İctimai fəal Bəxtiyar Hacıyev
Yenə dələduzlardan “siyasi məhbus” düzəltmək cəhdləri başlayıb.
Dələduzluq (başqasının etibarından sui-istifadə edərək, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə) Azərbaycanda geniş yayılmış, az hallarda cəzalandırılan, yarımçıq qanunlarımıza görə cəzalandırılması ağır olan cinayətlərdəndir.
İnsanlara ən böyük maddi və mənəvi zərər vuran cinayətlərdəndir həm də. Cibgir kiminsə cibinə girir, 100 manatını götürür. insan bilmir kim götürdü. Oğru evə girir, nə isə götürüb qaçır, bilmirsən kimdir bunu edən.
Amma dələduzluqda etibar etdiyin, normal adam bildiyin birinə illərlə zəhmət çəkib qazandığın pulu verirsən bir iş görmək, nə isə almaq üçün, o da yeyir, üstündən su içir və azadlıqda gəzir. Ard-arda məhkəmələrə müraciət edirsən, adını “borc” qoyub, heç nə etmirlər. Özüm dələduzluq qurbanı olmuşam, bunun necə ağır olduğunu yaşamışam. Ətrafımda da çox insan 200-200 000 AZN arası dələduzluq qurbanları olublar. Cəzasızlığın yayıldığını görən digərləri də başlayırlar dələduzluq üçün yeni yollar tapmağa.
İnsanların yüz minlərlə manatını al, iş görmədən o vəsaiti ye, dağıt, sonra pullarını qaytarma. Saxta sənədlər hazırla, minlərlə fədakar insan Azərbaycanda siyasi vəziyyətin dəyişməsi üçün minlərlə məhrumiyyətlərlə üzləşşərkən heç bir siyasi fəaliyyəti olmamış adamları saxta yollarla aldadıb Avropaya göndər, pullarını ye, onlar da Azərbaycana deport olunanda bu işləri təşkil edənləri həbs edəndə “şərləyiblər, sifarişdir, filankəs yaxşı oğlan, mərd adamdır” de.
Məhkəmənin qanuni hökmü ilə dələduzluğu isbat edilmiş adamlar, başqasının malını yeyənlər, başqasına şər-böhtan atan, öz dələduzluqlarına görə cəza almamaq üçün özünə krışa axtaırşında başqalarına qarşı dayanmadan ləyaqətsiz kampaniya aparanlar mərd adam ola bilməzlər. Onlar ölkədə ən ləyaqətsiz, dəyərsiz adamlardır və kimsə onlara normal münasibət bəsləyirsə, mənim gözümdə əvvəlki dəyərlərini də itirirlər.
Azərbaycanda haqsızlıq və ədalətsizliklərlə real mübarizə aparıb, həqiqi mənada şərlənib, həqiqi siyasi məhbus həyatları yaşayan və həqiqi mərd insanlar var ki, illərdir həbsxanalardadırlar.
Saxta siyasi mühacirlər üçün saxta sənədlər hazırlandığı kimi saxta siyasi məhbus da düzəltməyə cəhd etməyin.