Hümbət Məmmədov: «Əflatun Piriyevin ölümü mənə yox, Hacı Ibrahimə və Rizvan Vahabova sərf edir»
2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən bir qətl hadisəsi ölkə gündəmini dəyişdi. Belə ki, paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanması şok effekti yaratdı. Hadisədə təqsirli bilinən şəxslər – Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov həbs olunub və hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam etdirilir…
“Ərəstun Piriyevin dedikləri yalandır”
Əflatun Piriyevin qətlinə görə həbs olunan Hümbət Məmmədov “Azadlıq”a göndərdiyi məktubda maraqlı məqamlara toxunub. Belə ki, Məmmədov mərhumun qardaşı Ərəstun Piriyevin qəzetimizə müsahibəsini həqiqətdən kənar hesab edir. Yazır ki, Ərəstun Piriyev Hacı Ibrahim Ibrahimli və Rizvan Vahabovun oyuncağıdır: “Guya mən Vaqif Məmişovun şirkətində işlədiyim zaman pul köçürmələrində ikili köçürmələr etmişəm, Vaqif Məmişov kimi milyarder bir adamın o qədər mühasibi, o qədər köməkçisi var ki, orada ikili köçürmələr etmək qeyri-mümkündür. Hətta balaca bir müəssisədə, ödəniş kağızının altında ya müqavilə olmalıdır, ya da pulun hara köçürüldüyü barədə sənədlər. Əflatun Piriyevin savadı olmadığından belə məlumatlar verib. Ərəstunun Murad adlı şəxsə 5000 dollar pul atmağımla bağlı elə həmin şəxsdən soruşmaq lazımdır. 2004-cü ildən Bakıdayam, ona borclu idimsə, niyə bir dəfə olsun gəlib pulunu istəmədi? Ərəstun məni ancaq aldatmaqda ittiham edir. Novruz adında birisini aldatmışam. Söz deyəndə diqqətli olmaq lazımdır. Mənim Novruz adlı tanışım olmayıb. Tanıdığım Novruz adlı şəxs Vaqifin dayısıdır. Istəyirsinizsə, telefonunu verim, ondan soruşun”.
Hümbət Məmmədov məktubunda yazır ki, 2008-ci ilə kimi Rusiyada şirkəti olub: “Ərəstun deyir ki, Əflatun Piriyevə də pul atmışam. 2004-cü ildə Bakıya gələnə qədər Əflatun ”Avesta” konsernində vitse-preizdent olub və maaş alıb. Əksinə, mən tikinti biznesinə baş vurandan sonra onu özümə şərik etmişəm. Mərhumun pulu olmayıb axı, onu da oğurlayım”.
Məktubun müəllifi Ərəstun Piriyevin qəzetimizə onun əmlaklarının siyahısıyla bağlı deyilənlərə də aydınlıq gətirib: “Sumqayıtdakı Şüşə zavodu, Zərifə Əliyeva parkının yanındakı şadlıq evi, Ukraynada, Rumıniyada, Rusiyada biznesimin olmasıyla bağlı deyilənlər yalandır. Istənilən adam araşdırma apara bilər. Salyanın icra başçısı Tahir Kərimova 400 min manat kömək eləməyimlə bağlı dediyi də böhtandır. Ikincisi, biz həm də qohumuq”.
“Hacı Ibrahim mərhum Əflatun Piriyevi mənə qarşı qoydu”
Hümbət Məmmədov məktubunda daha maraqlı məqamlara toxunur. Yazır ki, 2005-ci ildə Hacı Ibrahim Ibrahimlinin seçki kampaniyasına 350 min dollar pul xərcləyib. Üstəlik, Ibrahimlinin 2006-cı illərdə Çin vətəndaşlarına atdığı 230 min dolları prokurorluqda ödəyib, həbsdən xilas etdiyini bildirir: “Bu pulların geri qayıtmasına təminatı mərhum Əflatun Piriyev verib. Mərhuma dedim ki, Hacı Ibrahim pulumu qaytarmaq istəmir. Istəyirdim ki, ”Gənclik”dəki şərikinə inşa etdiyimiz binadan ona çatacaq paydan öz pulumu götürüm. O isə mənə dedi ki, sən öz pulunu “Papanin”dəki tikilən binadan götürərsən. Əflatun Piriyevlə münasibətimiz çox yaxşı idi. Yaxşı işlədiyinə görə, “Gənclik”dəki binadan pul şəklində hesablasaq, 500 min manat hədiyyə etdim (400 kvadrat metr olan mənzil sahəsi və 4 qaraj). “Nizami” metrosunun arxasındakı binadan öz payımdan 36 min manat (200 kvadrat metr olan mənzil sahəsi və 2 qaraj) hədiyyə etdim. Bundan başqa, hər ay 2000 dollar maaş verdim. Tikinti başa çatana qədər ona 59 min dollar maaş vermişəm. Halal xoşu olsun”.
Hümbət Məmmədov sonra əlavə edir ki, “Azər Ross IK” MTK-ya təsisçi edəndən sonra mərhum Əflatun Piriyev tamamilə dəyişdi: “Mənə dedi ki, Hacı Ibrahimə torpaq üçün vermiş olduğum 850 min dollar başqa yerə xərclənib. Əgər bunu kimsə bilsə, onu məhv edəcəklər. Narahat olduğumu görəndən sonra Əflatun mənə dedi ki, 580.000 dolları (seçkiyə görə 350 min dollar, Çin vətəndaşlarına 230 min dollar) ”Papanin”dən götürərsən. Əflatun Piriyevin Ibrahim Ibrahimovun bu dələduzluğunu üstünü ört-basdır etməsi məni şübhələndirdi. Dedi ki, vaxtı gələndə deyərəm. Həqiqətən Hacı Ibrahimin Əflatundan çəkindiyini indi başa düşürəm. Hacı Ibrahim əvvəlcə mərhumu əleyhimə döndərdi. Hər şey 2010-cu ildə açıldı”.
