AXCP sədri hakimiyyətə, müxalif həmkarlarına və xalqa mühüm çağırışlar etdi
AXCP sədri Əli Kərimli dekabrın 2-də gənclərlə görüş keçirdi. VHP-nin akt zalında keçirilən görüşə 1000-ə yaxın gənc qatılmışdı. AXCP Gənclər Komitəsinin təşkil etdiyi görüş “2013 Azərbaycan üçün” adındaydı. Görüşün keçirildiyi zal dolduğundan iştirakçıların bəzisi çıxışları pilləkənlərdə dayanaraq dinləməli oldular. Görüş başdan sonacan coşqu və yüksək ovqatda keçdi.
Biz aparıcı qüvvəyik!
Tədbirin aparıcısı AXCP GK-nin sədri Əbülfəz Qurbanlı bildirdi ki, Əli Kərimli ilə görüş ənənəvi xarakter daşısa da, bu həm də gördükləri işin hesabatıdır. O, son bir ildə görülən işlər, əldə olunan uğurlar barədə danışdı. Ə.Qurbanlı yada saldı ki, qısa müddət ərzində ölkənin müxalif gəncliyi böyük nailiyyətlər qazanıb: “Bu uğurlarda cəbhəçi gənclərin fəaliyyətini xüsusi qeyd etməliyik. Bizim sıralarımız ilbəil genişlənir. Bu, Azərbaycanın, gəncliyin uğurudur”.
Ə.Qurbanlı aksiyalarda cəbhəçi gənclərin həbslərdən qorxmayaraq irticanın üzərinə getdiklərini vurğuladı: “Artıq biz aparıcı qüvvəyə çevrilmişik. Ötən dövr ərzində sosial problemlərin, gənclərin mənzil məsələsinin həlli, əsgər ölümlərinə etirazla bağlı aksiyalar keçirilib. Mübarizəmiz bundan sonra da davam edəcək”.
Gənclər Komitəsində ötən müddətdə kəmiyyət artımı ilə yanaşı əsaslı keyfiyyət dəyişikliyinin də getdiyini vurğulayan çıxışçı buna misal kimi 30-dan artıq bloqçunun sıralarında cəmləşdiyini dedi.
İndiki və gələcək hakimiyyətin gənclər siyasəti
Daha sonra Ə.Qurbanlı hakimiyyətin gənclər siyasətini tənqid etdi. O dedi ki, AXCP olaraq onlar Ilham Əliyevin gənclərin inkişafı ilə bağlı proqramının formal olduğunu göstərək, ifşa ediblər: “Biz sübut etdik ki hökumətin gənclər siyasəti ölkə gəncliyinin inkişafını yox, hakim ailənin övladlarının müxtəlif ölkələrdə sərvətlərə sahib olmasını, firavan yaşamasını hədəfləyibmiş”.
Ə.Qurbanlı iqtidarda olacaq AXCP-nin gəncliklə bağlı siyasətinin prioritet təşkil edəcəyini, gəncliyin müxtəlif sahələrdə indiki problemlərinin – evsizlik, işsizlik, təhsilsizlik, hüquqsuzluğu və s. həllinə nail olacağını əminliklə bildirdi.
Gəncliyin şansı
Daha sonra AXCP GK-də təşkilati məsələlər üzrə müavin İlham Hüseyn ölkənin bir ovuc adamın ixtiyarında olduğunu tənqid etdi: “Bu xalqa aidiyyəti olmayan adamlar Azərbaycan gəncliyini firavan yaşamaqdan məhrum ediblər. 2 milyon Azərbaycan gəncliyinə səslənirəm ki, bu mübarizədə ardıcıl olaq. Əli Kərimli həyatını, gəncliyini mübarizəyə həsr edib. Bu hakimiyyət dəyişsə belə, Əli bəyin gəncliyini qaytarmaq mümkün olmayacaq. Ancaq bir gənc kimi bizim dəyişiklikdən faydalanmaq şansımız var. Azad, firavan yaşamaq üçün bir neçə ailənin idarə etdiyi sülalə rejiminin ömrünə son qoymalıyıq”.
