Böyük cinayətlər törədənlərə kiçik cəza

Ilham Hüseyn

Adamı dəli gülmək, gic ağlamaq tutur. Yüzlərlə günahsız insanı sifarişlə zindana göndərən məhkəmə, bu gün də sifarişlə Ramiz Mehdiyevin kürəkənin 15 sutkalığa göndərib. Cənablar, bu mənzərəyə ədalətin təntənəsi görüntüsü verməyə çalışmayın. Dünən Tofiq Yaqublunun məhkəməsindəki tamaşadan sonra, bu gün Ramiz Mehdiyevin kürəkəninin məhkəmə tamaşasına baxdıq. Qarabağ yürüşündə iştirak etməyən adamları ən ağır maddələrlə şərləyənlərin ədalətinə kim inanar? Bu gün karantin qaydaların pozan kürəkən, şərlənib həbs olunmuş cəbhəçilərlə eyni məkanı paylaşacaq. Bu necə ədalətdir ki, günahkara və günahsıza eyni donu biçir?
Gülməli və ağlamalı bilirsiz nədir? Bu adamların ən yüngül pozuntu əməli karantində toy etməkdi. Saxta mandat daşımaq, dövlətin sərvətin mənimsəmək, vicdanlı adamlara divan tutmaq daha böyük cinayətdi.
Nə qədər ki, günahsız insanlara bəraət verilməyib, nə qədər ki, işgəncə alətləri həbs olunmayıb, nə qədər ki, milyarder məmurlar ağalıq edir, heç bir islahatdan, heç bir ədalətdən danışmaq olmaz.
Tamaşanın bir hissəsi də bilirsiz hansı tərəfdən göründü? Tofiq Yaqublunun məhkəməsinə “karantin qaydalarına əməl olunmalıdır” deyib, heç kimi buraxmayan hakimlər, kürəkənin məhkəməsinə jurnalist ordusu buraxıblar.
Ey gidi dünya, Ramiz Mehdiyevin kürəkəninin məhkəməsin Ata Abdullayev işıqlandırır))