Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Milli Şura hökumətdən uşaq pulu istəyəndə “pul yoxdur” deyənlər, bizdən maliyyə hesabatı tələb edənlər vardı ha, onlara xəbər vermək lazımdır ki, Azərbaycan xalqının ən azı 500 milyon dollar, yəni, 850 milyon manat (bəlkə daha çoxdur, üzə çıxan budur) vəsaitini Azərbaycan vətəndaşlarını dinləməyə xərcləyiblər.
Ölkənin kosmosa göndərilən süni peyklərinin də ölkə vətəndaşlarını güdməkdən, izləməkdən, yataq otaqlarındakı danışıqlarını qeydə almaqdan başqa bir işi yoxdur. Bu peyklərə yalnız bizi güdmək üçün milyard dollardan çox vəsait xərclənib ( təbii ki, bu məbləğin ən azı yarısını korrupsiya yolu ilə oğurlayıb ofşorlara yönləndiriblər).
Ay millət, siyasətə qarışmağı ona görə cəmiyyətə təhqir, xəyanət, pis iş olaraq təlqin edirlər ki, öz çirkli, iyrənc əməllərini rahatlıqla, heç bir ictimai nəzarət və müqavimət olmadan gerçəkləşdirə bilsinlər.
Ofşorlara danışan milyardlar da, yurddaşlarımızın mətbəxinin, yatağının güdükçülüyünü etmək üçün xərclənən yüz milyonlar da sizin balalarınızın boğazından kəsilən uşaq puludur, ağrıdan qovrulan Qarabağ qazisinin müalicə puludur, şəhidin 1997-ci ildən bəri eyni rüsvayçı səviyyədə qalan qan puludur, kəsilən pensiyalarınızdır, bağlanan iş yerlərinizdir, karantin dövründə ala bilmədiyiniz dövlət dəstəyidir.
Biz nə edək ki, bunu əziz millətimizə anlada bilək?! Biz nə edək ki, “əşşi, müxalifətçiləri güdürlər, bizə nə?!” deyib biganəliyinizlə bundan da qara günlərinizin təməlini qoymayasınız?!