“2 aprel” aksiyası dövründəkindən daha güclüyük
AXCP GK-nin Kitabxana və Tədris Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu Elnur Məcidli repressiyaların gəncləri qorxutmadığını dedi: “Mən 2 aprel mitinqindən öncəki Əli bəyin gənclərlə görüşünü xatırlayıram. Həmin vaxt görüşə yüzlərlə fəal gəlmişdi. Mitinqdən sonra həbslər oldu, ancaq bu dəfə o vaxtdakından daha çox gənc buradadır. Bu onu göstərir ki, mübarizə davam edir, həbslər bizi yolumuzdan döndərə bilməyəcək. Bu mübarizədə Əli bəyin yanında olmalıyıq”.
Şəxsiyyətin formalaşması
AXCP GK-nin fəal üzvü hüquqşünas Tural Ağayev təmsil olduğu qurumun üstünlüklərindən danışdı. O dedi ki, iqtidar düşərgəsindən fərqli olaraq Xalq Cəbhəsi sıralarında demokratik ab-hava var. Bu isə gənclərin idarəçi, şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Cəbhədən əvvəl və sonra
Komitənin media koordinatoru Orxan Rza partiyadan öncəki və AXCP-də olarkən həyat tərzini müqayisə etdi. Bildirdi ki, siyasi mübarizəyə qoşulmayana qədər faktiki lümpen həyatı keçirib, mübarizə aparan insanlara ironiya ilə yanaşıb, rejim haqqında isə düşünüb ki, bunlar yeyib doyub, başqaları gəlsə, daha betər olacaq. Lakin dostlarımın təsiri ilə AXCP ilə maraqlanandan sonra onun onun hadisələrə münasibəti obyektiv məzmun alıb: “Indi ictimai-siyasi proseslərlə maraqlanıram, aksiyalara qoşuluram, vətəndaş mövqeyimi ifadə edirəm”.
Əls vətənsevərlik
Komitənin başqa bir koordinatoru Nihat Hüseyn bu gənclərin ölkəni işıqlı gələcəyə aparacağına inandığını söylədi. O, bildirdi ki, hakimiyyətin “parnikdə yetişdirdiyi süni vətənpərvər dəstəsindən” fərqli olaraq cəbhəçi gənclər ölkənin müqəddaratına ciddi və məsuliyyətli yanaşır, Azərbaycanın rifahı və demokratikləşməsi üçün hər anı fürsət kimi qiymətləndirirlər.
Xanımlara çağırış
Fəallardan olan Xanım Mustafayeva isə müxalifətçi olmağı ilə qürur duyduğunu dedi: “AXCP üzvü olduğuma görə fəxr edirəm. Ölkəmizin demokratikləşməsi və köklü dəyişikliklərin baş verməsi üçün xanımlar mübarizənin önündə olmalıdır. Xanımlar demokratik mübarizədə aksiyalarda, təşkilatlanmada əks-cinslərə dəstək olmalıdır”.
Əli Kərimli vahid namizəd kimi
Komitənin təşkilat şöbəsinin müdiri Dadaş Sadıqlı yeni üzv olan cəbhəçi gəncləri məsuliyyətli, təşəbbüskar və ardıcıl olmağa çağırdı. O, çıxışının sonunda Xalq Cəhbəsinin və Əli Kərimlinin demokratik düşərgənin birliyi ilə bağlı mövqeyini birmənalı qəbul etdiyini bildirdi, eyni zamanda cəhbəçi gənclər adından AXCP sədrini müxalifətin vahid namizədi kimi görmək istəyini ifadə etdi.
Gənclərdən sonra söz AXCP sədri Əli Kərimliya verildi
Əli Kərimli çıxışına dünyada Əliyevlərin ifşasının şiddətlənməsi barədə informasiya və təhlilləri bölüşməklə başladı: “Mühüm hadisələrin ərəfəsində- Əliyevçi rejimin ifşasının və çürüməsinin qarşısı alınmaz prosesə çevirildiyi bir vaxtda görüşürük. Hər gün dünya mediasında Azərbaycan hakimiyyətinin ifşasının şahidi oluruq. Hər gün dünyanın güc mərkəzlərinin bu hakimiyyətlə yollarının ayrılmasının anonsunu eşidirik.
