«İstərdim ki, mənim yaşadığım ölkədə demokratiya olsun»
«Heykəllərə xərclənən pulları, xalqın yaşayış tərzini yaxşılaşdırmağa yönəltmək olar»
91 saylı orta məktəbə qədəm basarkən bu təhsil müəssisəsinin köhnə olmasına baxmayaraq, çox səliqəliliyi diqqətimizi cəlb etdi. Məktəbin direktoru bizi mehriban qarşıladı və məqsədimizi bildikdən sonra Salehlə söhbətləşməyimizi məsləhət gördü. Xatırladaq ki, bu proyekt kiçik yaşlı və yeniyetməlik dövrünü yaşayan azərbaycanlıların ölkəmizdə və dünyada baş verən hadisələrə münasibətini, Azərbaycandakı proseslərin gələcəyilə bağlı proqnozları oxuculara təqdim etməyi nəzərdə tutur.
Saleh Rzayev bu məktəbin 11-ci sinfində təhsil alır. Saleh dərs əlaçısıdır. Yaxın günlərdə Icra Hakimiyyəti tərəfindən əlaçı şagirdlərə mükafat verilib ki, mükafatçılardan biri də Saleh olub. Mükafatın nə olduğunu soruşduq. Saleh dedi ki, “DVD”dir, amma hələ ki, ondan istifadə etmir.
Ümumiyyətlə, Saleh əlaçı olduğuna görə heç kəsdən mükafat gözləmir. Amma verilən mükafatın onun istifadə edə biləcəyi predmet olmasını istərdi: “Məsələn, kompüter ola bilər”.
Qarşısına qoyduğu hədəf qəbul imtahanında 600-dən yuxarı bal toplayıb yüksək nəticə göstərməkdir. Siyasətlə maraqlanır, iqtisadiyyata da marağı var. O, Avropa universitetlərindən birində təhsil almaq arzusundadır. Dünya iqtisadiyyatındakı yenilikləri Azərbaycana gətirmək niyyətindədir.
Gənc “Robinzon” fərarilərə nifrət edir
– Hansı fənlərə marağın daha çoxdur?
– Tarixi, ədəbiyyatı xoşlayıram, amma, daha çox texniki fənlərə maraq göstərirəm. Bu maraq məndə kiçik yaşlarımdan var.
– Əlavə kitablar oxuyursanmı?
– Abituriyent olduğum üçün vaxt problemim olur. Əvvəllər çox kitablar oxumuşam. Dünya ədəbiyyatı mənə daha cazibəli gəlir. V.Hüqo, D.Defo kimi yazıçıların əsərlərini oxumuşam.
– Bu əsərlərdə sənə yaxın olan qəhrəman varmı?
– Konkret mənə yaxın olan obraz yoxdur. Amma elə xarakterlər var ki, mənə bir qədər yaxın görünür. Daniel Defonun əsərində Robinzon Kruzonun sadəliyini, həyat tərzini, daimi axtarış həvəsini buna misal göstərə bilərəm.
– Çevrəndəki gənclərin, şagirdlərin dünyagörüşü, maraq dairəsi, vətənpərvərlik səviyyəsi səni qane edirmi?
– Əgər məktəbimizdəki uşaqların vətənpərvərlik səviyyəsini nəzərdə tutursunuzsa, mənə elə gəlir ki, bu, başqa məktəblərlə müqayisədə daha yüksək səviyyədədir. Ümumilikdə götürdükdə isə, cəmiyyətdə gənclərin vətənpərvərliyi məni qane etmir. Varlıların əsgərlikdən yayınma halları mənim yaşıdlarım arasında çox müzakirə edilir və buna biz çox pis baxırıq. Bu hallar mənim yaşımda olan gənclərə mənfi təsir edir.
– Yaşıdların üçün hansı şəraitin yaradılmasını istərdin?
– Məktəbimizdə kimya, informatika və biologiya kabinetlərinin yaradılmasını istərdim. Bizim məktəbimiz 60 ilin məktəbidir. Məktəbimizin əsaslı təmirə ehtiyacı var, bunun tezləşdirilməsini istərdim. Bir məsələni də əlavə edim, indi internet əsridir. Bütün dünya sürətli internet xidmətindən istifadə edir. Amma bizdə hər kəs üçün bu şərait yoxdur. Mənim fikrimcə, Azərbaycan gəncləri də Avropa ölkələrində olduğu kimi, pulsuz və sürətli internetlə təmin olunmalıdır.
“Nədən Azərbaycanda demokratikləşmə daha tez olmasın?”
– Saleh sən necə düşünürsən, ölkəmizdə demokratiyanın səviyyəsi necədir?
– Azərbaycanda tam demokratik cəmiyyət mövcud deyil. Mən istərdim ki, yaşadığım ölkədə demokratiya yüksək səviyyədə olsun. Nədən olmasın? Şərqdə ilk respublikanı biz yaratmışıq, Məhəmməd Əmin Rəsulzadə yaradıb. Qadınlara ilk seçim haqqı bizim respublikamızda verilib.
– Demokratiyanın tam bərpası üçün çoxmu zamana ehtiyacımız var?
