Beynəlxalq aləm Elşad Abdullayevin videolarına münasibət bildirməyə tələsməsə də, dünyanın supergücləri artıq seçimini ediblər – onlar hər ötən gün Əliyevlər rejimi ilə əməkdaşlıqda maraqlı olmadıqlarını büruzə verməkdədirlər. Rejimin ən güclü müttəfiqi Rusiya Azərbaycan iqtidarına alternativ axtarışında olduğunu qalmaqallı “milyarderlər klubu”na göstərdiyi “loyallıq”la ortaya qoydu. Putin dolayısı ilə dedi ki, artıq nə raqozinlər beynəlxalq qurumlarda Azərbaycan rəhbərliyini müdafiə edəcək, nə də ki, ruşaylolar Bakıdakı seçkilərdə son bülletenlər “sayılana qədər” yuxularına haram qatacaqlar.
Məntiqə görə, Rusiya kimi nəhəng dövlətin siyasi dəstəyindən məhrum olan rejimə, Qərb tərəddüd etmədən sahib çıxmalı idi. Lakin, prezident Ilham Əliyevin YAP-ın yubileyində etdiyi çıxışında Qərb demokratiyasının aşağılaması, birmənalı olaraq bu versiyanın da üzərindən xətt çəkdi. Hələ bütün bunlar azmış kimi, rejimə növbəti, bəlkə də həlledici zərbə Meksika kimi bloklara qoşulmayan, neytral və Qərblə müqayisədə “yarımdemokratik” bir dövlətdən gəldi. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin bu ölkənin paytaxtı Mexikoda əsrarəngiz(!) bir şəkildə ucaldılmış heykəli götürülmək üzrədir. Artıq iqtidar da antiMeksika təbliğatına start verib.
Rejimin Xocalı soyqırımını tanıyan, onun qurbanlarına Mexikoda abidə ucaldan bu dövləti az qala düşmən elan etmək qədər absurd, məntiqə sığmayan bir addımı “başadüşüləndir”. Iqtidarın düşdüyü vəziyyət mənə “Qafqaz əsiri” filmindən bir fraqmenti xatırladır. Füsunkar Ninanı oğurlayan Saaxov, qızın şiddətli müqavimətini gördükdə, iki çıxış yolunun olduğunu obrazlı şəkildə belə ifadə edir:
– Ya bu qız məni prokurorluğa aparacaq, ya da mən onu “zaqsa”.
Saaxov yanılırdı, onun daha bir çıxış yolu var idi, o, Ninanın ayaqlarına düşüb səhvini etiraf etməli, onun qohum-əqrəbasından kömək istəməliydi, lakin o bunu etmədi və yalnız müttəhimlər kürsüsündə əyləşəndə səhvini anladı…
…Elşad Abdullayevin göndərdiyi videolardan sonra, istər Rusiya, istərsə də Qərb Azərbaycan iqtidarından əlini üzüb və adlarının rejimlə bir hallanmasından ehtiyat edirlər. Xaricdə yaşayan soydaşlarımız bu videoları müxtəlif dillərə tərcümə edərək, artıq bütün dünyaya Azərbaycan həqiqətlərini çatdırırlar. Yəni dünya Azərbaycanda baş verənlərdən çox narahatdır və Ilham Əliyevdən açıqlama gözləyirlər. Avropa ölkələrində müxalifət partiyaları, vətəndaş cəmiyyətləri isə, hazırda bu piardan rəqiblərinə qarşı istifadə etməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, Almaniya kimi demokratik dövlətin prezidentinin istefa səbəblərindən biri də onun xanımının Əliyev rejiminin tədbirində iştirak etməsi idi. Mexikodakı heykəl qalmaqalı isə, ölkənin prezidentliyinə ən real namizəd sayılan bu şəhərin meri Marselo Ebrardın opponentləri üçün göydəndüşmə oldu…
…Hazırda Əliyev rejimi vəziyyətdən yeganə “çıxış yolunu”, xalqı əzməkdə və onun sərvətini talamaqda görür. AXCP fəalı Dəyanət Babayevin şərlənərək həbs edilməsi, müxalifətə qarşı amansız repressiya, vətəndaşların sərbəst toplaşmaq hüququnun ağlasığmaz dərəcədə məhdudlaşdırması ilə yanaşı, ölkədən xaricə böyük pullar axıdılması müşahidə edilib. Avropada, Asiyada böyük şirkətlər, daşınmaz əmlaklar alınır. Dövlət şirkəti sayılan SOCAR-ın Holandiyanın “Vitesse” klubuna “sponsorluğu” isə, əslində böyük pulların “obnaliçka”sıdır.
…Hanı Qəzzafinin, Mübarəkin, Əsədin milyardları? Xalqın pullarını da batırdılar, özləri də batdılar, geridə xarabalıqlar buraxdılar…
Biz də Azərbaycan olaraq, oxşar faciənin bir addımlığındayıq. Rejimin törətdiklərini etiraf edib, xalqdan üzr istəməməsi, təcili islahatlara getmək əvəzinə “ya xalqa verən allah, ya mənə” prisipi ilə hərəkət etməsi ağlasığmaz kataklizmlərdən xəbər verir.
“Belə getsə, Misir və Liviya, bizim yanımızda toya getməli olacaq”- bu fikri dünya şöhrətli kinodramaturq və yazıçı Rüstəm Ibrahimbəyov kimi realistin dilindən eşitmək isə, razılaşın ki, çox qorxuludur…