Rayon ziyalıları Prezident Administrasiyasında oldular, hakimiyyətə aksiya xəbərdarlığı etdilər
“Masallı ziyalılarının ictimai birliyi” adlı təşkilatın 50-yə qədər üzvü dünən Bakıdaydı. Onlar öncə Prezident Administrasiyasında oldular, sonra isə jurnalistləri ətraflarına toplayıb mətbuat konfransı keçirdilər. Konfransın aparıcısı, təşkilatın sədri Məmmədağa Eynullayev bildirdi ki, onları rayondan bura gətirən səbəb Masallıda olan özbaşınalıq, yeni icra başçısının qanunsuz əməlləridir. Eynullayev bildirdi ki, bəzi media orqanları yeni icra başçısından şikayət edəndə onları Əhəd Abıyevin və keçmiş başçı Qəzənfər Ağayevin adamları kimi qələbə versələr də həqiqət belə deyil. Onlar Qəzənfər Ağayev və Abıyevləri indiki başçı Rafiq Hüseynov qədər qanunlara etinasız, insanlara sitəm edən şəxs kimi tanıyır və qəbul edirlər.
Eynullayevin sözlərinə görə, Q.Ağayevdən sonra rayonda vəziyyətin dəyişəcəyini gözləsələr də, qısa müddətdə yeni başçı onların hamısını məyus edib. Bildirilir ki, başçı rayon əhalisinin insan kimi yaşamaması üçün əlindən gələni də, gəlməyəni də edir: “Rayona ayrılan vəsaitlər mənimsənilir. Təmir adı altında əslində talançılıq aparılır. Yerli əhalinin dərd-sərini dinləyən yoxdur”.
Rafiq Hüseynov rayona gələn kimi Masalıdakı “Istisu”da “Nağıllar ailəmində” yerləşib. Bunu deyərək Eynullayev qeyd etdi ki, ziyalıların, Bakıya şikayətə gələnlərin məqsədi başçını “nağıllar aləmindən” ayırıb Masallı gerçəklərinə qaytarmaqdır.
Masallı gerçəkləri deyərkən isə o, konkret bu halları sadaladı: “Rayon təhsil şöbəsinin müdiri Aslan Ibişovun pedaqogikadan xəbəri yoxdur. O, uzun ömrünü bir şeyə həsr edib: mal alverinə və qəssablığa. Bu gün toplamaq mümkün olsaydı, onun kəsdiyi malların qanından yeni bir Nil çayı əmələ gələrdi. Bu adamı təhsil kimi humanist sahəyə rəhbər qoymağın anlamı nədir?”.
Icra hakimiyyətinin təhsilə cavabdeh şəxsi Nəsir Muxtarlı da bir gün şagird qarşısına çıxmayan insandı. Onun bu dəqiqə əsas işi məktəb və müəllimlərdən pul qoparmaqdır. Ildə iki dəfə müəllimlərdən abunə üçün pul yığılır. Bizim hesablamamıza görə, bu, təxminən 250 min manat edir. O pulun 30-40 mini gedir dövlət qəzetlərinə, yerdə qalanını isə “mətbuat yayımı”, təhsil şöbə müdiri və başçı pay-puş edir”.
Bunlardan başqa, Eynullayev dedi ki, başçı cəmi iki il əvvəl rayonda təmir olunan Şəhidlər abidəsini, icra hakimiyyəti binasını, Heydər Əliyev mərkəzini yenidən söküb təmir etdirir. Təbii ki, burda abadlıqdan daha çox vəsaitləri mənimsəmə marağı rol oynayır.
