Sadə bir tacir oğlu
Cənubi Azərbaycan ədəbiyyatının maraqlı simalarından biri də Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayidir. O, ədəbiyyat tarixində 3 cilddə çap olunmuş “Səyahətnameyi Ibrahim bəy” əsəri ilə qalıb.Hacı Zeynalabdin Marağayi 1838-ci ildə bir azərbaycanlı tacirin ailəsində dünyaya gəlib. 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayan Zeynalabdin atasından qalan mal-dövlət əlindən çıxdıqdan sonra qardaşı ilə bərabər vətənini tərk edib.
Əllərindəki kiçik sərmayə ilə Qafqaza gəlib çıxan qardaşlar Tiflis şəhərində yerləşib. Bu şəhərdə bəxti gətirən qardaşlar 3-4 il müddətində xeyli sərvət qazanıb. Cənubdan gələnlərin yolu Tiflis şəhərinə daha çox düşdükcə o, daha çox tanınmağa başlayır. Sonra da Iranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kitayis şəhərində naib-konsul işinə dəvət olunur.
Marağeyi bu barədə belə deyirdi: “O zamanlarda mən həm konsul və həm iranlıların başçısı, həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Kəriməyə getməyə məcbur oldum və qardaşımla birlikdə Istanbuldan Kəriməyə malul ticarə aparıb, orada ticarətə məşğul oldum. Yenə də az zamanda, kafi sərmayə ələ gətirib o şəhərdə qalmalı olduq”.
1852-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında müharibə başladı. Bu zaman qardaşlar Yaltaya gedib orada işlərini davam etdirdilər. Yalta şəhəri rus imperatorunun yaylağı idi. Bu şəhərdə Zeynalabdin əsas işini yüksək təbəqənin nümayəndələri ilə qururdu. O, qısa zamanda özünə böyük hörmət və etibar qazanaraq “Iranın dürüstkar taciri” ləqəbini aldı. Hətta ona rus təbəəsi olmaq təklif edildi. Bu təbəəliyin ona yararlı olacağını düşünən Zeynalabdin bunu qəbul edir.
Amma nə yığdığı var-dövlət, nə də qazandığı mövqe ona zövq verirdi. Hər an vətənində qoyub gəldiyi soydaşlarını, oradakı istibdad rejimini düşünür, kənarda dayanıb öz həyatını yaşamaq ona əzab verirdi. Beləliklə, bir gün dükanı, evi və bütün var-dövlətini satıb Istanbula gəlir. O, ailəsini burada qoyub Məkkə ziyarətinə yola düşür. Bundan sonra rus təbəəsi ola-ola illər boyu Istanbulda yaşayır. Nəhayət, o, Mirzə Mahmudxan Əlaülmülk vasitəsi ilə rus təbəəliyindən imtina etdi, yenidən Iran tabeliyini aldı. Hacı Zeynalabdin Istanbulda olan zaman “Şəms” qəzeti ilə həmkarlığa başlayır və Kəlkətədə nəşr olan “Həbülül-mətin” dərgisində məqalələr yazır.
“Səyahətnameyi Ibrahim bəy”
Marağayinin əsas əsəri 3 cilddə çap olunmuş “Səyahətnameyi Ibrahim bəy” kitabıdır. Bu əsər o dövrdə Iranda baş verən ictimai-siyasi hadisələri tam açıqlığı ilə ortaya qoyur. Müəllif öz əsərində Qacar məmurlarının əməlləri, oradakı hakimlərin rəftarı, öz soydaşlarının savadsızlığı, xalqı aldadan mollaların hoqqalarından yazır. Buna görə də kitabın ilk çaplarında müəllifin adı gizli saxlanır.
Əsərin qəhrəmanı Ibrahim bəy bir prototipdir, çox güman ki, o, Hacı Zeynalabdinin öz ədəbi obrazıdır. Kitabın I cildi Iranda yayılanda heç kəs, bir savadsız və sadə tacirin elə yüksək səviyyədə əsr yazmağına inana bilməzdi. Ona görə də çoxları kitabın müəllifinin “Əxtər” nəşrinin yazarlarından Mirzə Mehdixan olduğunu deyirdilər. Amma Mirzə Mehdixanın ölümündən sonra kitabın II və III cildi çap olunduğuna görə, bu iddiaya son qoyuldu.