– Açığı, mən fikirləşirəm ki, bizim uzun zamana ehtiyacımız ola bilər. Məncə, bu proses 20 ilə qədər də davam edə bilər, yəni gec-tez məsələsi var. Amma nədən, bu, daha tez olmasın, bizim günlərdə olmasın?.. Bütün dünyada demokratikləşmə prosesi gedir, bizim də bu prosesdən kənarda qalmağımız mümkün deyil. Hətta ərəb ölkələrində də bu proseslər başlayıb.
– Bu prosesləri izləyirsənmi?
– Mənim həm də siyasətə marağım var. Təbii, zamanım olduqca izləməyə çalışıram.
– Bu proseslər barədə nə düşünürsən?
– Mənim fikrim belədir ki, əgər xalq demokratiya istəyirsə, bu onların haqqıdır. Onların haqqını vermək lazımdır. Misir prezidenti Mübarək 30 ildir hakimiyyətdədir və xalqı üçün heç nə etməyib. Buna görə də xalqın hakimiyyətinə izn vermək lazımdır. Mübarək getməlidir, mənə elə gəlir.
“Rəsulzadəyə bir heykəl də qoymurlar…”
– Necə fikirləşirsən, Məhəmməd Əmin Rəsulzadəyə dövlət tərəfindən yetərincə qiymət verilirmi?
– Xeyr, mən görürəm ki, Rəsulzadəyə dövlət tərəfindən qiymət verilmir. Nəzər saldıqda görürük ki, ölkənin hər yerində Heydər Əliyevin heykəlləri ucaldılır. Bəlkə də, o özü, ona bu qədər heykəlin ucaldılmasını istəməzdi. Bu heykəldən Rəsulzadəyə də ucaltmaq olar. Hər kəs gözəl bilir ki, bizim respublikanı Məhəmməd Əmin Rəsulzadə qurub. Bundan əlavə, bu heykəllərə xərclənən pulları, xalqın yaşayış tərzini yaxşılaşdırmağa yönələn layihələrə xərcləmək olar.
“Azərbaycanda daha çox Avropa standartlarına uyğun universitetlər olmalıdır”
– Məktəbdə aldığın təhsilin səviyyəsindən razısanmı?
– Başqa məktəbləri deyə bilmərəm, öz məktəbimizin təhsil səviyyəsi pis deyil. Amma universitetlərdə verilən təhsildən o qədər də razı deyiləm. Əgər Avropa Azərbaycan universitetlərinin diplomunu tanımırsa, bu ondan xəbər verir ki, bizim universitetlərdə təhsilin səviyyəsi yetərincə deyil. Avropa yalnız Qafqaz universitetini tanıyır. Bu da özəl universitetdir. 9 milyona yaxın əhalisi olan ölkə üçün bir universitet yetərli deyil. Üstəlik, bu məktəbdə də təhsil haqqının yüksək olması, bizim xalqın cibinə uyğun deyil. Mənim fikrimcə, Azərbaycanda daha çox Avropa standartlarına uyğun universitetlər olmalıdır. Mənim də məqsədim var ki, yüksək balla Azərbaycan universitetlərindən birinə qəbul olunum. Daha sonra isə, əgər 600 baldan yuxarı nəticə əldə etsəm, Avropada təhsil almaq fikrindəyəm. Daha səviyyəli təhsil almaq, gələcəkdə seçəcəyim peşəyə yaxşı yiyələnmək baxımından Avropa dünyada ən yaxşı təhsil verən bölgədir. Dövlətin siyasi xəttində var ki, 2007-2015-ci illər üzrə azərbaycanlı gənclərin xaricdə pulsuz təhsil almaq proqramı tətbiq edilsin. Mən istəyirəm ki, yüksək bal toplayıb xaricdə pulsuz təhsil almaq hüququnu qazanım. Təvazökarlıqdan uzaq olsa da, söyləməliyəm ki, mən özümə inanıram və yüksək balı toplayacağıma əminəm.
Gələcəyin iqtisadçısının fikirləri…
– Hansı ixtisasa yiyələnmək fikrindəsən?
– Mən beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunmaq istəyirəm.
– Gələcəkdə bizim ölkəmizdə iqtisadi sahədə hansı islahatları həyata keçirmək istərdin?
– Xalqın güzəranına təsir etmək üçün bəzi islahatlar aparmaq olar. Bir neçə illiyinə bəzi kommunal xərcləri yığışdırmaq olar. Azərbaycan bütün dünyaya neft-qaz ixrac eləyir, amma bilirik ki, bizim bəzi rayonlarımızda qazlaşdırma hələ də tam səviyyədə deyil. Bu problem yoluna qoyulmalıdır. Işsizlik də bizdə problemdir, xalqın böyük bir hissəsi işsizdir. Məncə, işsizliyi aradan qaldırmaqla əhalinin güzəranına müsbət təsir etmək olar. Bunun üçün də əsasən, bölgələrdə çoxlu zavodlar açmaq lazımdır. Zavod, fabrik şəbəkəsini genişləndirmək lazımdır. Bazar iqtisadiyyatına o lazımdır ki, işsizlər təbəqəsi aradan qalxsın.