İlham Əliyev sabiq rəisi Prezident Administrasiyasına niyə gətirib?
Ölkə başçısı Ilham Əliyevin Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi Məhərrəm Əliyevlə bağlı gözlənilməz təyinatı barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Əvvəlcə yada salaq ki, Ilham Əliyev noyabrın 30-da Məhərrəm Əliyevin prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının başqa bir sərəncamı ilə isə Məhərrəm Əliyevə general-leytenant hərbi rütbəsi verilib.
Məlumatlara görə, Məhərrəm Əliyevin bu vəzifəyə təyin edilməsi rəqibləri üçün şok effekti yaradıb. Rəqibləri üçün bu təyinat hələ də anlaşılan deyil. Lakin Məhərrəm Əliyevin yaxın çevrəsinə daxil olan şəxslər ona yenidən etimad göstərilməsinin bəzi təfərrüatlarını “Azadlıq”a danışıblar.
Onların sözlərinə görə, əslində Məhərrəm Əliyev hələ bir müddət əvvəl yüksək postlardan birinə təyin edilməli imiş. Lakin rəqibləri müxtəlif üsullarla bunun qarşısını alıblar.
Söhbət onun milli təhlükəsizlik nazirinin müavini vəzifəsinə təyin edilməsindən gedir. Bakı polisinin sabiq şefinin yaxınları deyir ki, bununla bağlı məlumatlar əsassız deyildi. Məhərrəm Əliyevin MTN-ə gətirilməsi real məsələ idi. Lakin məlumatın mətbuata sızması və başqa səbəblər (Məhərrəm Əliyevin yaxınları bu “başqa səbəblər” haqqında danışmaq istəmirlər) Məhərrəm Əliyevin nazir müavini postuna yolunu bağladı.
Bu təyinatdan bir neçə gün əvvəl isə Ilham Əliyev Məhərrəm Əliyevi qəbul edib. Ölkə başçısı ilə sabiq rəis arasında söhbətin detalları nə bizə, nə də onu yaxın çevrəsinə bəlli deyil. Amma Məhərrəm Əliyevin PA-ya gətirilməsində bir neçə mühüm məqam var ki, bunu yaxınları bizdən gizlətmədi.
Birinci məqam ondan ibarətdir ki, sabiq rəisin PA-da mühüm posta təyin edilməsində artıq Ramiz Mehdiyevin müavini Zeynal Nağdəliyevin əhəmiyyətli rolu olub. Məhərrəm Əliyevlə Zeynal Nağdəliyev arasında dostluq münasibətləri var. Bundan başqa sabiq rəis Ilham Əliyevin hər iki qudası ilə dost olub. Məhərrəm Əliyev Moskva Cinayət Axtarış Idarəsində çalışarkən Araz Ağalarova, mərhum Aydın Qurbanova, eyni zamanda iş adamları Telman Ismayılova və Isgəndər Xəlilova himayədarlıq edib. Onun Araz Ağalarov və Qurbanovlar ailəsilə dostluq münasibətləri davam edir.
Ikinci məqam, Məhərrəm Əliyevin seçki ərəfəsində Ilham Əliyev üçün başağrısına çevrilən “Mahir Abdullayev işi”lə bağlı kifayət qədər məlumatlı olmasıdır. Ölkə başçısı hüquq-mühafizə orqanları arasında ziddiyyətləri bildiyindən bu məsələ ilə bağlı Məhərrəm Əliyevin məlumat və məsləhətlərindən yararlanmaq istəyir.
Üçüncü məqam, Məhərrəm Əliyevin Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) rəhbəri, baş nazirin sabiq müavini Abbas Abbasovla düşmən olması ilə bağlıdır. Bəllidir ki, RATI-nin təsis edilməsi Ilham Əliyevi hiddətləndirib. Hətta o səviyyədə ki, ölkə başçısı onunla görüşmək itəyən Abbas Abbasovu qəbul etməyib. Məhərrəm Əliyev Abbas Abbasovla bağlı ciddi kompromatlara malikdir. Ilham Əliyevə də RATI-ni dağıtmaq üçün bu kompromatlar gərəkdir. Digər tərəfdən yuxarıda qeyd etdik ki, Məhərrəm Əliyev vaxtilə iş adamları Isgəndər Xəlilovla, Telman Ismayılova himayədarlıq edib. Sabiq rəisin bu şəxslər arasında kifayət qədər nüfuz sahibi olmasından RATI-nin parçalanması üçün istifadə edilməsi düşünülür.
Məhərrəm Əliyevə hərbi rütbə verilməsinə gəlincə, sabiq rəisin yaxınları bunu təsadüfi saymır. Bildirilir ki, sabiq rəis Ilham Əliyevin etimadını doğruldacağı, qarşısına qoyulan vəzifəni layiqincə yerinə yetirəcəyi təqdirdə yüksək postla mükafatlandırılacaq. Onun Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə gətirələcəyi bildirilir. Lakin Məhərrəm Əliyevin daxili işlər naziri təyin olunacağı da istisna olunmur. Başqa bir ehtimala görə sabiq rəis MTN-nin rəhbərliyinə də gətirilə bilər. Qısası, Məhərrəm Əliyev bu üç postdan birilə mükafatlandırılacaq.