«Ölkənin bir sülalə hakimiyyətindən xilasında maraqlı olan bütün qüvvələr birləşməlidir»
AXCP sədri Əli Kərimli dekabrın 1-də “Azadlıq” radiosunun “İşdən sonra” verilişinin qonağı olaraq ölkədə və dünyada baş verənlərdən danışıb. Müsahibəni qısa ixtisarla təqdim edirik.
Bütün ictimai-siyasi qüvvələrin bir araya gəlməsini təmin etməliyik
– Bu günü necə görürsünüz?
– Bu gün seçki kontekstində, seçkilərə bir ildən az vaxt qalsa da, təəssüf ki, ölkədə hələ də demokratik seçkilərə zəmin, şərait yoxdur. Azərbaycan o ölkələrdən deyil ki, burada sadəcə təqvimə uyğun olaraq növbəti seçkilər keçirilsin, bütün siyasətçilər, siyasi qüvvələr bu seçkilərə hazırlaşsınlar. Siyasi uğur və uğursuzluq da seçkiyə hazırlığın dərəcəsi ilə müəyyənləşsin. Təəssüf ki, belə oturuşmuş demokratiyaya sahib deyilik. Ona görə bizim üçün ən vacibi ölkədə həmin o demokratiyanın bərqərar olunmasıdır. Biz bunu təqribən belə ifadə edirik ki, ölkədə köklü dəyişikliklərə, rejim dəyişikliyinə nail olmaq lazımdır. Bu baxımdan seçki ciddi bir fürsətdir. Məhz seçki yolu ilə, demokratik yolla bu dəyişikliklərə nail olmaq ciddi fürsətdir. Hələlik azad və ədalətli seçkilərə zəmin olmadığına görə bu gün hələ də bizim üçün prioritet məsələ həmin azad seçkilərə zəmin yaradılmasıdır. Bu məqsədlə işləyirik. Çalışırıq ki, seçki islahatına nail olaq, Seçki Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsinə, xüsusən seçki komissiyalarının tərkibinin yenidən formalaşmasına nail olaq. Bu məqsədlə cəmiyyətin geniş çaplı konsensusuna nail olaq. Düşünürəm, bu günlərdə Azərbaycanın tanınmış hüquqşunaslarının təqdim etdiyi altı əsas prioriteti özündə ifadə edən seçki islahatı paketi belə bir əsas ola bilər ki, həmin o paketi bütün siyasi qüvvələr dəstəkləsin, arada rəqabət olmasın. O deməsin ki, bu sənin layihəndir, mən dəstəkləmirəm, bu deməsin ki, məndən qabaq elan olunub, mən dəstəkləmirəm. Bunu biz son illərdə çox görmüşük. Bu təkliflər paketinin ətrafında konsensus əldə edək, bütün cəmiyyət olaraq. Seçki komissiyalarının dəyişməsi və seçki islahatı ilə bağlı israr edək. Çalışaq Azərbaycan hakimiyyətinə yalnız bəyanatlarımızla, mövqeyimizə deyil, eyni zamanda küçələrdən, meydanlardan təzyiq göstərək. Sərbəst toplaşmaq azadlığı təmin olunsun, parlamentin buraxılması istiqamətində işlərimiz davam eləsin. Nəhayət, elə bir zəmin yaransın ki, burda seçkiyə bənzər bir şey keçirmək mümkün olsun. Indiki situasiya davam etsə, bir an düşünün ki, ölkədə sərbəst toplaşmaq azadlığı yox, siyasi qüvvələrin arasında debat aparmaq imkanı yox, seçki komissiyalarının saxtakarlığı Avropa Məhkəməsi səviyyəsində də təsdiq olunub. Ölkədə 70-dən artıq siyasi məhbus var. Kiçik piket də keçirmək imkanı yox. Regionlara getmək imkanı yox. Partiyalar faktiki qeyri-leqal vəziyyətdə. Bu şərtlərlə demokratik seçki keçirmək olmaz. Ona görə də kim bu gün deyirsə ki, bugünkü şərtlərlə demokratik seçki keçirmək olar, həmin adamların mövqeyini səmimi qəbul etmirəm. Ona görə mənim bu gün bir nömrəli vəzifəm ölkədə həmin o köklü dəyişikliklərə, demokratik seçkilərə zəmin yaradacaq islahatların keçirilməsinə nail olmaqdır. Buna isə biz o yolla nail ola bilərik ki, ölkədə bütün ictimai-siyasi qüvvələrin bir araya gəlməsini təmin edək.