Əsərin qəhrəmanı Ibrahim bəy iranlı bir tacirin oğludur. 50 il əvvəl ticarət üçün Misirə köçüb, orada ticarət qurub və orada yaşamalı olur. Müəllif göstərir ki, bu 50 il ərzində Iranda heç bir köhnə adət və ənənə dəyişməyib və öz köhnəliyinə elə bağlı qalıb ki, heç bir kəlmə ərəb sözü də öyrənən olmayıb. Özü bir iman sahibi olan tacir ailəsini və uşaqlarını da vətən eşqi ilə böyüdüb. Tacirin böyük oğlu 20 yaşına çatan zaman atası dünyasını dəyişir. Ibrahim bəy 20 yaşında vətənsevər, fərasətli, qeyrətli və nəcib bir gənc idi. O, bir neçə xaric dil öyrənib. Atası dünyaya göz yuman zaman oğluna vəsiyyət edir: “30 yaşına yetənədək dünyanın hər yerinə səfər edirsən et, ancaq getdiyin yerlərdə hər nə görsən yaz və saxla, o yazdıqların bir gün kara gələr”.
Atanın ölümündən sonra Ibrahim bəy müqəddəs Məşhəd ziyarəti arzusu ilə “Bəndəri Berr Misirə”, oradan Istanbula, Batuma, Tiflisə, Bakıya, Ənzəliyə, Sariyə, Uzun Adaya, Aşqabada və nəhayət, müqəddəs Məşhəd şəhərinə yetişir.
Ibrahim bəy Batum şəhərinə yetişdiyi zaman orada ilk dəfə görür: “Iranlılar dəstə-dəstə yırtıq-yamaq paltarla nəhayət, miskinlikdə üzləri aclıqdan saralmış və zəif halətdə bir tikə çörəyə görə hər işi qəbul edirlər”. Həmvətənlərinin birindən eşidir: “Bütün Qafqazın şəhərləri, qəsəbələri və hətta kəndləri də belə ac və yersiz iranlılarla doludur. Onlar hakimlərin, darğaların, bəylərin və kattaların zülmündən qaçıb, Rum, Rus və Hindistan məmləkətlərinə yayılıb və sübhdən axşamadək günün qabağında bir tikə çörəyə görə ağır işləri qəbul edirdilər”.
Əl-əl gəzən “zərərli” kitab
…Sonra Ibrahim bəy Tehrana yetişib, hər kəsin qapısını döyür, tanıdığı hər bir vəzir ya vəkilin qapısına gedir, düşünür ki, bəlkə həmvətənlərinə bir çarə tapa. Ancaq heç kəsdən cavab ala bilmir, görür Iranın vəzir-vəkilləri sərxoşluq içində yatıb və dünyadan xəbərləri yoxdur. O, yenidən kədərli və məyus halda Misirə qayıdır. Qayıdan zaman Qəzvin, Ərdəbil, Marağa, Binab, Urmiyə və Təbriz şəhərlərindən keçir, oradan Mərəndə və Batum şəhərinə gedir və yenə Misirə qayıdır.
Ibrahim bəy öz səfərində Iranın çox vilayət və şəhərlərindən keçib, onların ümumi vəziyyətlərini sadə şəkildə yazıb və şərh edir. Onun məqsədi yazmaq və tənqid etmək və soydaşlarını oyatmaq idi. O, hər şəhərdən çıxanda bu cümləni təkrar edir: “Hamısı diriykən ölüdür, ölmüş ikən canlı”.
Bu səyahətnamə əsəri tam bir salnamə kimi XIX əsrin sonlarında Iranın ümumi durumunu təsvir edir. Əhməd Kəsrəvi “Tarixi məşruteyi Iran” kitabında yazır: “O kəslər ki, bu kitabı öz zamanında oxuyublar və özlərində bir ağır silkinti hiss ediblər, təkcə onlar bu kitabın ərzişini bəyan edə bilərlər, çox şəxsləri tapmaq olar ki, bu kitabın vasitəsilə ağır cəhalət yuxusundan oyanıb və agah insanlara qoşulublar”.
“Səyahətnameyi Ibrahim bəy” əsərinin yazılmasına qədər Iranda bu üslubda yaranan nümunə yox idi. Xüsusilə, kitabın sadə və aydın yazılması onun güclü təsir bağışlamasının əsas səbəbi sayıla bilər. Kitab yayıldığı zaman Iranda savadlı şəxslərdən biri onu evdə və ya qəhvəxanalarda oxuyur, onlarla savadsız insan da bir yerə yığışıb ona qulaq asırdılar.
Bu əsər elə bir dövrdə yazılmışdı ki, Qacar şahları yazarların əsərlərini nəzarətdə saxlayır, “zərərli” kitabların yayılmasına imkan vermirdi. “Səyahətnamə” kimi əsərlər də belə “zərərli” ədəbiyyat siyahısına daxil idi və şübhəsiz, onun yayılmasına da hər yolla mane olurdular. O dövrdən uzun zaman keçir və neçə nəsil bir-birini əvəz edib. Amma Hacı Zeynalabdinin “Səyahətnamə”si zamanı qabaqlayan bir kitab kimi hər dövrdə yeni və aktual olaraq qalır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir