AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
İlham Əliyevin Putinin çağırışı ilə Moskvaya gerçəkləşən səfərinin məqsədi barədə dəqiq məlumat verilməsə də, səfərin vaxtı onun əsl məramını təxmin etməyə imkan verir. Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramındakı 6 ölkədən üçünün – Gürcüstan, Ukrayna və Moldovanın AB-yə qoşulmaq istəklərini bəyan edən sənəd imzalaması Moskvanı ciddi şəkildə narahat etməkdədir. Bu hadisə postsovet məkanını özünün maraq dairəsi hesab edən Rusiyanın geosiyasi iddalarına ziddir və Moskvanın təsir dairəsini məhdudlaşdırır. Bu bəyanatının imzalanması mərasimində AB Şurası sədri Şarl Mişelin iştirakı və onun region ölkələrinin rəhbərləri ilə AB-yə inteqrasiya istiqamətində danışıqlar aparması Moskvanın narahatlığını daha da artırıb. Məhz bu ərəfədə Putinin İlham Əliyevi Moskvaya çağırması ehtimal ki, bu narahatlıqla bağlıdır və Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakını əngəlləməyə yönəlib.
Bu görüş barədə verilən məlumatda iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndiriləcəyi və yaxınlarda bu məqsədlə Rusiyadan böyük bir nümayəndə heyətinin Azərbaycana gələcəyinin bildirilməsi, əslində, zahirən Rusiyanın iqtisadi baxımdan AB-yə alternativ kimi təqdim olunmasına xidmət edir. Hərçənd, AB-nin Azərbaycana təqdim etdiyi iqtisadi imkanlar müqabilində ÜDM-i tək İtaliyanın səviyyəsində olmayan Rusiyanın alternativ kimi çıxış etmək iddiası sadəcə ironiya doğura bilər.
Ancaq bu, məsələnin görünən tərəfidir və Moskva da gözəl bilir ki, bu gün iqtisadi baxımdan Qərblə rəqabətə girmək, Azərbaycana sərmayələr yatırmaq, yeni texnologiyalar gətirmək iqtidarında deyil. Putinin İlham Əliyevlə görüşdə istəyi iqtisadi əməkdaşlıqdan daha çox, Azərbaycanın AB-yə inteqrasiyasını ləngitmək, KTMT-yə tərəfdaş ölkə kimi qoşulmasını təmin etmək və Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı dərinləşdirməsinin qarşısını almaq, Qarabağ məsələsində siyasi diplomatik nəzarətin Moskvada qalmasına, bölgədəki rus “sülhməramlılarına” hüquqi status verilməsinə nail olmaqdır. Bundan geri qalanı o qədər də əhəmiyyətli deyil. Çünki, Qərbin sanksiyaları qarşısında çətin durumda olan Rusiyanın Azərbaycana sərmayə qoymaq imkanları real deyil. Olsa-olsa Putin bu danışıqlarda dünyada bazarı daralmış rus silahının böyük miqdarda Azərbaycana satılması ilə bağlı Əliyevin üzərinə öhdəlik qoyub.
Bu sadaladığımız məqamlara görə ehtimal ki, İlham Əliyevin Moskvaya çağırılması Putinin ölkəmiz üzərinə yeni şərtlər və milli maraqlarımıza zidd öhdəliklər qoyması məqsədi daşıyıb.