Müsəlman Birliyi Hərəkatının
BƏYANATI:
“Dünyanı cənginə almış məlum pandemiya səbəbindən ölkəmizin maddi, mənəvi, pisixoloji problemləri dönəmində hər bir Azərbaycanlı kimi biz də xalqımızla birlik və bərabərlik nümayiş etdirərək bu çətinlikləri adlamaq üçün töhvə verməyə çalışırıq.
İlk tibbi ləvazimat paylamaq, maarifləndirmə aksiyası keçirmək (baxmayaraq ki, buna görə üzvlərimiz inzibati həbs edildi), ardınca ehtiyaclı ailələrə yardım etmək kimi addımlarla bir daha dövlətimizin çətin anlarında millətimizin yanında olduq. Bir çox neqativ addımların şahidi kimi buna etiraz etmək iradəsində olsaq da, mövcud vəziyyətdə vətəndaş həmrəyliyi məntiqi ilə təmkinli davrandıq.
Şübhəsiz bu dəqiq və yerində addımlar hələ də qıcıqlı olan hakimiyyətin həqiqət carçılarına qarşı nifrətinin ünvanını dəyişməyəcəkdi. Şərləmənin, zülm və ədalətsizliyin, işgəncə və zorakılıqların girdabında olanların bu dəfə heç bir kriteriyaya sığmayan addımı vətəndaşların haqlı hiddətini daha da artırdı. Öz müxaliflərinə qəzəb nümayiş etdirən hakimiyyət bu dəfə beyin xərçəngindən əziyyət çəkən üç uşaq atasını qurama ssenarilərin oyunu ilə həbs etdi. Dərmanlarını, əməliyyat xərclərini dost və yaxınlarının həyata keçirdiyi Şamil Həsənovu güya qanunsuz silah saxlama maddəsi ilə ittiham etmək heç bir normaya, məntiqə sığmır. İki gün oğurlanandan sonra evində axtarışa gələn Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı əməliyyat bir daha bu hakimiyyətin əsl simasını sərgilədi.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq mövcud hadisələri pisləyir, yenidən eyni ittihamla növbəti Hərəkat fəalına açılan cinayət işinin tamamilə hüquqazidd və qondarma olduğunu bildirir, beyin xərçəngindən əziyyət çəkən Şamil Həsənovun təcili azad olunmasını tələb edirik”.
MBH İdarə Heyəti.
25.06.2020