AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Bu yazını yazmağı çoxdan düşünürdüm. Amerikan yazıçısı Stepan Kinqin əsəri əsasında çəkilmiş “Yaşıl Mil” filminə yəqin ki, çoxunuz baxmısınız. Filimdə qohumluq əlaqəsi hesabına Luiziana həbsxanasında nəzarətçi işləyən Persi obrazı var.
Persi olduqca qəddar, məhkumlara pislik etməkdən zövq alan bir nakəsdir. Onun bu amansızlığı, içindəki aşağılıq kompleksindən doğur. Heç bir göstəriş olmadan belə, Persi insanlara əzab vermək, onları aşağılamaq yolu ilə özünü üstün, hökm sahibi kimi göstərməyə çalışır. O şəxsiyyətindəki natamamlıq, aşağılıq kompleksindən bu yolla qurtulmağa cəhd edir, öz varlığını ifadə etməyin başqa yolunu tapa bilmədiyi üçün, bacardığı pisliklərlə öz kimliyini reallaşdırmağa çalışır.
Bu obrazı təsadüfən xatırlamadım. Uzun illər mövcud hakimiyyətə qarşı mübarizədə iştirak edən bir şəxs kimi, dəfələrlə Persilərlə qarşılaşmalı olmuşam. Öz davranışları üçün heç bir əxlaq və qanun çərçivəsi tanımayan, hər fürsətdə insanlara pislik edərək, təkcə yuxarıların göstərişlərini deyil, həm də sadist təbiətlərindən doğan qəddarlığı həyata keçirən bu nakəsləri harada işləməsindən asılı olmayaraq bir – birlərinə çox bənzəyirlər.
Belələrini həbsxanalarda, polisdə, gömrükdə, prokurorluqda və s. sahələrdə, demək olar ki hər yerdə görmək olar.
Lakin onların sayı çox olmur. Bu gün rejimin qanunsuz göstərişlərini yerinə yetirən, korrupsiyaya bulaşmış, yalan və saxtakarlığa alət olan minlərlə məmurla gündəlik ünsiyyət həyatımızın adi bir reallığıdır. Bu məmurların çoxu , etdikləri qanusuzluqları, özbaşınalıqları insanlara pislik etməkdən zövq aldıqları üçün deyil, yuxarının göstərişi ilə, ya da ki, şəxsi maraqlarını təmin etmək üçün.
Lakin, Persi kimilər öz qəddarlıqları, xüsusi amansızlıq və pislik etməkdə göstərdikləri canfəşanlıqları ilə, bu məmurlar arasında həmişə seçilirlər. Hətta, nə qədər qəribə görünsə də, saxtakarlıq və korrupsiyanı həyat normasına çevirmiş mövcud hakimiyyətin məmurları belə, xüsusi canfəşanlığı ilə seçilən və hər fürsətdə insanlara pislik etməyə çalışan bu Persiləri öz aralarında xüsusi olaraq mənfi mənada fərqləndirirlər.
Persilər həbsxanada dustaqları cəzalandırmaq üçün bəhanə axtarır, onların amansızcasına döyülməsində xüsusi fəallıq göstərir, polisdə insanların şərlənnməsində, işgəncə verilməsində həmişə əsas işi görür, gömrükdə, prokurorluqda, məhkəmələrdə və s.dövlət orqanlarında insanların incidilməsində, daha çox çətinə salınmasında, öz mərdimazarlıqları, pis davranışları ilə ad çıxarırlar.
Onlar çox amansızdırlar. Dövlət hakimiyyətinin səlahiyyət və imtiyazlarından istifadə edərək, öz əzazil və qəddar rəftarları ilə insanları alçaltmağa, onların ləyaqətlərini tapdamağa, qürurlarını sındırmağa çalışırlar.
Çünki, bu Persilər öz içlərində nə qədər şəxsiyyətsiz, qorxaq və mənəviyyatsız olduqlarını bildikləri üçün, özləri kimi olmayan hər kəsə nifrət edirlər. Onların qəddarlığının və namərdliyinin kənardan görünməyən səbəbi də məhz içlərindəki bu aşağılıq kompleksi, şəxsiyyətlərindəki natamamlıqdır.
Persilər tabeçiliyində olan, işi onlardan keçən insanlara qarşı nə qədər amansız və qəddardırlarsa, özlərinddən yuxarıların qarşısında da bir o qədər müti və yaltaqdırlar. Onlar öz rəhbərlərinin hər cür təhqirini götürməyə, aşağılamalarına sözssüz boyun əyməyə hazırdırlar. Belələri özlərindən yuxarılar qarşısında alçalmalarının əvəzini, başqalarını aşağılamaqla, sındırmaqla çıxmağa çalışırlar.
Persi kimilərin şəxsiyyət natamamlığı, aşağılıq kompleksi, o qədər güclü olur ki, onlar öz kimliklərini yuxarıların tərifini, “molodesini” qazanmaqla ucaltmağa çalışırlar. Ona görə də çox hallarda yuxarılar “papaq gətir” deyəndə, gedib papağı başla bir yerdə gətirirlər. Belələri müxalif fəalları şərləyib tutmaqda, onlara işgəncə verməkdə, haqqını tələb edən insanlara qarşı zorakı davranışlarda həmişə xüsusi fəallıq göstərərək, bir çox hallarda onlardan istənilməyən pislikləri belə edib yuxarıların daha çox etimadını qazanmağa çalışırlar.
Tərtər cinayəti hər nə qədər yuxarıların göstərişi idisə də, bir o qədər də hərbiçilərə xüsusi amansızlıqla işgəncə verən Persilərin qəddar və əxlaqsız, insanlıqdan məhrum davranışlarının nəticəsi idi.
Məsələnin ən ağır və üzücü tərəfi odur ki, avtoritar rejimlər təbiət etibarı ilə qanunsuzluqları, saxtakarlığı, zorakılığı təşviq etdiyi üçün Persilərə daha çox meydan verir, bu cür əclaf, qəddar nakəslərin insanlara heç bir məsuliyyət hiss etmədən zülm etməsinə şərait yaradır.