– Dəfələrlə buna cəhd olunub…
– Yenə də cəhd olunmalıdır. Nə qədər ki, tam olaraq nail olmamışıq, deməli, cəhdlər davam etməlidir. Bizim başqa yolumuz yoxdur. Ümumiyyətlə, düşünürəm ki, ölkənin xilası bu mərhələlərdən keçir. Demokratiya, köklü dəyişiklik tərəfdarı olan, ölkənin bir sülalə hakimiyyətindən xilasında maraqlı olan bütün qüvvələr bir araya gəlməlidir və bunun özü cəmiyyətdə çox ciddi ictimai-siyasi fəallıq yaratmalıdır. Bu günə qədər siyasi partiyalara, mübarizəyə qoşulmayan yüz minlər başa düşməlidir ki, artıq vaxtdır, onlar bu mübarizəyə qoşulmalıdır. Biz elə bir şərait yaratmalıyıq ki, artıq hökumətin seçkini saxtalaşdırmağa resursu, imkanı qalmasın. Onun üzərində işləyirik.
İlham Əliyev üçüncü dəfə namizəd olmamalıdır
– Təkliflər paketi haqqında danışdınız. Eyni zamanda Ziyalılar Forumunun bu yaxınlarda bəyanatı oldu. Onlar bəyan etdilər ki, seçki ilə bağlı layihələri var və bu yaxınlarda açıqlanacaq. Yəqin ki, Sizə də təklif olunacaq. Dəyərləndirəcəksiniz?
– Əlbəttə. Ümumiyyətlə, Ziyalılar Forumunun fəaliyyətini yüksək qiymətləndirirəm. O cümlədən axırıncı bəyanatlarını. Ölkədəki siyasi vəziyyətə çox prinsipial qiymət verilmişdi. Seçkilərin demokratik keçirilməsi üçün mühüm çağırışlar olmuşdu. Ictimai Palata artıq bu mövqeni müdafiə edib. Hələ bu ilin may ayında biz Ictimai Palata ilə Ziyalılar Forumun arasında razılığa gəlmişik. O razılıq ondan ibarətdir ki, biz mühüm məsələlərlə bağlı birgə fəaliyyət göstərəcəyik… Indiki vəziyyət Azərbaycana demokratiya vəd etmir. Bu vəziyyətin dəyişməsi üçün hamı səylər göstərməlidir, indi etdiyindən artıq etməlidir. Hesab edirəm ki, belə zəmin var. Seçkilərlə bağlı bir mühüm məsələ də var. O nəzərdən qaçmamalıdır. Bizi birləşdirən əsas dəyər olmalıdır. Ilham Əliyev üçüncü dəfə namizəd olmaq istəyir. Bu, antikonstitusion və antiqanunidir. Bu, demokratiyanın ruhuna, mahiyyətinə zidd yanaşmadır.
– Ilham Əliyev hələ bu iddiasını ortaya qoymayıb…
– Fərqi yoxdur. Onun partiyasının nümayəndələri bəyan edir ki, qurultayda belə qərar veriləcək. O da, təəccüblü də olsa, bunu təkzib etmir. Onun bu hərəkəti demokratiyaya ziddir. O zaman Avropa Şurasına niyə üzv olmuşuq? Avropa qurumlarına Azərbaycan niyə can atır? Bir halda ki, Azərbaycan üçün demokratiya önəmli olmayacaqdı, Ilham Əliyev burda sülalə hakimiyyəti, əbədi hakimiyyət iddiasında olacaqdısa, niyə o zaman Azərbaycanın Avropaya inteqrasiya kursu seçdiyini bəyan edirdi. Bu, müasir dövlətə yaraşmayan hərəkətdir. Heç bir müasir, demokratik dövlətdə heç kim üçüncü, dördüncü dəfə prezident olmağa cəhd etmir. Buna ancaq diktatorlar, sülalə hakimiyyətləri cəhd edir. Onların da hamısının növbə ilə taleyinin necə qurtardığını ərəb inqilabları göstərdi. Bir qayda olaraq avtoritar liderlər ömürlük hakimiyyətə cəhd edəndə yıxılırlar. Onlar özlərinə nəzarət edə bilsə ki, müəyyən həddən sonra dəyişmək lazımdır, o böyük inqilabi dəyişiklikdən yayına bilirlər. Hətta bu gün dünyada ən böyük totalitar sistem olan Çində kommunist partiyası qərara gəlib ki, on ildən bir elita dəyişməlidir. Çünki dəyişikliksiz inkişafa