“Müdafiə Xətti” qeyd edir ki, AXCP Salyan şöbəsinin fəalı Zamin Salayev saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə, qeyri-insani rəftara məruz qalıb. Z.Salayev ailə üzvləri ilə telefonla danışan zaman 4 gündür aclıq etdiyini, buna görə müəssisə əməkdaşları tərəfindən döyüldüyünü bildirib. Telefon əlaqəsi kəsildiyindən ailəsi aclığın səbəbini, təzyiqlərə məruz qalmasının təfərrüatını tam öyrənə bilməyib. Z.Salayevin Tofiq Yaqubluya dəstək üçün aclıq etməsi ehtimal olunur.
“Müdafiə Xətti” qeyd edir ki, AXCP fəalı Z.Salayev Salyan Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Həmzə Əzizovun xüsusi ittiham qaydaslnda şikayəti əsasında cinayət təqibinə məruz qalıb.
“Müdafiə Xətti” qeyd edir ki, Z. Salayev sosial şəbəkələrdə video yayaraq H. Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə təqsirləndirib. Bundan sonra H.Əzizov Salyan Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib, Z. Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
20 aprel 2020-ci il tarixdə məhkəmə polis kapitanının şikayətini təmin edib, Z. Salayev H.Əzizova ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqda və onu təhqir etməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Lakin Z.Salayevə qarşı irəli sürülən ittihamın quramalığı, onun müxalif siyasi möqeyindən qaynaqlandığı yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarında şübhə doğurmayıb. Z.Salayev dərhal siyasi məhbus elan edilib.
“Müdafiə Xətti” qeyd edir ki, bu Z. Salayevin siyasi motivlərlə ilk həbsi deyil. O, dəfələrlə qondarma ittihamlar əsasında inzibati məsuliyyətə cəlb olunub, barəsində inzibati həbs seçilib.
“Müdafiə Xətti” bildirir ki, Z. Salayevin barəsində çıxarılmış ədalətsiz və əsassız ittiham hökmündən qısa müddət əvvəl 30 sutka inzibati qaydada həbs edilmişdi. Polis idarəsində Z. Salayev işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qalmışdı ki, bu da sonradan ağır cərrahi əməliyyatı qaçılmaz etmişdi.
“Müdafiə Xətti” Ombudsmana və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinə müraciət edir ki, Z.Salayevin durumunu hümanitar qaydada nəzarətə götürüb, onu saxlandığı 16 saylı CÇM-də ziyarət etsinlər, işgəncə və digər qanunazidd halların qarşısının alınmasından ötrü təxirəsalınmaz tədbirlər həyata keçirsinlər.
“Müdafiə Xətti” Baş Prokurorluğun aidiyyəti struktur bölmələrindən tələb edir ki, Z.Salayevə qarşı törədilən işgəncə ilə əlaqədar araşdırma apararaq məsuliyyət daşıyan vəzifəli şəxslərin dairəsini müəyyən edib, qanunauyğun surətdə tədbir görsünlər.