Eynulla Fətullayev prokurorluğu necə təbrik etmək fikrindədir?
2007-ci ilin aprelindən bəri həbsdə saxlanılan “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı dünən daha bir məhkəmə yekunlaşıb. Budəfəki məhkəmə məhbus jurnalistin Bakı Şəhər Prokurorluğuna qarşı 1 manatlıq iddiasıyla bağlı idi. Daha doğrusu, baş redaktor prokurorluğa qarşı iddia qaldırsa da, Səbayel Rayon Məhkəməsi onun iddiasını təmin etməmişdi. Fətullayev də məhkəmənin sözügedən qətnaməsindən apellyasiya şikayəti vermişdi ki, dünən həmin şikayət üzrə qərar çıxarılıb. Gözlənildiyi kimi, məhkəmə jurnalistin şikayətini təmin etməyib.
Jurnalistin prokurorluğa qarşı iddiası təqsirsizlik prezumpsiyasının pozulmasıyla bağlıdır. Eynulla Fətullayevin üzərindən cəzaçəkmə müəssisəsində narkotik tapılmasına dair ittihamla ötən ilin əvvəlində jurnalistin barəsində cinayət işi başlandıqdan sonra Bakı Şəhər Prokurorluğu nəinki məhkəmənin, hətta ibtidai istintaqın belə, nəticəsini gözləmədən bu barədə bəyanat yayıb. Bəyanatda Fətullayev narkotik istifadəçisi və cinayətkar kimi ictimaiyyətə təqdim olunub ki, bu da birmənalı şəkildə həm yerli qanunların, həm də Avropa Konvensiyasının pozulmasıdır. Çünki şəxsin təqsirinin sübuta yetirildiyi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan kimsə onu cinayətkar adlandıra və ya ictimaiyyətə bu cür təqdim edə bilməz.
Eynulla Fətullayev bu hüquq pozuntusunun tanınmasını, bu əmələ yol verdiklərinə görə Bakı Şəhər Prokurorluğundan simvolik olaraq 1 manat təzminat tutulmasını tələb edirdi.
Yeri gəlmişkən, Eynulla Fətullayevə qarşı bu cür münasibət artıq bir dəfə Avropa Məhkəməsinin qərarı səviyyəsində pislənilib. Baş prokuror Zakir Qaralovun məhkəmə hökmü olmadan onu cinayətkar kimi təqdim etməsini Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyasının pozuntusu kimi qiymətləndirib.
Göründüyü kimi, belə bir qərardan sonra da Azərbaycanın hüquq-mühafizə orqanları yenə öz ampluasındadır. Ən pisi odur ki, öz fəaliyyətlərində Avropa Məhkəməsinin presedent qərarlarından istifadə etməyə borclu olan yerli məhkəmələr bunun əksinə hərəkət edirlər. Fətullayevə münasibətdə təqsirsizlik prezumpsiyasının pozulduğu aşkar göründüyü halda, məhkəmələr prokurorluğun əleyhinə qərar çıxarmağa cəsarət etmirlər.
Dünən Bakı Apellyasiya Məhkəməsində Fətullayev çıxış edərək şikayətini konkret arqumentlərlə əsaslandırıb:
– Səbael Rayon Məhkəməsinin çıxardığı və hazırda mübahisələndirdiyimiz qətnamədən bir neçə gün sonra Azərbaycanı Avropa Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev məxsusi olaraq bəyanat verərək, hüquq-mühafizə orqanlarını, xüsusilə də prokurorluğu bu tipli bəyanatlardan çəkinməyə çağırdı. Xanlar Hacıyev açıq-aşkar qeyd etdi ki, hüquq-mühafizə orqanları bu cür ənənəvi bəyanatlarına son qoymalıdır. Çünki Avropa Məhkəməsində təqsirsizlik hüququ ilə bağlı işlərə baxılarkən vətəndaşların Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququnun pozulduğu təsdiqlənir və Azərbaycan cərimələnir, dövlətimizin mənafelərinə xələl gəlir. Səbayel məhkəməsinin hakimi Elnur Həsənov mənimlə bağlı qətnamədə Avropa Məhkəməsinin qərarını təhrif edib. Qətnamədə yazır ki, “Avropa Məhkəməsi Eynulla Fətullayevlə bağlı qərar çıxararkən xüsusi olaraq qeyd edib ki, tanınmış şəxs olduğundan onunla bağlı məlumatlar yayılmalıdır”. Ancaq nədənsə, Elnur Həsənov həmin qərarın ikinci cümləsinə istinad etmir. Ikinci cümlədə yazılıb ki, “tamamilə doğrudur, jurnalist tanınmış şəxsdir. Onunla bağlı məlumatlar açıqlanmalıdır. Amma jurnalistlə bağlı məlumat yayan dövlət orqanı ehtiyatlı olmalı, onun təqsirsizlik prezumpsiyası hüququna xələl gətirməməlidir”.
Bakı Şəhər Prokurorluğu rəsmi açıqlama yayaraq, birbaşa məni cinayətdə ittiham edib, narkotik istifadəçisi olduğumu kateqorik şəkildə ictimaiyyətə çatdırıb. Istintaq başa çatmamış mənim qanımda narkotik tapılması barədə ekspert rəyinə istinad edib. Halbuki həmin mərhələdə ibtidai istintaqla məhz ekspertizaya dair mübahisəmiz var idi. Biz alternativ ekspertizanın keçirilməsini tələb edirdik. Bu vəsatətə baxılmamış Bakı Şəhər Prokurorluğunun bu cür bəyanatla çıxış etməsi şübhəsiz ki, təqsirsizlik prezumpsiyası hüququmun pozulmasıdır.
Bakı Şəhər Prokurorluğunun nümayəndəsi Ramiz Rzayev isə apellyasiya şikayətinin təmin olunmamasını istəyib. Bu cür mövqedən sonra baş redaktorun belə bir replikası olub:
– Ramiz müəllim, bir ildən sonra Avropa Məhkəməsinin qərarını təqdim edib, sizi təbrik edəcəyəm.
Apellyasiya Məhkəməsinin 1 manatlıq iddia ilə bağlı bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Aytən Məmmədova