Şəhid olmaq istəyənləri məhbus etməyin
AXCP sədri Əli Kərimli
İyul ayının 12-də Tovuz istiqamətində başlanan erməni hücumlarından sonra Bakının mərkəzində keçirilən Qarabağ yürüşü bu ölkəni sevən hər kəsi qürurlandırdı. Sevindik ki, hələ də milli ruhumuz, vətən sevgimiz diri qalıb. Ağlımızın ucundan da keçməzdi ki, hakimiyyət bu qürur yürüşündən qisasçılıq vasitəsi kimi istifadə edəcək. Dövlətinə, xalqına bağlı olan istənilən hakimiyyət bu hadisəyə görə sevinərdi, onu düşmənə qarşı ən böyük silaha çevirərdi. Amma görürük ki, hər şey əksinədir. Heç bir günahı olmayan insanlara divan tutulur və bu zülmkarlığı edənlər, cənab prezident, sizin məlum çıxışınızdan ilhamlanıblar.
Biz məhbus ailələri tələb edirik ki, həbs edilən 30 nəfərdən artıq AXCP üzvünün hər hansı təxribat törətdiyi barədə sübut və dəlillər təqdim edilsin. Əgər bizim övladlarımızın, ailə üzvlərimizin Milli Məclisdə təxribat törətməsinin, insanları iğtişaşa səsləməsinin sübutu varsa, cəmiyyətə təqdim olunsun. Siz ölkə başçısı olaraq, sübut edin ki, bu adamlardan siyasi mənsubiyyətinə görə qisas almırsınız.
Bu günə qədər yayılan materiallar göstərir ki, ağır maddələrlə həbs edilmiş həmin insanlar dinc yürüş iştirakçısı olub və bəzi hallarda aqressivliyin qarşısını alıblar.
20 faiz ərazisi işğalda olan ölkənin hakimiyyəti “Qarabağ” deyənlərə divan tutursa, düşmənə bundan böyük mükafat ola bilməz.
Biz məhbus ailələri ölkə rəhbərliyinə səslənirik. Düşməni sevindirməyin, vətənpərvər insanlara zülm etməyin. Bizim həbs etdiyiniz övladlarımız, ailə üzvlərimiz dövlətinə və xalqına bağlıdır. Biz onlarla qürur duyuruq. Biz onlara cinayətkar damğası vurulmasına etiraz edirik. Sifarişli məhkəmə tamaşalarına, işgəncə altında ifadə alınmasına, hüquqlarımızın pozulmasına etiraz edirik.
İşgəncəni, şərləməni, sifarişli məhkəmə hökmlərini dayandırın. Adınızı tarixə qara hərflərlə yazdırmaqdan çəkinin. Vətən yolunda şəhid olmağa hazır olan bu insanları şərləyib məhbus etməyin. Müxalifət partiyasının üzvü olmaq cinayət deyil. Qarabağ yürüşündə iştirak etmək cinayət deyil. Əgər cinayətdirsə, onminlərlə yürüş iştirakçısı arasından niyə cəbhəçiləri seçirsiniz? Bu ittihamların absurd olduğunu hamı bilir. Özünə hörmət edən heç bir hökumət bu formada qisasçılğa imza atmaz.
Ya bizi də həbs edin, ya da günahsız övladlarımızı azad edin.
Biz onların günahsız olduğuna əminik, siz də günahkar olduqlarına əminsinizsə, bunu sübut edin. Xalqın qarşısında ittiham etdiyiniz kimi, xalqa sübutlar da təqdim edin.
Cənab prezident, yürüşdə iştirak etmiş insanlara işgəncə vermək, yürüşdə iştirak etməmiş insanlara 3-4 maddəylə cinayət işi açmaq insanlıq və hüquq adına rəzalətdir.
Biz tələb edirik ki, bu qondarma cinayət işinə xitam verilsin, günahsız insanlar azad edilsin. Siz Qurana əl basıb “hər bir azərbaycanlının prezidenti olacam” demisiniz. Amma vətənpərvər azərbaycanlılara divan tutulur və siz buna haqq qazandırırsınız.
Övladlarımızın günahı nədir?
Bizə cavab verin.
Qarabağ məhbusları ailələri adından
Sədaqət Yusifova (Asif Yusiflinin anası)
Zəkərulla Nağıyev (Ramid Nağıyevin atası)
Ramiz İmanov (Məhəmməd İmanlının atası)
Sabiqə Paşayeva (Baba Süleymanovun anası)
Qoşqar İmanov (Bəxtiyar İmanovun qardaşı)
Məhərrəmova Xatirə (Ayaz Məhərrəmlinin anası)
Firuzə Oruc (Seymur Əhmədzadənin həyat yoldaşı)
Vüsal Qəhrəmanov (Fuad Qəhrəmanlının qardaşı)
Vaqif Mirzəyev (Gündüz Mirzəyevin atası)
İmanverdi Əliyev (Fərrux Əliyevin atası)
Ələddin Quliyev (Elnur Quliyevin atası)
Rəhilə Kərimova (Yaşar Kərimovun anası)
Məhyəddin Muradlı (Babək Muradovun oğlu)
Cabbarov Yusif (Elnur Cabbarlının atası)
Xanım Ağayeva (Nicat Abdullayevin anası)
Şəfəq Quliyeva (Müşfiq Quliyevin həyat yoldaşı)