“Hacı Ibrahim 600 min, Rizvan Vahabov 300 min dollar Rəsul Quliyevə verdi”
Hümbət Məmmədov Hacı Ibrahim baş mühasibi Vaqif Bağırovu həbsə salmaq istədiyini qeyd edir: “Guya Vaqif 2 milyon manat pul oğurlayıb. Işin üstü elə onda açıldı. Əflatun Piriyev mənə yaxınlaşıb dedi ki, Vaqifi tutdura bilməz. Səbəbini soruşdum. Mərhum dedi ki, Hacı Ibrahim Rizvan Vahabovla 2005-ci ildə Rəsul Quliyevin gəlişi üçün pul veriblər. Hacı Ibrahim 600 min, Rizvan 300 min dollar verib. Rəsul Quliyev hakimiyyətə gələrsə, Rizvan neft şirkətinə prezident gələrsə, 30 milyon da əlavə verəcək. Əvvəlcə inanmadım. Sonra əlavə etdi ki, Hacı Ibrahim Əflatunun adına xüsusi sputnik telefonu alıb, həmin telefon vasitəsiylə Rəsul Quliyevlə mütəmadi əlaqə saxlayır. Hətta dedi ki, verilən pulun 500 min dollarını şəxsən özü Rəsul Quliyevin adamlarına çatdırıb”.
Bu, həmin Rizvan Vahabovdur ki, neft şirkətində idarə rəisi işləyəndə Azərbaycanın külli miqdarda malını talayaraq özünə sərvət toplayıb. Onun hazırda bir neçə yanacaqdoldurma stansiyaları, külli-miqdarda pulu, əmlakı var. Həmin əmlaklar əvvəllər Neft Şirkətinin balansında olub. Bütün bu əmlaklar onun rus milliyyətindən olan qaynanası Qoloveşkina Anna Sergeyevnanın adınadır. Bu əmlaklar bəs deyilmiş kimi, indi də o, mənim “Nizami” metrosunun arxasında tikdiyim binadan qeyri-yaşayış sahəsi almış vətəndaşların əmlaklarına saxta sənədlərlə göz dikib və həmin şəxsləri məhkəmələrdə incitməklə məşğuldur. Indi özünüz fikirləşin, kirvəm Əflatunun ölümü və mənim həbsdə yatmağım kimlərə sərf edir? Mənə, yoxsa Hacı Ibrahimlə Rizvan Vahabova? Yəqin ki, həbsdə yatmağım mənə sərf edir, əks halda mən də həyatda yox idim.
“Rizvan Vahavoun pulu və ”gücü” Əflatun və Hümbətinkindən qat-qat çoxdur”
Ərəstun Piriyev qəzetimizə açıqlamasında bildirmişdi ki, Hümbət Məmmədov Rizvan Vahabovu məhkəmədə udmaq üçün vəkil Alov Səfərəliyev ondan ümumi məbləğin 15 faizini istəyib. Vəkil bizimlə söhbətində 5 ilə yaxındır ki, həm “Azər Ross IK” MTK və “Volbak” şirkətilə əməkdaşlıq etdiyini bildirdi: “Hazırda Ağır Cinayətlər Məhkəməsində gedən cinayət işində Hümbət Məmmədovun vəkiliyəm. Mərhum Əflatun Piriyevi də yaxşı tanıyırdım. Çünki mərhum, direktor kimi hər bir məhkəmə işi ilə maraqlanır və bu işlərdə öz köməyini əsirgəmirdi. Çox işgüzar və enerjili, müsbət keyfiyyətlərə olan insan idi. Bu müddətdə bir vəkil kimi həmin şirkətlərin vergi və bank məsələləri ilə bağlı məhkəmə işlərini aparmış və nəticədə şirkətlərə külli miqdarda xeyir vermişəm. Bunun müqabilində həm Hümbət Məmmədov, həm də Əflatun Piriyev daim mənə öz təşəkkürlərini bildirmişdilər. Həm də deyirdilər ki, bunun əvəzini lazımi qaydada ödəyəcəklər. Ancaq mərhum Əflatun Piriyevin qətlə yetirilməsi və Hümbət Məmmədovun həbsi buna imkan vermədi. Mən indi də həmin işləri yüksək keyfiyyətlə və vicdanla həyata keçirirəm. Mənim şirəkətlərlə yalnız vəkil-müştəri münasibətlərim olub, başqa heç bir işinə müdaxilə etməmişəm. 15 faiz məsələsinə gəlincə, onu deyə bilərəm ki, burada hər hansı qanunsuzluğa yol verilməyib. Söhbət ancaq mənim vəkil kimi qonorarımdan gedə bilər. Bildirirəm ki, hansısa məhkəməni udmuşamsa, bu zaman qətnaməni mən yox, hakim qəbul edir. Ədalət tam müdafiə etdiyim şirkətlərin tərəfində idi. Söhbət puldan gedirsə, Rizvan Vahavoun pulu və ”gücü” Əflatun və Hümbətinkindən qat-qat çoxdur”.
Ramin DEKO