“İlham Əliyev istədiyi komanda ilə seçkiyə getsə belə, ölkədə ciddi siyasi dəyişiklik baş verəcək”
Gündəmin əsas mövzusu hələ də Prezident Administirasiyasının (PA) rəhbərinə 4 müavinin təyinatıdır. R.Mehdiyev özü bu təyinatları PA-da işin həcminin böyüklüyü ilə əlaqələndirib. O, bildirib ki, bu üzdən şöbə müdirlərinin statusu, səlahiyyətləri artırılıb. Amma hazırda mətbuatda əsas vurğulanan fikir ondan ibarətdir ki, R.Mehdiyevə 4 müavinin təyin olunması onun əvəzlənməsinə bir hazırlıqdır. Mövzu ilə bağlı suallarımızı Ictimai Palata Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimliyə ünvanladıq.
– İbrahim bəy, son təyinatlarla bağlı nə düşünürsünüz?
– Azərbaycandakı korrupsiya sistemi piramida şəkilində qurulduğundan bu quruluş mərkəzləşdirilmiş idarəetmə tələb edir. Son dəyişikliklə bağlı mətbuatda iki versiya mövcuddur. Versiyalardan biri bundan ibarətdir ki, şöbə müdirləri sadəcə olaraq Prezident Administirasiyasının rəhbərinin müavini təyin olunublar və onlar bundan da sonra eyni səlahiyyətlər daxilində qalacaqlar. Birinci versiyaya görə bu dəyişikliklə Ramiz Mehdiyevin mövqeləri daha da gücləndirilib. Məqsəd də ondan ibarətdir ki, növbəti prezident seçkisinə nəzarət birbaşa bu qurumdan gəlsin. Ikinci versiyaya görə təyinatlar Ramiz Mehdiyevin zəiflədilməsidir. Yəni təyinatlar vasitəsilə o nəzarətə götürülür. Bir sözlə belə düşünülür ki, bununla “boz kordinal”ın mütləq hakimiyyətinə son qoyulur. Bu versiyaları ortaya çıxaran əsas şərt Rusiyada “Milyarderlər klub”unun yaranmasıdır. Bu təşkilat hakimiyyətiçi ziddiyyətlərin təzahürü kimi ortaya çıxmışdı. Belə bir fikir var ki, “Milyarderlər ittifaqı”nda təmsil olunanların bəzisi hakimiyyətdəki qruplaşmalardan birinə daha yaxındır. Məhz bu baxımdan Ramiz Mehdiyev və komandası bu məsələyə sərt təpki göstərir. Bir məqamı da qeyd edim ki, Ramiz Mehdiyev Rusiyanın Azərbaycanda yeganə dayağıdır. Ramiz Mehdiyevlə Narışkin arasında olan münasibətlər iki ölkə arasındakı əlaqələrə təsir edir. Seçkilərin keçirilməsi, siyasi texnologiyaların məsləhətləşdirilməsi, Rusiyadakı təcrübənin Azərbaycanda tətbiqi məhz Ramiz Mehdiyevin köməkliyi ilə həyata keçirilir.
– Səsləndirilən iki versiyadan hansını daha çox həqiqətə uyğun sayırsınız?
– Bu versiyalardan hansının doğru olduğunu gələcək göstərəcək. Azərbaycan hazırda iqtisadi cəhətdən Qərbə inteqrasiya olunub. Amma siyasi cəhətdən Rusiyaya bağlıdır. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginliyin hiss olunmasına baxmayaraq Ilham Əliyev hakimiyyətini qoruyub saxlamaq, namizədliyini vermək istəyirsə hökmən Rusiyaya istinad etməlidir. Bu halda isə təbii ki, Qərbin əksinə gedib, Rusiyanın tətbiq etdiyi metodları işə salmalıdır və artıq işə salıb da. Bu zaman Ilham Əliyev Rusiyanın adamı olan Ramiz Mehdiyevə sığınmalı və seçkiləri saxtalaşdırmalıdır. Hadisələrə bu kontekstdə yanaşsaq bu Ramiz Mehdiyevin mövqelərini zəiflətmək deyil, əksinə böyük təcrübəyə məxsus fiqura “stavka”dır.
– Bəs Prezident Administirasiyasının şöbə müdirləri Əli Həsənov və Fuad Ələsgərov kimi nüfuzlu şəxslər nəyə görə bu təyinatlardan kənarda saxlanıldı?
