Dünən axşam Madrid “Atletiko”sunun futbolçuları üzərinə ispanca “Odlar Yurdu Azərbaycan” yazılmış forma ilə oyuna çıxmalı idilər, bunun üçün yaptokratlar kalan pul ödəyiblər, hətta deyilənə görə 20 milyon dollar. Guya bununla da dünya Azərbaycanı tanımış olacaq.
Ümumiyyətlə, dünyada futbol klublarının sponsorluq, pullu ödəniş müqabilində üzərlərinə hansısa şirkətin adı yazılmış köynəklərlə oyuna çıxması geniş yayılıb, ölkə reklamı isə yəqin ki, bir ilkdir. Əslində bu da heç ölkə reklamı sayılmır, nəzərə alsaq ki, Əliyevlər çoxdan Azərbaycanı qapalı səhmdar cəmiyyətə çeviriblər, ölkə faktiki olaraq bir ailənin şirkətidir, ona görə də biz bunu da bir növ şirkət reklamı kimi qəbul etməliyik.
Gələk məsələnin mahiyyətinə – yaptokratların bir ətək pulu “Azərbaycanın tanıtım reklamı” adı ilə suya atmasına.
Hansısa şirkət reklam edilərkən, ağla ilk gələn bu olur: həmin şirkət hansı istehsalla məşğuldur, nə ürətir, nə təklif edir?
Indi bunlar “Atletiko”nun forması üzərində bizim ailə şirkətinin – “Odlar Yurdu Azərbaycan”ın adını oxuyanlara allahın corabını da istehsal edə bilmədiyimizi necə izah edəcəklər? Ya da araşdırılsa, məlum olsa ki, biz korrupsiya, rüşvət, yalan, yaltaqlıq istehsalından başqa bir şeylə məşğul deyilik, o zaman da maya batmayacaqmı? Göz düzəltdikləri yerdə vurub qaş da çıxarmış olmayacaqlarmı? Haqqımızda internet üzərindən axtarış verib, qarşılarında dünya mediasında barəmizdə təkcə son vaxtlar yazılanları görənlər və onları oxuyanlar 21-ci əsrdə şahlıqlar dövrünə qayıtdığımızdan xəbər tutub, hakimiyyətin atadan oğula ötürüldüyü bir ölkə olduğumuz barədə bilgilənib sonra da yaptokratiya rejimi haqqında nə fikirləşəcəklər? Sizə lazımdırmı Azərbaycanı dünyaya tanıdasınız, bununla da daha çox adamın bu ölkənin siyasi iyrənclikləri, idarəetmə rüsvayçılıqları haqqında öyrənməsinə vəsilə olasınız?
Biz adətən görmüşük ki, despotik rejimlər mümkün qədər ayıblarına kor olarlar, ölkələrinin dünya xəritəsində varlığını unutdurmağa çalışarlar ki, çox da dilə-ağıza düşməsinlər. Bunlar isə indi öz çirkablarından daha çox adamın xəbər tutmasına görə hətta pul da xərcləyirlər.
Bu məsələnin bir tərəfi.
Məsələnin başqa tərəfi ondan ibarətdir ki, bir dünyanın adı dünyada öz elmi, mədəni, iqtisadi, siyasi uğurları ilə tanına bilər. Dünyada tanınmaq, öz yerini tutmaq istəyirsənsə, çağdaşlığa açıq olacaqsan, tərəqqipərvər dəyərlərə sahib çıxacaqsan, çünki inkişafın yolu budur. Yalnız bu cür həqiqi inkişaf bir ölkənin dünya arenasında layiqli yer tutmasına, ona qarşı hörmət duyulmasına gətirib çıxara bilər.
Əks halda sən dünyada lap Şakiradan-zaddan da çox tanınsan, nə mənası? Bir halda ki, adın korrupsiya ilə, talançılıqla, seçki saxtakarlıqları, azadlıqların əzilməsi, insan haqlarının çeynənməsi ilə assosiasiya olunacaq, kimə lazımdır belə tanınmışlıq, məşhurluq?
Əksinə, öz ölkənə bundan böyük zərər ola bilməz. Təsəvvür edin ki, bu gün Azərbaycanı dünyada tanıyan xalqlara daha sonra illərcə ölkəmiz haqqında yaranmış təsəvvürləri dağıtmaq üçün nə qədər vaxt, enerji lazım gələcək. Nə vaxtsa dünyanı artıq bizim çağdışı, korrupsiya vətəni, despotizm yurdu, feodalizmin məskəni bir ölkə olmadığımıza inandırmaq üçün it zülmü çəkmək gərəkəcək.
Ona görə də indi yaptokratların Azərbaycana ən böyük yaxşılığı Azərbaycanı heç tanıtmamaq olardı. Qoy heç kim bizdən xəbər tutmasın, adımızı belə duymasın. Ki, biz də haçansa Azərbaycanın cəngəlliklər ölkəsi olmadığını sübut etmək kimi çətin, ağır bir görəvlə qarşı-qarşıya qalmayaq.
Qoy indiyə kimi Azərbaycan deyiləndə kimin yadına rüşvət, büdcə pullarının oğurluğu, yalan və yaltaqlıq üzərində qurulu dövlət idarəçiliyi, regionçuluq, tayfabazlıq, təkəlçilik, repressiya gəlirsə, elə onlarla da kifayətlənək, daha artıq adamın bizim haqqımızda o cür düşünməsinə yol açacaq reklamlardan çəkinək. Bu cür reklamların izinə düşüb daha çox adamın əsl Azərbaycan həqiqətlərini – korrupsiyanı, despotizmi öyrənməsinə şərait yaratmayaq.
Vallah, mən bunları həm də yaptokratların yaxşılığı üçün yazıram, yoxsa heç vecimə də deyil, əksinə, bunlara yaxşı, bizə lap yaxşı. Onsuz da bunlar Azərbaycanı dünyada tanıtdıqca dünya bunların iç üzlərini daha yaxşı tanıyır.
Yenə də özləri bilən məsləhətdir.