Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Tofiq Yaqublu bəyin Ismayıllı hadisələrinə görə şərlənib həbs edildiyini bu ölkədə bilməyən yoxdur. Avropa Məhkəməsi də bunu təsdiq edib, Azərbaycan dövləti öz suçunu etiraf edərək Tofiq bəyə kompensasiya ödəyib.
Həmin saxta işə görə həbsdə olduğu müddətdə Tofiq bəyin qızı Nərgiz dünyasını dəyişdi. Gənc qız günlərlə ölüm yatağında can verdi, lakin Tofiq bəyi balası ilə halallaşmağa buraxmadılar. Hesabını hər iki dünyada ağır şəkildə verəcəklər.
Tofiq Yaqublunu ötən ilin martında da şərləyib həbs etmişdilər. Bu həbsin anonsunu prezident şəxsən bütün dünyada nifrət çıxışı kimi məşhurlaşan Novruz “təbriki”-ində etmişdi.
Nəinki Azərbaycanda, heç Avropa və ABŞ-da Tofiq Yaqublunun vintaçan ilə adam döyməsinə bircə nəfəri inandıra bilmədilər. Ciddi yerli və beynəlxalq təzyiqlər, ən əsası da Tofiq bəyin öz dirənişi nəticəsində məcbur qalıb ev dustaqlığına buraxdılar, amma bir ilə yaxındır ki, məhkəmə keçirmirlər. Həm Tofiq bəyə mənən məğlub olduqlarını etiraf etmək çətin gəlir, həm də bu yolla ona daha çox əzab vermək istəyirlər.
Bu gün Tofiq bəyin anası rəhmətə gedib. Bir ay öncədən xəstə anası ilə vidalaşmaq məqsədilə Gürcüstana getmək üçün müraciət etsə də bugünədək cavab yoxdur.
Tofiq bəy kimi oğulu can verən anası ilə vidalaşmağa buraxmadınız. Əgər vicdan, şərəf, insanlıq haqqında elementar təsəvvürləriniz varsa, Tofiq bəyə anasını son mənzilə yola salmaq imkanı verməlisiniz.
Yox əgər yoxdursa… bunu da yazarıq dədə malı bilib taladığınız neft kimi qap-qara əməl dəftərinizə. Gün gələr, hesab dönər…
Bu dünyaya Tofig Yagublu kimi oğul bəxş edən ananın yeri Cənnətdir, əlbət…