Şahidi olduğumuz sonuncu hadisə bütpərəstliyin dünya boyunca ifşa olunması ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanın sərvəti hesabına uzaq Mexsikada qoyulan Heydər Əliyevin heykəli meksika xalqının əzmi, demokratiya istəyi, tələbi ilə ordan götürülmək ərəfəsindədir. Amma mən bu məsələnin başqa bir tərəfinə diqqət etmək istəyirəm. Baxın, Azərbaycan hökumətinin mahiyyətini bu hadisə necə də gözəl ifadə edir: Azərbaycan hökuməti uzaq, ölkəmizlə ciddi bir starateji əlaqəsi olmayan yerdə də heykəlin götürülməməsi üçün 4 milyard manat pul yatırmağa hazırdır. Bu, bilirsinizmi, nə qədər böyük rəqəmdir?
1 heykələ 6 milyon əhalinin 8 illik qazancı
Bugünlərdə növbəti il üçün Azərbaycanın dövlət büdcəsi təsdiq olundu. Azərbaycan əhalisinin 6 milyonunun yaşadığı regionların hamısının – Gəncə, Sumqayt kimi mərkəzlərin daxil olduğu regionların hamısı bir yerdə yarım milyard manat qazanc gətirir. Demək, bir heykəlin Meksikada qalması üçün hökumət 6 milyon insanımızın 8 illik qazancını sərf etməkə niyyətindədir. Bu məbləğə xalqını istəyən hökumət nələr etməzdi?
Burda Əbülfəz bəy dedi ki, bir ildə 450-500 gənc ipoteka kreditindən faydalana bilir. Həmin o 4 milyardla bir dəfəlik yüz min ailənin mənzil problemi həll olardı, sonra o faizlər geri alınanda daha on minlərlə azərbaycanlının mənzil problemi həll olardı və ən vacibi həmin pullar Azərbaycan dövlətinə qayıdardı.
Deməli, yüz min Azərbaycan gəncinin mənzil probleminin həlli tərəzinin bir gözündə, bu rejimin banisinin bir heykəlinin taleyi o biri gözündə duranda, Azərbaycan hakimiyyəti heykəli düşünür.
Rejimin qanqrenası artıq elə həddə çatıb ki…
Hamınız Elşad Abdullayevin yaydığı videolarla tanışsınız. Biz bu barədə çox danışmışıq, ona görə də mən bu məsələnin iki məqamını vurğulayacağam.
Birincisi, artıq rejimin qanqrenası elə bir həddə çatıb ki, hansısa bir hissəni kəsib atmaqla orqanizmi xilas edə bilmirlər. Heç kimi tuta bilmirlər, kikmin üstünə gedirlərsə, cavab alırlar ki, “ağzımı açdırma”.
Böyük bir sifarişin nəticəsində iş adamını həbs edib milyonlarını alandan sonra buraxdığını açıqca deyən hakim hələ də Ağır Cinayətlərə dair Məhkəmədə işləyir, haqqında guya inzibatı araşdırma aparılır. Bu ona görədir ki, rejim öz labüd sonunu gözləyir, hər hansı bir hissəsini kəsib atmaqla xilas olmayacağını bilir.
Bu hökumətlə bu xalqın birgəyaşayışı mümkün olmaycaq!