nail olmaq mümkün deyil. Dəyişikliyin olmaması böyük inqilabi proseslərə təkan verir. Bunu Çində də başa düşüblər. Teokratik hesab etdiyimiz Iranda da iki dəfədən artıq prezident seçilmək olmaz. Rusiyada da bunu başa düşüblər. Hətta Ermənistanda da bunu başa düşüblər. Indi qalıb ki, bunu biz Azərbaycanda hakimiyyətdə olanlara başa salaq. Ona görə bu məsələ ilə bağlı böyük kampaniya olmalıdır. Formal konstitusiya dəyişikliyinə, saxta dəyişikliyə ümid etmək lazım deyil. O konstitusiyanın bu seçkiyə hüquqi qüvvəsi yoxdur. Ilham Əliyev iki dəfə seçiləndən sonra o düzəliş edilib. Qanunun geriyə qüvvəsi haqqında danışırlar. Yalnız o qanunun geriyə qüvvəsindən söhbət gedə bilər ki, o, vətəndaşın hüquqi vəziyyətini yaxşılaşdırsın. Bu qanun vətəndaşın hüquqi vəziyyətini pisləşdirir. Çünki 9 milyon insanın hüquqi vəziyyətini pisləşdirir, bir Ilham Əliyevin hüquqi vəziyyətini yaxşılaşdırır. Ona görə bu saxta referendumun arxasında gizlənmək lazım deyil. Bu gün Azərbaycanda özünü həqiqi demokrat sayan, hüququn üstünlüyünə inandığını iddia edən hər kəs özündə cəsarət tapıb deməlidir ki, Ilham Əliyev üçüncü dəfə namizəd olmamalıdır.
– Ilham Əliyev 2013-cü ildə yenidən namizədliyini irəli sürsə, müxalifət neyləyəcək?
– Biz birinci həmin o böyük alyansı yaratmalıyıq. Çalışıb ictimai-siyasi elitada konsensus əldə etməliyik. Hamı qəbul etsin, bir sənəd imzalasın ki, Ilham Əliyev üçüncü dəfə namizəd ola bilməz. Bununla bağlı etirazlar olmalıdır. Onda Ilham Əliyev vəziyyəti dəyərləndirməli olacaq. Azərbaycan xalqı etiraz edəndən sonra dünya da bu məsələyə münasibət bildirmək zorunda qalacaq. Ona görə bəri başdan özümüzü elə bir situasiyada təsəvvür etməyək ki, istənilən halda o namizəd olacaq. O namizəd olmaq istəyəcəksə, bu əlavə bir sübut olacaq ki, qarşıdan gələn seçkilər artıq demokratik olmayacaq. Biz ona uyğun olaraq qərarlarımızı verəcəyik. Bu gün üçün heç bir qərarla əl-qolumu bağlamaq istəmirəm. Bütün variantları açıq saxlamaq istəyirəm.
– Bu o deməkdir ki, strategiya tam olaraq müəyyənləşməyib?
– Xeyr, strategiya aydındır. Taktika da var. Strategiya Azərbaycanın xilasıdır. Seçkidə iştirak mənim üçün, gerçək rejim dəyişikliyi istəyənlər üçün yeganə və son strategiya ola bilməz. Strateji məqsəd ölkədə gerçəkdən rejim dəyişikliyinə nail olub demokratiyanın bərqərarına nail olmaqdır. Indi buna necə nail olmaq olar. Burda bir neçə variant var. Biz hamımız, demokratik dəyişikliklərə çalışan insanlar ən azı funksional birlik yaratmalıyıq. Hamımızın bir təşkilatda birləşməyi mümkün olmursa, heç olmasa demokratik seçki şəraitini yaratmaq üçün bir araya gələk, birlikdə aksiyalar keçirək, etirazlar təşkil edək. Lazımdırsa, birlikdə imzalar toplayaq. Regionlarda aksiyalar keçirək. Sistemli proqram üzrə seçkiqabağı şəraitin yaxşılaşdırılması istiqamətində işləyək. Müəyyən zəmin yaranandan sonra artıq mübarizədə birləşmiş bu çevrə bir namizəd çıxarsın, həmin o namizədlə seçkiyə gedək. Önəmli hesab edirik ki, bu mərhələdə ən azı Azərbaycan müxalifətinin böyük əksəriyyətinin dəstəyini qazanmış vahid namizəd olmalıdır.
