İş adamına məxsus «Birlikbank»ın terrorçuluğu maliyyələşdirdiyi əsas gətirilərək fəaliyyəti qapadılıb
Azərbaycan Mərkəzi Bankının (AMB) Idarə Heyətinin qərarı ilə fəaliyyətdə olan “Birlikbank”ASC-nin lisenziyası ləğv edilib. Bu barədə “Bizim Yol” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, “Birlikbank”a bank əməliyyatlarının aparılması üçün verilmiş 30.06.1993-cü il tarixli, 154 saylı lisenziya “Banklar haqqında” Qanunun 16.1.8-ci (bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə, o cümlədən, ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə), 16.1.9-cu (“bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda) və 16.1.18-ci maddələrinə (bank və ya xarici bankın yerli filialı bu Qanuna və Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq Mərkəzi Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə) əsasən, ləğv olunub.
Göründüyü kimi, “Birlikbank”ın fəaliyyətinin qapadılmasının bir səbəbi də terrorçuluğun maliyyələşdirilməsi göstərilib. Hər halda “Banklar haqqında” Qanunun 16.1.9-cu maddəsi bunu ehtiva edir. Lakin “Birlikbank” ASC-nin həqiqətən terrorizmi maliyyələşdirib-maliyyələşdirməməsinin araşdırılması ilə bağlı Mərkəzi Bankın Baş Prokurorluğa və ya Milli Təhlükəsizlik Nazirliyinə hər hansı təqdimat verməsi, bununla əlaqədar cinayət işinin açılması faktı bəlli deyil.
Onu da qeyd edək ki, bu bank “Amay” şirkətinin sahibi, “Amay Abdulla” kimi tanınan iş adamına məxsusdur. “Amay Abdulla” barədə mətbuatda çoxsaylı yazılar gedib. Onun kürd kökənli olduğu bildirilir. Bəzi məlumatlarda “Amay Abdulla”nın PKK-ya yaxınlığı da iddia edilir. O, həmçinin dövlət başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevin adamı kimi tanınırdı.
Bu arada Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Idarəsinin əməkdaşları AMAY firmasının icraçı direktoru Elşən Novruzovu saxlayıblar.
Məlumatlı mənbələrdən “Turan”a bəlli olub ki, E.Novruzovun saxlanmasına səbəb girov qoyulmuş əmlakın müqabilində bankdan götürülən maliyyə vəsaitini qaytara bilməməsidir. “Bu iqtisadi məsələdir, maliyyə vəsaitinə əvəz olaraq həmin əmlak götürülə bilərdi və bundan ötrü iqtisadi bir məsələni cinayət müstəvisinə gətirməyə ehtiyac yox idi”,- deyə AMAY-dakı mənbə bildirib.
Hələlik E.Novruzova qarşı hansı ittihamın irəli sürüldüyü məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, söhbət “Texnikabank”dan götürülmüş 40 mln. manat məbləğində kreditdən gedir. Girov kimi daşınmaz əmlak qoyulub.
Qeyd edək ki, bir müddətdir AMAY ciddi çətinliklərə məruz qalıb və kreditin ödənilməsini daha bir tərəfdaş “Xalq Sənaye bank” tələb edib. Məhkəmə çəkişməsilə əlaqədar firma girov qoyulmuş mağaza və iki müəssisədən istifadə edə bilməz. Firmanın ən iri obyekti Fəhlə prospektindəki ticarət mərkəzidir və bu, Bakıda ən böyük ticarət mərkəzlərindən biridir. Lakin “Sədərək” və “Binə” bazarları açıldıqdan sonra AMAY rəqabətə davam gətirə bilməyib.