Tiranlar isə yaxın adamlarını bir göz qırpımında qurban verirlər…
Misir prezidenti Məhəmməd Hüsnü Mübarək xalqdan aman və vaxt istədi. Misir xalqı isə 30 il ərzində xalqa divan tutmuş birinə 30 gün daha dözmək fikrində deyil. Tunisdə baş verənlərə daha sakit münasibət ifadə edən Avropa Birliyi təmsilçiləri Misir xalqına daha açıq dəstək verdilər və Avropa Parlamenti sosial demokrat qrupunun rəhbəri Hüsnü Mübarəkə xitabən “Istefa ver və müstəbid liderlərin hakimiyyətdən getməsinə yol aç” şəklində bir çağırış etdi.
Dünya bu olayların təsirində ikən hadisənin istiliyi Misirdə soyuq bir başla qorunub saxlanılır. Hakimiyyətin əsas alternativi kimi qəbul olunan Məhəmməd əl-Baradeyi Hüsnü Mübarəkə cümə gününə kimi vaxt verib. Mübarək “Misirdə ölmək istəyirəm” deyib. Amma o, Misiri, hətta ölmək üçün yaramayan bir ölkəyə çevirdiyinin fərqində deyil. Bütün diktatorlar bu fərqi anlayıb, qəbul edəndə artıq gec olur…
Türkiyə dilləndi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın münasibəti isə daha kəskin oldu. O, Hüsnü Mübarəkə xalqın tələblərinə bir an öncə əməl etmək çağırışını etdi. Ankaranın bu açıqlamasından öncə diqqəti cəlb edən məqam ABŞ prezidenti Barak Obamanın baş nazir Ərdoğana telefon zəngidir. Obama sözügedən regionda demokratik yolla hakimiyyətə gəlmiş Türkiyə baş nazirinə Misirdə cərəyan edən hadisələrdə xalqı dəstəkləyəcəyinə əmin olduğunu dedi. Türkiyə sözsüz ki, regionda demokratiya və hakimiyyətlərin sabit dəyişməsinə nümunə bir ölkədir. Amma Ankaranın bütün əhəmiyyəti təkcə bu deyil. Türkiyə uzun illərdir “yurdda sülh, cahanda sülh” prinsipinə əsaslanan bir siyasət aparır. Misir isə bu regionun əhəmiyyətli dövlətlərindəndir. Türkiyə Hüsnü Mübarəkə “get” dedisə, deməli, onunla bütün səviyyələrdə əməkdaşlığın mümkün olmadığı və Misirin tamam başqa bir gələcəyi qərarlaşdırılıb. Bu qərarı Türkiyə verməsə də, Ankara ən ehtiyatlı mövqedən çıxış edən mərkəz kimi belə bir dəqiqlik olmadan açıq danışmazdı. Görünür ki, regionun taleyi açıq-aşkar şəkildə dəyişdirilir. Bu açıqlığın bariz nümunəsi barədə də yazacağıq.
Obama nə demək istəyir?
ABŞ prezidenti Misirdəki vəziyyəti 3 saatlıq müşavirədə gözdən keçirdi. Bundan sonra Hüsnü Mübarəkə zəng edərək “dəyişikliklər bir an öncə başlamalıdır” dedi. Bu telefon zəngindən daha maraqlı məqam isə ABŞ rəhbərliyinin bu qədər açıq-aydın və birbaşa siyasət yürütməsidir. Obama administrasiyası sivil siyasi tarixin görmədiyi nümunələri yaratmaqdadır. Bu, həm də Ağ Evin həqiqi mövqedə durmaqdan çəkinmədiyinin və etdiklərinin doğruluğuna inandığının göstəricisidir.
Obama bütün diktatorlara demək istəyir ki, sizinlə gizli savaş artıq bitdi. Bu, həm də istibdad rejimlərinin xalqlarına bir mesajdır. Diktatorlara qarşı çıxan xalqlar isə bundan sonra açıq dəstək alacaqlarını gördülər. Obama hökuməti ərəb dünyasında demokratik dəyişikliklərə dəstək verməklə mümkünsüzü mümkün etmək iddiasında və gücündə olduqlarını bəyan etdi. Bu mesajı hər kəs duymalıdır. Diktatorlar da, demokratlar da…
İslahatçı ərəblər var imiş
Ərəb dünyasında böyük bir “islahatçılar” ordusu var imiş. Papaq altında da deyilmişlər. Hakimiyyətdə, xalqın kürəyində qərar tutubmuşlar. Inqilablardan təsirlənərək hər kəs hökumətləri istefaya göndərir. Ey qan içən zalımlara xidmət edən boz kardinallar, cəllad əyanlar, görürsünüzmü su hökmdarın boğazına çatanda sizi necə ayağı altına atır?
Bu, bütün dünyada belədir. Bir kürsü üçün illərlə sadiqlik göstərmiş adamları bir göz qırpımında zindana atmaq, vəzifədən vurmaq, acıqlı kütlələrə yem etmək tiranların dəyişməz xüsusiyyətidir. Hər kəs nəticə çıxarsın bu olanlardan. Tiranların islahat istedadı daha necə ola bilər ki? Ancaq yaxınlarını qurban verərlər… Amma əbədi rahatlıq həqiqətin yanında olmaq deyilmi? Insan doğru yolda olanda yaşamaqdan da, ölməkdən də qorxmur…
Seymur Həzi