Birlik sədrinin sözlərinə görə, vətəndaşlar öz problemlərini demək üçün başçının qəbuluna düşə bilmirlər. Başçı vətəndaşları görməmək üçün qapısının önündə çoxqatlı sipər çəkib. Birinci sipərdə vətəndaşları müxtəlif idarə və müəssisə rəhbərləri qarşılayır, onlar şikayətçini qorxu, şantajla geri döndərir, bu mərhələni aşanı ərazi icra nümayəndəsi və bələdiyyə sərdləri qarşılayır – onlar da müxtəlif üsulla başçıya gedən yolda maneə olur. Bu sipəri aşandan sonra icra hakimiyyəti işçiləri şikayətçiləri başdan etmək üçün səy göstərirlər. Burdan ötüşəndən sonra şikayətçi nəhayət, başçının otağına girir, amma burda onu yox, Nadir Abiyevi – birinci müavini görür. O isə hamını başdan edir.
Natiq Masallıda sahibkarlara qarşı səlib yürüşünün davam etdiyini də dilə gətirdi. O dedi ki, sahibkarların biznesinə başçı səviyyəsində əngəl yaradılır, iş adamlarından xərac toplanır: “Sahibkarların 80 faizini keçmiş, qalan 20 faizini də indiki başçı dövlətdən narazı salıb. Bu narazılar gələnilki seçkidə kimə səs verəcəkləri barədə artıq düşünürlər”.
Rayon müəllimi Ramil Ibadullayev də başçını savadsız və korrupsioner olmaqda ittiham elədi.
O dedi ki, başçı yeni gələndə onun qəbulunda olaraq deyib ki, rayonda əhalinin dövlətə ümidləri ölüb, qarşıdan seçki gəldiyindən bu haqda düşünsün.
Başçısının cavabı orijinal olub: cənab prezidentin sizin səsinizə ehtiyacı yoxdur. O, qlobal iş gördüyündən onsuz da camaat onu seçəcək.
Ibadullayev başçının cılız yerlipərəstlik siyasəti yürütdüyünü də dedi. O bildirdi ki, başçı yerli kadrları seçmək yerinə, Bərdədən kadrları rayona daşıyır.
Ibadullayev PA-da Vəfadar Bağırov adlı kuratorla görüşlərindən də danışdı. O dedi ki, Bağırov onların başçıdan olan şikayətlərinə qeyri-səmimiyyət göstərib, çünki onun başı Rafiq Hüseynovun yanında aşağıdır.
Hikmət adlı rayon sakini isə bildirdi ki, keçmiş başçının sifarişi ilə işdən qovulub. Nə yeni başçı, nə də şikayət etdiyi başqa dövlət orqanları sifarişin fəsadlarını aradan qaldırmaq üçün onun müraciətlərinə məhəl qoymur: “Əksinə, indi prokurorluq torba tikir ki, məni tutub səsimi kəssin. Mən burdan üzümü prezidentə tutub deyirəm: ”Ay prezident, bu Masallıya rəhbər yollamağa adam tapmırsınız?”.
Rasim Alışov adlı sahibkar isə dedi ki, yerli rəhbərliyin özbaşınalığı və qanunlara açıq hörmətsiliyi ucbatından o, uzun illər qazandığı pullarını itirib. O bildirdi ki, bütün sənədləri qaydasında olsa da, icra başçısı qəsdən onun mağazasını iki dəfə sökdürüb, yenisini isə tikməyə icazə vermir.
Səyyar Quliyev adlı rayon sakini isə şikayətləndi ki, həyatyanı sahəsində ev tikməyə icazə vermirlər, baxmayaraq ki, onun da bütün vacib sənədləri var. Qadağa üçün gətirilən səbəb maraqlıdır: Çünki onun ərazisi YAP-ın ofisinin önündədir. YAP-çılar isə kasib bir evin onların gözünün önündə ucalmasını istəmir.
Birliyin ağsaqqaları adından danışan Kərbəlayı Qafar, Hacı Teymur durumun belə davam etməsinə seyrçi qalmayacaqlarını, müxtəlif tipli aksiyalara əl atacaqlarını bildiriblər. Həm də birlik üzvlərinin təqib, şantaj yolu ilə həbsləri baş verərsə, buna görə rayon rəhbərliyinin məsuliyyət daşıyacağı nəzərə çatdırılıb.
Natiq Güləhmədoğlu