Araz Gündüz
Məhkəmə Sokrata ölüm hökmü kəsəndən sonra, orada olanlardan biri, Sokratı ürəkdən sevən və çox sadə qəlbli bir şəxs olan Apollodor demişdi:
–Sokrat, mənə ağır gələn odur ki, sənə düzgün olmayaraq ölüm kəsdilər.
Deyirlər, Sokrat onun saçlarını oxşayıb demişdi:
–Əziz dostum Apollodor, yoxsa, mənə düzgün olaraq ölüm kəsilməsini görmək istəyirdin?
Bunu deyəndə o gülümsəmişdi.
Sokratın ona ölüm hökmü kəsilən məhkəmədə dediyi son sözdən iki çıxarış:
Məhkəmə qurub, məni alçaltmaq istəyirsinizsə, onda niyə mənə qarşı sürülən ittihamlardan biri də, burada doğrulmadı?
Bilirsinizmi, mən nəyə arxayınam? – necə ki keçmiş çağlar bugünümüzə ancaq doğru olanları gətirib çıxarır, elə gələcək çağlar da, bu günə şahidlik edib, mənim kim olduğumu o çağlara olduğu kimi çatdıracaqdır.
Sokratın şagirdi Ksenofanın “Sokrat haqqında xatirələrim” adlı kitabından.
Bcardıqca qısa yazmağa çalışacağam, özümün də, sizin də, tarıma çəkilmiş əsəblərini sınağa çəkmək istəmədiyim üçün.
Qoca tarixin dəhşət saçan istehzasına baxın: Sokratı şərləyən, sifarişli məhkəmə qərarı ilə ona ölüm hökmü kəsdirən Anit adlı alçaq da, dəri alverçisi idi.
Tofiq Yaqublu haqqında bir insan şəxsiyyətinin bəzəyi sayılan bütün yaxşı sözləri demək mümkündür: o öz həyatında şərəfli adına kölgə salan, ləkə gətirən heç bir addım atmamışdır, vətəndaşlıq, insanlıq borcunu qeyri-adi bir iradə və könül açıqlığı ilə ödəmişdir. Zülmün tüğyan etdiyi bir ölkədə bundan artığını etmək mümkün deyildi!
Tofiq Yaqublunun şərlənmə səbəbi hamıya bəllidir: mütləq şəri təmsil edən bir hakimiyyət: xalqın vicdanını, şərəfini, öz haqqı uğrunda döyüş əzmini fadə edən bir insanın xalqın içində olmasına, onu öz qanuni haqlarını alması üçün səfərbər etməsinə yol verə bilməzdi.
Yenə Sokratın tarixi taleyinə qayıdıram: dostları pul toplayıb keşikçiləri satın almış, Sokratı ölümdən qurtarmaq üçün zindandan qaçırmaq planı hazırlamışdı. Sokrata qaçmağı təklif edəndə o demişdi: qaçmağım, xalqda belə bir fikir yaradardı ki, mən haqsızam, məni şərləyənlər isə haqlı. Mənim tutduğum yolda geriyə addım atmaq yoxdur, bu mənim seçdiyim yoldur: ən düz, ən haqlı bildiyim bir yol!
Tofiq Yaqublu, bizi bir xalq olaraq sınaq qarşısında qoydu: ya biz xalq olaraq bugün onu ölümdən qurtarmalı, özümüzün gücü, dirənişi, qalxışması ilə şəri təmsil edən bu hakimiyyətdən onu azad etməyi tələb edib buna nail olmalıyıq, ya da o öz ölümü ilə bizim xalq olaraq miskinliyimizi, hakimiyyətin alçaqlığını sübut edəcəkdir. Tofiq Yaqublunun azad edilməsi barədə hakimiyyətə yönələn xahişlər rejim başçısının vicdanına olan çağırışdır: ancaq bu çağırış, əslində, olmayan ünvana göndərilən ismarışdan başqa bir şey deyildir.
Biz indi tariximizin elə bir miskin dövrünü yaşayırıq ki, gözümüzün önündə şərlənən, əzab və işgəncəyə məruz qalan ən şərəfli xalq övladlarını xilas etmək gücündə deyilik, bizi belə bir biabırçı duruma salıblar və biz də buna razılıq vermişik!
Real həyata qayıdaq. Tofiq Yaqublu şərlənib, hakimiyyətin sifarişini yerinə yetirən məhkəmənin hökmü ilə həbsə məhkum olunub. Onun azad olunması iki yolla mümkündür: birincisi, İlham Əliyevin əvf sərəncamı verməsi, ikincisi, apellyasiya məhkəməsinin hökmü ləğv etməsi ilə. İlham Əliyevdən belə bir lütf gözləməyə dəyməz: çünki, o bununla qorxu altında saxlamağa çalışdığı xalqın qarşısından qaçmalı olduğunu düşünür, hesab edir ki, bu addım onun şər hakimiyyətinin sonu, törətdiyi cinayətlərin hesabını verməsinə gətirib çıxaran hadisələr zəncirinin ilk həlqəsi ola bilər. Sadəcə: “Tofiq Yaqublunu azad et!” hayqırtıları ilə bu mənfur rejim onu həbsdən azad etməyəcək: çünki, bunun üçün ən azından daha yuxarı məhkəmə instansiyasının qərarı lazımdır. Deməli, hakimiyyətin bütün iyrənc vasitələrlə keçirilmə vaxtını uzatdığı bu apellyasiya məhkəməsinı sınamaq doğru yol olardı. Onsuz da, hakimiyyət daha özünün şərləmə, qarayaxma tədbirlərinin işləmədiyini, zamanla öz əksinə çevrildiyini bilir.
Bugün Əli bəy Kərimli çox doğru bir addım ataraq, Tofiq bəyə aclığı dayandırmaq barədə çağırış etdi. Məncə də, Tofiq bəy aclığı dayandırmalı, 28 sentyabra təyin olunmuş apellyasiya məhkəməsində bu rejimi ifşa etmək, onu mənəvi cəhətdən darmadağın etmək üçün güc toplamalıdır.
Mən Cemil Hasanli bəydən, Tofiq bəyin sözünü eşitdiyi digər əqidə yoldaşlarından, ona birbaşa müraciət edib bu ölüm aclığını ən azından müvəqqəti də olsa dayandırmağı xahiş etməyə çağırıram. Bizim mübarizəmiz qısa vaxta və tələsik nəticəyə hesablanmayıb, xalqımızın öz insani haqlarına qovuşması üçün qarşıda uzun, əzablı və fərəhli bir mübarizə yolu bizi gözləyir.