Bir dövlət nə qədər gücsüz, nə qədər zəif, nə qədər miskin olmalıdır ki, gənc, enerjili, yaltaqlığı bacarmayan, cinayətə bulaşmamış, yalnız öz əlinin zəhməti ilə dolanmaq istəyən vətəndaşının ofisiant işləməsinə imkan verməsin, qula çevirdiyi xırda sahibkarlara onu işdən çıxarmağı tapşırsın.
Bu miskinliyi, zəlilliyi təsəvvürə gətirmək mümkün deyil. Ancaq noolsun, Azərbaycanda təsəvvürə gətirmədiyimiz şeylər başımıza gəlir.
Söhbət haqqında cinayət işi qaldırılan Dəyanət Babayevdən getmir – baxmayaraq ki, onun timsalında ümumiləşdiririk: bu gənc iş tapa, həyatını qura bilmir, hətta onun hansısa bir kafedə qeyri-rəsmi, yəni əmək kitabçası yazılmadan xörəkpaylayan “ştatında” çalışmasına da imkan vermirlər; hara əl atırsa, əlini kəsirlər, harda işə düzəlirsə, maksimum 10 gündən sonra müdirciyəzi onu işdən çıxarmağa məcbur olur. Çünki yuxarılardan tapşırıq gəlir, Dəyanət haqqında hakimiyyətin qəti göstərişi var: o, bu ölkədə işləyə bilməz!
Məsələ xarabaya çevrilən bu ölkənin kimlərinsə şəxsi əmlakı, obyekti funksiyasını yerinə yetirməsində deyil, dövlətin hüquq-mühafizə orqanlarının, hakimiyyətin strateqlərinin Dəyanət Babayevin timsalında yüzlərlə, minlərlə gənci hədəfdə saxlamasından gedir. Görün, hüquq-mühafizə orqanları nə işlə məşğuldur, milli təhlükəsizliyimizə cavabdeh olanlar hansı “böyük” hədəfləri nişan alıblar, Prezident Administrasiyasında oturan yep-yekə kişilərin gündəlik siyasi menyularına nələr daxildir?
Mənim ölkəmin DIN-i bir günahsız uşağın başında günlərlə əməliyyat qururmuş; mənim ölkəmin MTN-i bir günahsız uşağı güdməklə, onun harda, kimlə oturduğunu izləməklə məşğulmuş; mənim ölkəmin daxili və xarici siyasətini həyata keçirənlər bir günahsız uşağın işə düzəlib, çörəkpulu qazanmaması üçün gecə-gündüz “agent məlumatlarını” saf-çürük eləmək, xırda sahibkarlara göstəriş verməklə məşğulmuş…
Düşmən əhatəsində çabalayan, torpaqlarının 20 faizi işğal olunan bir dövlətin yönəticilərinin işi-gücü gəncliyi, müxalifəti izləməkdən, öz vətəndaşlarını yağı gözündə görməkdən, onların bir parça çörək qazanmasına, yaşamasına mane olmaqdan ibarətdirsə, ölkənin daxili və xarici siyasətini kim aparır, islahatları kim reallaşdırır, təhlükəsizliyimizi kim qoruyur?
Əlbəttə ki, belə ölkənin xarici siyasəti dalana dirənəcək, islahatlar aparılmayacaq… Çünki dövlət idarə olunmur, yuxarıdakılar mafiya qanunları ilə hərəkət edir, düşünən yoxdur ki, etirazçı kəsimə qarşı bu cür aqressiyanın, allahsızlığın, supergüclərə qarşı barmaq silkələməyin sonu… mübarək olmur, Mübarək olur, Qəzzafi, Bin Əli, Bəşər Əsəd olur.
Üzəduranlar, şərçilər, böhtançılar dəstəsi yetişdirirlər: harda nadürüst, naxələf, vələdüzzina, içində pislik olan birisi varsa, üzə çıxardırlar, daxilindəki şəri inkişaf etdirirlər, Qənimət Zahidlərin, Dəyanət Babayevlərin üzünə qoyurlar. Hər polis bölməsinin, sahə müvəkkilinin, çekistin, prokurorun neçə belə üzəduranı var? Onlar nə qədər şərəfli adamın üzünə durub, onları şərləyib, insanların içinə bu dövlətə qarşı nifrət toxumu səpiblər?
Neçə min insanın evi başına yıxılıb? Neçə min adam rüşvətxorun, məmur özbaşnalığının girovuna çevrilib, hər gün taleyinə lənətlər yağdırır?
Işini bilməyən, yalnız rüşvət almağı bacaran savadsıza yaradılan şərait səbəbindən gündə neçə min adam əziyyət çəkir, qabalıq, kobudluq, vəhşilik görür?
Görün nə gündəyik ki, mitinqə çıxan və jurnalisti döyən polis sonradan üzr istəyir, “mətbuat işçisi olduğunu bilməmişəm” deyir. Faciədir, biabırçılıqdır… Bu savadsız, ömrü uzunu bir qəzet, bir kitab üzü açmayan adamı DIN sıralarına niyə götürmüsünüz? Iri hərflərlə yazılmış “pressa” köynəyi geyinən insanın kimliyini bilmirsə, “pressa”nın nə olduğunu qanmırsa, beləsinin dövlət qulluğunda nə iti azıb?
Bu cür savadsız, riyakar, üzəduran, yalançı şər ordusunun, bu cür vətəndaş ovuna çıxmağın, neft pullarına alınan müasir dinləmə qurğularını ölkənin düşmənlərinə yox, vətəndaşlarına qarşı tətbiq etmənin hansı aqressiyanı doğurduğundan yəni bunların xəbəri yoxdur?
Artıq yetişib, nifrət son həddə çatıb: şərə düçar olanların sayı minlərlədir, quru yurdda qoyulanlar on minlərlə, incidilən, qanunlara tüpürməklə allahsızcasına həbs edilən və ya daim basqı altında əzilənlər milyonlarladır.
Elə bilirsiniz ki, yetişdirdiyiniz şər ordusu səpdiyiniz və bəhrəsini görəcəyinizə heç bir şübhə olmayan bu nifrət dalğasından sizi qoruyacaq?
Əmin olun, himayə etdiyiniz yalançı buqələmunların, şərçi yaramazların, savadsız “ölü canlar”ın nifrət günündə ilk işi sizin üzünüzə durmaq olacaq.