İlham Əliyev xalqın etimadını qazanmaq üçün müvəqqəti rüşvət və korrupsiyaya qarşı mübarizə görüntüsü yaradır
Azərbaycan hakimiyyəti Tunis və Misirdə baş verən inqilabi proseslərdən sığortalanmaq üçün aldadıcı addımlar atmaqda davam edir. Hələ Tunisdə və Misirdə məlum hadisələr başlananda “Azadlıq” yazmışdı ki, Azərbaycan hakimiyyəti baş verənlərdən təşvişə düşüb.
Ilham Əliyev Davos səfərindən öncə Təhlükəsizlik Şurasının üzvü olan məmurlarla toplantı keçirərək Tunis və Misirdəki proseslərin Azərbaycana mümkün təsirlərini müzakirə edib. Iqtidar ideoloqları qərara gəliblər ki, oxşar hadisələrin Azərbaycanda baş verməməsi üçün müvəqqəti olaraq davranış qaydalarında dəyişiklik etmək lazımdır. Beləliklə də, bütün sahələrə göstəriş verilib ki, vətəndaşları incitməyin. Bunun ardınca Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasını keçirdi. Həmin iclasda PA rəhbəri bir sıra sahələrdəki nöqsanları dilə gətirdi, Ilham Əliyevin adından bəzi məmurlara barmaq silkələdi və s. Bu iclas da Tunis və Misirdəki hadisələrdən sığortalanmaq üçün cızılmış planın tərkib hissəsi idi.
Artıq Ramiz Mehdiyevin Ilham Əliyevin adından təşkil etdiyi “şou”nun icrasına başlanılıb. Dövlət qurumlarında kollegiya iclaslarının ardı-arası kəsilmir. Xırda çinovniklər ard-arda qurban verilir və s. Beləliklə də görüntü yaradılır ki, guya Ilham Əliyev xalqın rifahını, ölkənin inkişafını düşünür. Əslində isə hər kəsə bəllidir ki, korrupsiya və rüşvət piramidasının başında elə Ilham Əliyev özü dayanır. Sadəcə dövlət başçısı Bin Əli və Hüsnü Mübarəkin taleyini yaşamamaq üçün ideoloqlarının məsləhətilə bu tip addımlar atır və düşünür ki, bununla xalqın etimadını qazana biləcək. Amma əbəs yerə…
İnformasiya şöbəsi