İkincisi: Bu videolara qədər də Azərbaycan xalqı hakimiyyətin kriminal mahiyyətini bilirdi. Bilirdi ki, bunlar oğrudur, saxtakardır, amma bunlara birbaşa şahid olmamışdı. Ona görə də hökumət cəmiyyətin önündə özünü elə aparırdı ki, guya o da bütün dünyadakı kimi normal insanlardan qurulub. İndi isə xalqla hökumət arasında pərdə götürülüb. Xalq artır birbaşa şahid oldu ki, bunlar oğrudur, cinayətkardır. İlham Əliyevin analoqsuz inkişafının nəticəsində insan oğurluğu ilə məşğul olan banditlər indi polkovnik, general rütbəsi altında gəzir. Azərbaycan hakimiyyəti də artıq bilir ki xalq onun oğru, cinayətkar, saxtakar olduğundan xəbərdardı və bunu gizlətmək mümkünsüzdür. Ona görə də bu hökumətlə bu xalqın birgəyaşayışı mümkün olmaycaq! Gerisayım artıq başlayıb, Azərbaycan xalqı bu kriminal mahiyyətli rejimdən qurtulmaq üçün çarə axtarır və o çarə uzaqda deyil.
***
Bu günlərdə Rusiyada milyaderlər bir ittifaq yaradıb. Başqa bir şey etməyiblər, bu hökumətlə hesablaşmamağın jestini ediblər sadəcə. Təlimatsız, Preizdent Aparatı ilə məsləhətləşmədən yeni bir diaspora təşkilatı qurublar. Buna görə Azərbaycan hökuməti böyük gərginlik içindədir, xalqımız isə düşünür ki, axı bir qayda olaraq avtoritar rejimlərdə iri biznes hakimiyyətin yanında olur, onlarda özünü qoruma hissi güclü olur, deməli bu qədər pulu olan insanlar da rejimdən qorxmursa bu rejim çox çəkməyəcək, onun sonuna az qalıb.
İfşa olunmasında hakimiyyət üçün pozitiv məqam
Amma bu mühüm ifşalarda hakimiyyət üçün də pozitiv məqamlar var. Bu ifşalar hakimiyyətlə bağlı ciddi bir korrupsiya faktını arxa plana keçirirb. Yadınızdadırsa bir qədər əvvəl Britaniya parlamentinə bağlı olan bir təşkilat 19 ildə Azərbaycandan 48 milyardın qanunsuz olaraq çıxarılıb ofşor zonalarda yerləşdirildiyini yazmışdı. 48 milyard o vəsaitdir ki, buraya Azərbaycanın daxilində oğurlanıb saxlanan, Türkiyəyə, Rusiyaya, Avropaya, Amerikaya yatırılan pullar daxil deyil. Yalnız ofşor zonalara yatırılan puldur bu! Təsəvvür edirsinizmi 48 milyardla nələr etmək olardı? O pulun təkcə bank fazilərini hesablayaraq 48 milyardı 100 milyard kimi düşünməliyik. Tam məsuliyyətimlə deyirəm ki, o pul ölkəmizdə qalsaydı və burda xalqa bağlı bir hakimiyyət olsaydı, Azərbaycan Şərqi Avropanın ən qüdrətli dövlətinə çevirilmişdi.
Oğurlanan 48 milyarda nələr etmək olardı
Bu oğurlanmış vəsait hesabına müəllimlərimizin, həkimlərimizin əmək haqqını 1000-2000 manatdək qaldırmaq olardı, təqaüdçülərimiz 300-400 manat alardı. Bu vəsaitin 10-15 milyardı bəs idi ki, İlham Əliyevin dediyindən yox, real 1 milyonuq iş yeri açılsın. Bir milyonluq iş yerinin açılması isə qeyri-neft sektorunun dirçəlməsi, yüz min ailənin dağılmaqdan qorunması, nəhayət Azərbaycandan dünyanın müxtəlif yerinə didərgin düşən oğullarımızn geri dönməsi deməkdir.
Oğurlanan vəsaitin 4-5 milyardı bəs edərdi ki, ölkə səhiyyəsi yenidən qurulsun, vətəndaşlarımız sağlamlıqlarını təmin etmək üçün İrana, başqa yerlərə getməsin. Əksinə qıraq regionlardan bura üz tutsunlar. Bu vəsaitlə 10 minlərlə vətəndaşımızı xaircidə oxutmaq, Azərbaycan Universitetelərini dünyanın reytinq cədvəllərində öncül yerə gətirmək, müəllimlərimizin normal təhsil verməsini, valideynlərin repitirorlara möhtac qalmamasını, tələbələrin yataqxana dərdi çəkməməsini təmin etmək olardı.
