Milli Şuranın sədri Cəmil Həsənli
Deyirlər Ombudsman Fuad Qəhrəmanlı və Seymur Əhmədovla görüşüb, durumlarının yaxşı olduğunu bildirib. Xub! Diktatura rejimlərində, xüsusi ilə onun iyrənc örnəyi olan Əliyev kleptokratiyasında Ombudsman institutuna ehtiyac varmı? Onun başında kimin durmasından asılı olmayaraq Ombudsman institutu bizim ölkədə Vəkillər Kollegiyası kimi Əliyevin repressiya maşının bir hissəsidir. Rejimin yalanları ona da aiddir və Ombudsmanlıq məmləkətimizdə işgəncələri aşkarlamaq, insan bədəninə elektrik cərəyana vermək kimi dəhşətli hallardan haray salmaq üçün deyil, onu ört-basdır etmək, məhv edilən insan talelərinə göz yummaqla dəstək vermək üçündür.
Normal Ombudsman xoş niyyətlə ağır işgəncələrə məruz qalmış Fuad Qəhrəmanlı və Seymur Əhmədovun saxlandığı müəssisəyə gedirsə özü ilə onların vəkillərindən birini və ya ictimaiyyətin etibar edilən bir nümayəndəsini götürərdi. Əgər Ombudsmanının dediyi kimi işgəncəyə məruz qalmış bu iki cəbhəçinin durumu yaxşıdırsa bəs Seymur bəyin başına gətirilən müsibətlərlə bağlı sətirlərindən qan daman bu yazısı necə olsun? Ombudsman deyir durumları yaxşıdır, Seymur Əhmədov isə onun yaxşı dediyi durum haqqında “Osvensimi” xatırladır. O, yazır:
“Mən həbs olunduğum gündən etibarən davamlı işgəncə altında olmuşam. Özümü dustaq kimi yox, əsir kimi hiss edirəm. Qarabağa görə yürüşə çıxıb, dövlət və ordu ilə bərabər olduğumu hayqırmışam. Amma buna görə dostlarımla birlikdə əsir düşmüşəm, qardaşlar, bacılar. Saxlanıldığım zamandan bəri hər gün işgəncə altındayam. Ən dəhşətlisi Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində oldu. Ağbəniz və hündürboy, 38-45 yaşlarında, ağ köynək və cins şalvarda olan bir nəfər kameraya daxil oldu. Dəhlizə çıxardılar. Birinci mərtəbədə girişdən solda yerləşən birinci otağa saldılar. Mülki geyimli həmin şəxs polis nəfərinə “dubinka gətir” əmrini verdi. Polis də “dubinka”nı gətirdi. Mülki geyimli “dubinka” ilə məni fasiləsiz surətdə 1 saat döydü. O həddə idim ki, artıq ağrıları da hiss edə bilmirdim. Məndən tələb edirdi ki, “üzr istə!!!”. Heç bir cinayət törətmədiyimi dedikdə yenidən dəyənək zərbələri endirildi. Rütbəsi və vəzifəsi barədə məlumatsız olduğum həmin mülki geyimli şəxs qışqıra-qışqıra hədə-qorxu gəldi ki, əgər kamera qarşısında üzr istəməsəm, daha pis zorakılğa məruz qalacam, ölənədək döyüləcəm. Məcbur qalıb, razılaşdım ki, heç olmasa, təxribatçılara görə üzr istəyim… Razılaşdılar. Kameranın qarşısında təxribatçıların hərəkətlərinə görə üzr istədim. Hazırda özümü “Osvensim” həbs düşərgəsinin müdafiəsiz, ümidsiz əsiri kimi hiss edirəm. Heç bilmirəm sabah mənim və dostlarımın başına nələr gələcək.Əziz həmvətənlər, bacılar və qardaşlar, belə ağır günlərdə bizi tək qoymayın.”
Belə qanlı sətirləri yazanın, işgəncənin ağırlığına görə Osvensimi yada salan bir məhbusun durumu necə yaxşı ola bilər? Əgər bu sətirləri yazan Seymurun durumu “yaxşı” hesab edilirsə, görün Fuad Qəhrəmanlının durumu necədir.