Çoxlu namizədlə demokratik ölkədə seçkiyə gedərlər ki, onsuz da ikinci turda ələnmə olacaq, imkan yaradaq bütün namizədlər iştirak etsin. Amma belə keçid ölkələrində bir qayda olaraq o zaman uğur qazanmaq olur ki, qüvvələr birləşsin və bu qüvvələrin içindən həmin o əsas vahid namizəd olsun. Həmişə vahid namizəddən kənarda namizədlər olacaq. Onu nəzərdə tuturam ki, müxalifət düşərgəsindən seçiciləri və protest elektroratı parçalaya biləcək ikinci güclü namizəd olmalı deyil. Bir neçə güclü namizəd dəyişikliklər şansını azaldır. Bu mənada mən böyük birliyin yaranmasını və bu birliyin də içindən vahid namizədin irəli sürülməsini daha doğru sayıram.
– Etirazlar məsələsinə toxunmaq istəyirəm. Etirazı kim edəcək? Partiyalar?
– Hamı. Partiyalar onsuz da edir.
– Etirazlar göstərir ki, hamı etiraz edənlərin arxasınca getmir…
– Bu gün getmir. Avtoritar rejimlərdən bir dəfə xilas olurlar. Millətin tarixində iki önəmli gün var. Dörd-beş millət həmişə müstəqil olub, onların tarixində müstəqillik günü yoxdu. Başqa millətlərin hamısının müstəqillik günü var. Bir də demokratiyaya keçid məqamı var. Bu, tarixi prosesdir. Qlobal dəyişiklikdən söhbət gedir. Bu gün siyasi partiyalar meydanda təkdir. Düzdür, Ictimai Palatanın təşəbbüsü ilə aksiyalar olur. Ancaq faktdır ki, daha çox fəallığı siyasi partiyalar edir. Deməli, biz o günü yetişdirməliyik. Bu gün onun üzərində işləyirik. Insanları maarifləndirmək, onları mübarizəyə səsləmək, ruhlandırmaq, qorxularına qalib gəlməkdə onlara kömək etmək. Bu vasitələrlə bir gün artıq hamının, yüz minlərin meydanda olmasını təmin etmək. Bizim keçirdiyimiz aksiyalar ona xidmət etmir ki, birbaşa bu aksiyanın keçirilməsi köklü dəyişikliyə gətirib çıxaracaq. Yox. Bu aksiyalar insanları ruhlandırmağa və təşviq etməyə, qorxu hissinə qalib gəlməyə yönəlib. Bir gün yetişəcək, o gün də çox uzaqda deyil, gənclər, ziyalılar, vətəndaş cəmiyyətinin fəalları, demokratiya istəyən hər bir normal insan, siyasi partiyaların indiyə qədər fəal olmayan üzvləri başa düşəcəklər ki, artıq susmaq olmaz, hərəkətə keçmək lazımdır.
– Nə vaxt olacaq?
– O gün uzaqda deyil.
– Nəyə görə 19 ildə olmadı, bu il olacaq?
– Bu 19 il iki hissəyə bölünməlidir. Birinci hissə 1993-cü ildən 2005-ci ilə qədər davam edən dövrdür. O dövrdə Azərbaycan yarımazad ölkə sayılırdı. Indikinə baxanda xeyli azad idi. O dövrdə insanlar doğrudan da seçki yolu ilə dəyişikliklərə ümid edirdi. 1998-ci ildə müxalifət liderlərinin tam əksəriyyəti seçkini boykot etdiyi halda Etibar Məmmədov faktiki ona nail olmuşdu ki, sekidə ikinci tur olmalı idi. Müxalifət o qədər güclü idi ki, onun bir qanadı ikinci turun zərurətini yaratmışdı. Ondan sonrakı seçkilərdə də Azərbaycan xalqı seçki yolu ilə dəyişikliklərə hazır idi. Müxalifət seçkiləri uddu. Resurslar bərabər olmasa da, əl-qolumuz bağlı olsa da, millət gəldi səs verdi. Çünki güman edirdilər ki, dəyişikliklər məhz bu seçkilər vasitəsilə həyata keçəcək. Alınmadı. Cəmiyyətdə böyük məyusluq yaşandı. Bu xəyal qırıqlığının səbəbləri çoxdur. Ola bilsin həmin mərhələdə biz müxalifət vətəndaşlarımızın bizdən gözlədiyi bütün hərəkətləri etmədik. Azərbaycan hakimiyyətinin bu qədər yırtıcı mahiyyətini gözləmirdilər. Hər halda bu millətin içindən çıxmış kimi sayırdılar. Ən böyük məyusluq beynəlxalq təşkilatların 2003-2005-ci illərdəki seçkilərə həddindən artıq prinsipsiz yanaşması oldu. Hər iki seçki saxtakarlığına faktiki dəstək verilməsi oldu. Azərbaycan xalqı sanki özünü təklənmiş kimi hiss etdi. Burda bir qrup hakimiyyəti zəbt edib və ətrafda bütün böyük güclər onlara dəstək verir. Insanlar ruhdan düşdü. Sonra 2005-ci