***
Bunları ona görə deyirəm ki, hələ də bizim apardığımız mübarizənin təkcə demokratiya, hakimiyyət dəyişikliyi üçün olduğunu təsəvvür edən insanlar var. Onlar bilmirlər ki, bu sülalə 19 il boyunca yalnız bizim azad, təhlükəsiz yaşamaq haqqımızı əlimizdən almayıb; yalnız bizim yalansız, dürüst seçib-seçilmək hüququmuzu əlimizdən almayıb; eyni zamanda bizim firavanlığımızı əlimizdən alıb, bizim, övladlarımızın sərvətlərini talan edib. Ona görə də bu həqiqətlər milyonlara çatdırılmalıdır. Xalqımız sərvətlərinə sahib olmalıdır, girov götürülən ölkəmzi talançılardan azad etmək üçün səfərbər olmalıdır.
Şərəfli yolda olan cəbhəçi ailəsi
Burda iştirak edən gənlərin Xalq Cəhbəsindəki fəaliyyəti bir-iki ildən çox deyil. Bilirəm ki, indi burda sıralarımıza yeni qatılanlar da olacaq, üzvlük vəsiqəsi alacaq. Siz bizim cəbhəçi ailəmizə xoş gəlmisiniz. Siz miras qoyduğumuz olduqca şərəfli yolu seçmisiniz. Siz minlərlə üzvünü bu toraq, vətən üçün qurban verən bir təşkilatı seçmisiniz. Siz elə bir təşkilatı seçmisiniz ki, Əbülfəz Elçibəyin lideriliyi ilə Azərbaycanın dövlət müstəqilliyini bərpa edib. Amma biz bütün ideallarımızı reallaşdıra bilməmişik, onların bir hissəsinə sizlə birgə, çiyin- çiyinə mübarizədə çatacağıq. İndi də əliboş deyilik, sizdən əvvəlki nəsil AXCP üçün elə bir kimlik yazıb ki, harda haqsızlığa etiraz edən, ədalətsizliyə susmayan, zalımın qarşısında durmağı bacaran, məzlumun qolundan tutub ona dayaq olan görəsəniz, deyəcəklər ki, cəbhəçidir.
İctimai yerlərdədə, auditoriyada…, harda kim həqiqətləri danışırsa, böyük davranırsa, adamları aldatmırsa, mərdlik, qorxmazlıq nümunəsi yaradırsa, ətrafdakılar dərhal “səndəmi cəbhəçisən” deyə soruşur
Əminəm ki sizinlə birlikdə biz hələ bu kimliyimizi zənginləşdirəcəyik.
Xalqımızı bir ailənin əsarətindən xilas etməliyik
Qarşımızda duran əsas starateji vəzifə Azərbaycan xalqını layiq olduğu, haqq etdiyi ədalətə, firavanlığa, hüququn üstünlüyünə qovuşdurmaq, köklü dəyişikliklərə nail olmaqdır. Nəhayət xalqımızı bir sülalənin, bir ailənin əsarətindən xilas etməkdir.
Dünyadakı proseslər göstərir ki, bütün xalqlar avtoritar rejimlərə keçmiş kimi baxır. Azərbaycan xalqı özü də bu rejimdən imtina edir. İndi yalnız müxalifət, gənclər deyil, ölkənin tanınmış ziyalıları, hətta məmurları da bu rejimi bəyənmir, dəyişiklik istəyir. Rejim artıq öz legitimliyini itirib. Onu yola salmaq artıq zaman məsələsidir. Mən sizə deyirəm ki, bu rejimdən xilas olmaq üçün əlverişli situasiya yetirşib.