– Yeni təyinatlara regional tərəfdən yanaşsaq iki nəfərin hər Qərbi Azərbaycan, həm Naxçıvan qarışığı var. Bu baxımdan Əli Həsənov və Fuad Ələsgərov məsələsinə gəldikdə, əslində müavinlərin təyinatı sırf şərti xarakter daşıyır. Onlar yenə şöbə müdirləri funksiyasında qalacaqlar. Aparatda qarmaqarışıq bir sistem var. Əli Həsənov, Fuad Ələsgərovun irəli çəkilməməsi normaldır. Bu təyinatlar qruplararası balansı nəzərə almaqla baş verib. Müavinlərdən iki nəfər Paşayevlərə, iki nəfər isə Mehdiyevin özünə yaxın şəxslər təyin olunub.
Əslində, bu təyinatlar qrupların Prezident Administirasiyası uğrunda mübarizəsini səngitməyə yönəlib. Yəni, Ilham Əliyev öz komandasında hər iki qrupa yer verir və balanslı komanda ilə seçkilərə getməyi düşünür. Amma bu onun istəkləridir. Dünyada gedən proseslər isə hakimiyyətin xeyrinə deyil. ABŞ-dakı seçkilərdən sonra Suriyada baş verənlər, dünyadakı demokratikləşmənin yeni bir mərhələyə qədəm qoyması hakimiyyətin əleyhinə işləyən məqamdır. Dünyada geosiyasi şərtlər, dünyanın siyasi xəritəsi dəyişir. Bu dəyişən şərtlər ölkənin daxili siyasi şərtlərinə birbaşa təsir edir. Bütün bunları nəzərə alıb, Ilham Əliyev namizədliyini verməkdə tərəddüd edir. Əgər o namizədliyini verəcəksə, bu dəyişikliklər müqabilində məğlubiyyətə uğrayacaq. Qlobollaşan dünyadan ötrü Suriya və Misirdən bu günə minlərlə insanın qanı tökülüb. Bu o deməkdir ki, açıq cəmiyyətlə qapalı cəmiyyət arasında gedən mübarizə avtoritarizmin sıradan çıxarılması üçün son mərhələdir. Belə vəziyyətdə Ilham Əliyev istədiyi siyasi komandanı formalaşdırıb, seçkiyə getsə belə Azərbaycanda ciddi siyasi dəyişiklik baş verəcək.
– Məhərrəm Əliyevlə bağlı gözlənilməz təyinatı necə dəyərləndirmək olar?
– Heydər Əliyevdən fərqli olaraq Ilham Əliyevin dövründə Qərbi azərbaycanlılara ögey münasibət sərgiləndi. Qərbi azərbaycanlılar qruplaşmasının lideri Əli Insanovun həbsi vəziyyəti bir qədər də qəlizləşdirdi. Ona görə hakimiyyətdaxilində balansı qorumağa çalışan Ilham Əliyev hazırda bir zamanlar ögey münasibət bəslədiyi sosial dayaqlara nəzər yetirməlidir. Beynəlxalq təşkilatlar Əli Insanovla Fərhad Əliyevin azadlığa çıxmasını arzulayırlar. Məhərrəm Əliyevin də bir vaxtlar ölkədən sürgün olunmasının səbəbi Əli Insanovla quda olması idi. Bu baxımdan Məhərrəm Əliyevin gətirilməsi küsdürülmüş Qərbi azərbaycanlılara bir mesajdır.
– Elşad Abdullayevin yaydığı videollardan sonra hüquq-mühafizə orqanlarında ciddi dəyişikliklərin olacağı gözlənilir. Belə ehtimallar var ki, Məhərrəm Əliyev növbəti mərhələdə Ramil Usubovun yerinə gətirilə bilər?
– Hacı Məmmədovun prosesi zamanı Ramil Usubova qarşı bir kampaniya başlamışdı. Ramil Usubov da Abuzər Abuzərovun buraxılmasının Heydər Əliyevin göstərişi ilə olduğunu xatırlatdı. Bununla o mövqeyini qoruyub saxlaya bildi. Amma Ramil Usubov sonuncu qalmaqaldan canını xilas edə bilməyəcək. Bu hakimiyyət kimlərisə qurban verməlidir. Elşad Abdullayevin əlində olan videolar tam açıldıqca hakimiyyət qurban verməyə məcbur olacaq. Bu zaman müəyyən əvəzləmələr olacaq. Ona görə son dəyişikliklərə də gələcəkdəki qurban vermə prosesinə hazırlıq baxımından yanaşmaq lazımdır.
Xəyal