ildən 2010-cu ilə qədər olan dövrdə Azərbaycan müxalifətinin prinsipial kəsimi, demək olar, meydanda tək qaldı. Xüsusən AXCP, “Azadlıq” qəzetinə qarşı dəhşətli təzyiqlər oldu. Amma biz o dövrdə prinsiplərimizi, ideallarımızı qoruyub saxlaya bildik. O dönəmdə dəyişiklik söhbəti getmirdi. Çünki çox pis sıxışdırılmışdıq, cəmiyyətdən güclü dəstək yox idi. Amma 2011-ci ildən başlayaraq həm Ictimai Palatanın yaranması, həm də dünyada başlayan demokratikləşmə tendensiyası Azərbaycan cəmiyyətini silkələyib. Üçüncü proses də var, internetləşmə. Artıq yüz minlərlə azərbaycanlı sərbəst şəkildə informasiya ala bilir. Saytlar olduqca böyük oxucu kütləsi toplayıb. Aparıcı saytlar, sosial şəbəkələr 500 min insanı əhatə edir. Bu böyük təbəqədir. 2010-cu ildə bu yox idi. O vaxt dəyişikliyin əsər-əlaməti yox idi. O zaman sadəcə mövqelərə sədaqət var idi. Amma indi dəyişiklər üçün zəmin yaranır. Dünyadakı qlobal demokratikləşmə Azərbaycan cəmiyyətinə mesaj verir. Bütün diktatorlar yıxıla biləndir. Heç kim əbədi deyil, heç bir ailə hakimiyyətinin sonu yoxdur. Milyardlar heç bir diktatora kömək edə bilmir. Bunların hamısı insanları ruhlandırır. Nəhayət, üçüncü faktor. Azərbaycan hakimiyyəti uzun illər balanslaşdırma adı ilə apardığı xarici siyasətlə xarici güclərin maraqlarını təmin etməklə özünü xarici güclərin təzyiqindən qoruya bilmişdi. Indi o siyasət tamamilə iflasa uğrayıb. Indi elə balanslı şəkildə Azərbaycan hökuməti bütün dünyadan təcrid olunub. Burda da balanslaşdırma var. Çünki hamı ilə qarşıdurmadadır. Bu da onu göstərir ki, Azərbaycan xalqı o siqnalı alır ki, artıq 2003-2005-ci ildə olduğu kimi dünya bu saxtakarların yanında olmayacaq. Bütün bunların hamısına görə hesab edirəm ki, artıq dəyişiklik çox uzaqda deyil.
Mən praymerizlərin tərəfdarıyam
– Vahid namizəd məsələsi gündəmə gəldikdə həmişə fikir ayrılığı yaranır. Bu ayrı-seçkilik nədən yaranır və həmin dövrdə də bu ayrı-seçkilik gedəcəkmi, yoxsa konsensus var?
– Əvvəla, bir müddət müxtəlif fikirliliyin olmasına normal yanaşmaq lazımdır. Çünki çoxpartiyalı sistemdir. ABŞ-da neçə namizəd çıxır ortaya, praymerizdən sonra hər partiyadan bir namizəd qalır. Ona görə seçkiyə bir il qalmış namizədlərin çox olmasına təəccüblə baxmaq lazım deyil. Sadəcə ona təəccüblü baxmaq və doğru saymamaq lazımdır ki, israrla kiminsə “mütləq mən namizəd olacam” deməsini doğru saymıram. Biz demokratik ölkə deyilik ki, hər şey seçkidə həll olunsun. O situasiyanı yaratmaq lazımdır ki, hökumət seçkini saxtalaşdıra bilməsin. Bu situasiyanı biz iki yolla müəyyənləşdirə bilərik. Ya müxalifət geniş çapda birləşir, geniş hərəkata nail olur və hamı bir arada olandan sonra hərəkat içindən bir lider çıxarır. Yaxud da bu alınmırsa, biz vahid namizədimizi müəyyənləşdirək, sonra onun ətrafında birləşərik. Bunu deməklə olmur. Vahid namizəd iddiaçıların arasında hansı mexanizmlə müəyyənləşəcək. Mən praymerizlərin tərəfdarıyam. Qoy xalq seçsin. Bizim partiyanın üzvü mənim namizədliyimi istəyəcək, başqa partiyanın üzvü də o partiyanın namizədini. Belə heç bir konsensusa gələ bilmərik. Müxalifət elektoratının səsverməsi keçirilsin. 50 min adam səsvermədə iştirak etsin və müxalifətin vahid namizədi seçilsin. Seçkiyə gedən hər bir şəxs də etiraf etsin ki, seçkinin nəticəsini tanıyacaq. Niyyət ciddidirsə, kompromis tapmaq olar. Mən hər iki varianta razıyam. Çoxlu namizədlərin arasında səslər paraçalanacağı təqdirdə hökumət güclü olacaq, saxtakarlıq edəcək. Çoxlu namizədlə müxalifət birləşmədən seçkiyə getsə, böyük xalq hərəkatına nail olmaq çətin olacaq. Bütün kampaniya dövrü bizi ruh düşkünlüyü müşayiət edəcək.