2013 fürsətindən maksimum istifadə etməliyik
2013-cü ilin prezident seçkiləri Azərbaycanın gerçək xilası üçün yeni fürsətlər yaradır. Biz bu fürsətlərdən maksimum istifadə etməliyik. Biz çalışmalıyıq ki, qarşıdan gələn seçkilər müxalifətin parçalanmasına, dedi-qodular yaranmasına xidmət etməsin, tam əksinə müxalifətin birləşməsinə, ölkənin bütün demokratik potensialının bir yumruq kimi birləşib hakimiyyətlə ciddi və səmimi mübarizəsinə gəririb çıxarsın. Biz çalışmalıyıq ki, qarşıdan gələn seçkilər müxalifət liderlərinin, partiyalarının rəqabət meydanına çevirilməsin, kimin kimə güc göstərmək, kimin kimlə rəqabət aparmaq istəyi varsa, saxlasınlar demokratik Azərbaycana.
Bu gün o imkan yoxdur. İndi biz bir-birimizlə yarışmalı deyilik, bir-birimizi ifşa etməli deyilik, Azərbaycanın taleyi kimlərə doğrudan da müqəddəsdirsə, vacibdirsə bir araya gəlməlidir. Qarşıdan gələn seçkilər növbəti dəfə bu ailə tərəfindən hakimiyyətin zəbt olunmasına don geyindirmək, onu legetimləşdirmək üçün seçki tamaşası olmamalı, gerçəkdən də seçki olmalıdır.
Azərbaycan xalqına çağırış
Biz hamımız, siyasi liderlər, siyasi partiya üzvləri olduqca məsuliyyətli davranmalıyıq. Əlbəttə məsuliyyətin böyük bir hissəsi bizim üzərimizdədir, amma Azərbaycan xalqına da çağırışım var.
Azərbaycanın taleyini müəyyən edəcək gələn seçki o qədər önəmlidir ki, onun taleyi yalnız siyasi liderlərin, siyasi partiya üzvlərinin ixtiyarına buraxılmamalıdır. Azərbaycan xalqı bizim hər birimizə nəzarət etməlidir. Bizə imkan verməməlidir ki, ambisiyalarımız, yarış ehtirasımız Azərbaycan xalqına xidmət etmək istəyini üstələsin. Azərbaycan xalqı heç kimə imkan verməməlidir ki, ölkənin daha bir şansını öz xırda intiriqalarına, ambisiyalarına qurban versin. Azərbaycan xalqını bu seçkilərdə fəal olub öz taleyinə sahib çıxamağa, siyasi qüvvələri gərəkirsə, təzyiq göstərib birləşməyə sövq eləməyə çağırıram.
Və nəhayət, əziz gənclər, bizim əksərimizin, xalqımızın bir çox nümayəndələrinin xaricdən gələn səslərə böyük diqqəti var, ona önəm verirlər. Xarici güclərin bu ölkənin taleyinə mühüm təsir göstərəcəyini düşünürlər, ona daha çox qulaq verirlər.
Bir çoxlarımız onu gözləyir ki, ölkədəki ayrı-ayrı klanlar, özünü region lideri hesab edənlər nə deyəcək, onlara çox inanır, çox önəm verirlər. Bir çoxlarının gözü məmurlardadır, nazirlər, oliqarxlar, sahibkarlar, milyaderlər nə deyəcəklər – onları düşünürlər.
Sadaladıqlarımın hamısının mövqeyi əlbəttə, mühümdür, onların hamısı müəyyən bir təsir faktorudur. Amma inanın mənə, tam səmimiyyətimlə deyirəm sizə: onların hamısı yardımçı faktordur. Siz özünüzə inanın, Azərbaycan xalqının sıravi fərdlərinə inanın – o insanlara ki, onların böyük sərvəti yoxdur, böyük imtiyazı yoxdur, arxalarında böyük tayfaları yoxdur, inzibati güc yoxdur, amma Azərbayacan üçün döyünən ürəkləri, vətən sevgiləri var. Bu insanlar, sizlər ölkəyə sahib çıxmalısınız. Özünüzə inansanız, bunu bacaracağıq!
150 gəncə vəsiqə verildi
Tədbrin sonunda AXCP sədri Əli Kərimli 150 yeni üzvə vəsiqələr təqdim etdi. Tədbir gənclərlə Əli Kərimli arasında fikir mübadiləsi, sual-cavabla yekunlaşdı.
Natiq