının doğru bilərək atdığı bütün addımları ata bilər.
Amma mülki vətəndaşların ölümünə açıq və ya gizli sərəncam verə bilməz. Bunu edir, əlbəttə, amma bunun bir cinayət olduğunu da kimsə inkar edə bilməz.
Onun korrupsiyasına bəraət qazandıran «ictimai müdriklik» elementləri də ola bilər: «bal tutan arı pətəyini hop eləyib udar». Yaxud «kim oğurlamır ki?» şəklində başqa versiyaları səsləndirənlər də ola bilər.
Onun sərt repressiyalar, dövlət hakimiyyətini ailə maraqlarının içinə dürtmək siyasətinə də haqq qazandıranlar ola bilər: «bizim xalq demokratiyaya hazır deyil », yaxud da « dövlətimiz gəncdir, tədricən inkişaf etməliyik»- filan və bəsməkan şəklində…
Amma «kim öldürmür ki?!» arqumentini səsləndirənlərə heç zaman rast gələ bilməyəcəksiz.
Diktaturanın və diktatorun insan öldürmək şakərini malalamaq kimsənin ağlına gəlmir və heç zaman da heç bir abırlı və ya abırsız adam «kim öldürmür ki!» iddiası ilə cavab verə bilməz.
İlham Əliyev Saleh Rüstəmlini öldürmək qərarı veribsə, bu qərar «mən nəyi nə zaman etməyi hamıdan yaxşı bilirəm» hikkəsinin də içinə daxil olmayan qərardır. Onun bəraəti yoxdur !