Bizə çoxlu Ramil Səfərovlar, Mübarizlər gərək olacaq
– Bu yaxınlarda Avropa Birliyinə bəyanat göndərildi və AXCP hakim partiya ilə birgə bu bəyanata imza atdı. Bundan sonra bəyanata imza atan müxalifət partiyalarını hakimiyyətlə danışıqlara getməkdə ittiham etdilər. Bu ittihamlara da cavab verməyinizi istəyirəm?
– Tam cəfəng fikirlərdir. Biz hakimiyyəti heç bir məsələdə müdafiə etmirik. Eləmək fikrimiz də yoxdur. Biz Ramil Səfərovu müdafiə etmişik. Ramil Səfərovu Azərbaycan xalqının iradəsini ifadə edərək müdafiə etmişik. Çünki Ramil Səfərovla müqayisədə qat-qat ağır cinayət törədən əsl cinayətkarlarla bizimlə düşmən olan millət mülayim yanaşanda, qəhrəman kimi qarşılayanda həmin dünya susmuşdu. Biz də öz haqq səsimizi qaldırdıq, dedik bizə fərqli yanaşmayın. Bunun hökumətə nə dəxli var. Bizim hökumətə münasibətimizdə bir santimetr də dəyişiklik yoxdur. Birgə bəyanat üç ay əvvəl qəbul olunub. Bu müddətdə bizim davranışlarımızda, çıxışlarımızda hansısa sapıntı görmüsünüz? Görə də bilməzsiniz. Çünki bizim mövqeyimiz prinsipialdır. Biz nələrsə əldə etmək üçün bu mövqeyi seçməmişik ki, nəyisə əldə edəndə mövqeyimizi dəyişək. Biz ona görə bu mövqedəyik ki, sadəcə başqa cür yaşaya bilmirik, onların bir parçası ola bilmirik. Ona görə yox ki, bizi yaxın buraxan yoxdur. Biz onların bir parçası ola bilmərik. Tamamilə başqa dünyagörüşün, başqa idealların sahibləriyik. Ölkəmizi xilas etmək istəyirik və vətəndaşımıza da sahib çıxmaq istəyirik. Hökumətin acığına vətəndaşımızı, zabitimizi başqalarının ayağına verə bilmərik axı. Eyni zamanda burda Azərbaycan cəmiyyətinə mesaj da verdik. Hökumət bizə qarşı aqressiv və yalançı kampaniya aparır ki, biz Azərbaycanı Qərbyönümlü görmək istədiyimizə, Avropaya inteqrasiya olmasını istədiyimizə görə, guya Qərblə münasibətlərdə sərt mövqeyimizi qoya bilmərik, Azərbaycanın maraqlarını müdafiə edə bilmərik. Bu həm də onun nümunəsi oldu ki, Qərbdə haqsızlıq varsa, biz bu millət üçün xidmət edirik. Bu millətin xeyrinə nədirsə, onu edəcəyik. Bu millətin maraqlarını, zabitini alçaldan kim olacaqsa, hər kəsin qabağına çıxa bilərik. Öz vətəndaşlarımızdan ötrü bəzən qeyri-populyar addım da ata bilərik. Vətəndaşımızı ayağa verə bilməzdik. Bu torpaqlardan ötrü vuruşmaq lazım gələcək. Hələ bizə çoxlu Ramil Səfərovlar, Mübarizlər gərək olacaq.