AXCP sədri Əli Kərimli
Xeyr, İlham Əliyev, sizin bacardığınız bu qədər oldu. Dövlət hakimiyyəti təmiz və bacarıqlı əllərdə olsaydı, çox iş bacarardı.
İlham Əliyevin son çıxışı ilə bağlı Əli Kərimli admin heyətinə öz yazısını göndərib. Yazını təqdim edirik:
İlham Əliyev son çıxışında koronavirusla mübarizə mövzusunda deyib: “Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil”.
Hakimiyyətin bacarıqsızlığını ört-basdır etmək üçün əsassız və səhv fikirdir. Fevral və mart aylarındakı çoxsaylı yazı və çıxışlarımda xəbərdar edirdim ki, koronavirusu hamı, xüsusilə də hakimiyyət çox ciddiyə almalıdır. Ciddi və sürətlə hazırlaşmaq lazımdır. Vurğulayırdım ki, virusun ölkəmizə bir az gec gəlməsi bir şansdır, bizə hazırlaşmaq üçün vaxt qazandırır. Hər gündən səmərəli istifadə edilməlidir. Çoxsaylı təkliflər verdim. Həmin təklifləri, digər müxalifətçilərin, ekspertlərin, sosial şəbəkə fəallarının təkliflərini nəzərə alıb, aşağıdakıları etmək olardı, ancaq etmədiniz:
- İranla sərhədlər daha tez bağlanmalıydı. Rusiyadan, Türkiyədən, bütün ölkələrdən soydaşlarımızın Vətənə qayıdışına şərait yaradılmalıydı. Etmədiniz…
- Bu qədər zəngin ölkə COVİD19-a yoluxmaqda şübhəli bildiyi vətəndaşlarını havaların hələ də soyuq olduğu mart, aprel aylarında çadırlarda, şəraitsiz xəstəxanalarda yerləşdirməli deyildi. Elə o vaxtdan adamlar karantinə alınmaqdan qorxdu və xəstəliyini gizlətməyə başladı.
- Ölkədə daha çox xəstəxana koronavirusla mübarizə üçün ayrılmalı idi. 42 min çarpayılıq xəstəxana şəbəkəsi olan ölkə üçün COVİD19-la mübarizə üçün 10-15 min çarpayılıq yer ayırmaq çətin olmamalı idi. Yeni xəstəxanalar daha çox və daha sürətlə tikilməliydi.
- Daha çox süni nəfəs aparatı və digər reanimasiya avadanlıqları alınmalıydı. Daha çox həkim və tibb işçilərinə bu aparatlarla işləmək öyrədilməliydi.
- Nəticələri tez və dəqiq müəyyənləşdirən daha keyfiyyətli testlər alınmalıydı. İndi hansı zamandır ki, cavabı 4 günə məlum olan, üstəlik cavabları çox vaxt dəqiq olmayan testlərdən istifadə olunur?
- Heç olmasa maska və spirt istehsalı gərək monopoliyaya alınmazdı. Çoxsaylı sahibkarlara bu sahə ilə məşğul olmaq imkanı verilsəydi, xüsusilə də ilk aylarda yaşanan maska, spirt qıtlığı olmazdı. Bu zəruri malların qiyməti qalxmazdı.
- Hakimiyyətdəki dəstə koronavirusdan pul qazanmaq fikrinə düşməməliydi. Onsuz da dövlət idarəetməsinin bütün sahələrini korrupsiya bürüyüb. Koronavirus adı ilə xərclənən pullara nəfs salmamaq olardı. Bu adla xərclənən 3.8 milyard manat vəsaitin 3 milyard manatdan artığının nəyə, necə xərcləndiyi haqda xalqa bu günə qədər də məlumat verilməyib. 600 min insana 2 ayda verilən 190 manatlıq yardımların cəmindən 13 dəfə artıq vəsaitin koronavirus adı altında necə edildiyini bilmək xalqımızın haqqı deyilmi? Koronovirus korrupsiyası haqda çoxlu məlumatlar yayılıb. Həmin faktları sadalayıb, yazını uzatmaq istəmirəm.
- Aktyor Bəhram Bağırzadəyə (Allah ona və digər xəstələrə şəfa versin, ölənlərə rəhmət eləsin) qoşulan ECMO aparatından Azərbaycana 6 milyon dollara cəmi 6 ədəd alınıb. Bloqçu Həbib Müntəzir araşdırıb ki, aparatların qiyməti ABŞ- da 142-150 min dollaradır. Başqa sözlə, korrupsiya olmasaydı, 6 milyon dollara 6 yox, 45 aparat almaq və deməli daha çox insanı xilas etmək olardı. Təkcə bu fakt “dövlət nə mümkündürsə, onu edir” tezisini darmadağın etmirmi?
- COVİD19 testini keçirməyi də TƏBİB rəhbəri və digər məmurlar şəxsi klinikalarının monopoliyasına alıb, qiymətini də qaldırıblar. Hər kəsə aydındır ki, bu, belə olmamalı idi.
- Operativ Qərargah COVİD19-la mübarizə prosesini qeyri-peşəkarlıqla yönəltdi. Qərargahın tərkibi də ictimai etimad qazanmadı. Qərarları da çox vaxt məntiqsiz oldu. Virusa gündəlik yoluxmanın 30-40 ətrafında olduğu vaxtlarda sərt karantin rejimi tətbiq edib, virusa gündəlik yolhxmanın 200-300- ü keçməsindən sonra karantin rejimini yumşaltmaq, böyük ticarət mərkəzlərini belə açmaq hansı ağılın məhsulu idi? “İtləri gəzdirmək olar, uşaqları yox”, “evdən çıxıb źibil atmaq olmaz, ancaq 5-ci günlər (həftəsonu evdən çıxmaq qadağası ərəfəsində) 100 minlərlə insanın heç bir sosial məsafə gözləmədən supermarketlərdə basabas yaratması olar” tipli məntiqsiz qərarları verən hökumət doğrudanmı bütün mümkün olanı etmiş sayıla bilər?
- Sərt karantin rejiminin ilk vaxtlarından dedik ki, ac, pulsuz adamları evdə zorla saxlamaq alınmayacaq. Başqa dövlətlərdə olduğu kimi siz də xalqa özünü dolandırmağa yetəcək qədər pul verin. Axı dövlətimizin belə imkanları var. Valyuta rezervləri 50 milyard dollardan artıq, dövlət büdcəsində profisiti 2.5 milyard manatdan artıq olan dövlətin hakimiyyəti necə özünə yaraşdırdı ki, ehtiyac içində olan milyonlarla insana 190 manatlıq yardımı verməmək üçün bu qədər oyunlardan çıxsın və sonra da xalqın qarşısına çıxıb, biz bütün mümkün olanı etmişik, bundan artığını etmək mümkün deyil desin?
İradları, sualları daha da artırmaq istəmirəm. İstəsəniz, siz müzakirələrdə davam etdirərsiniz.
Bu qədər bərbad idarəetmədən, böyük səhvlərdən, bacarıqsızlıqdan sonra İlham Əliyev xalqın qarşısına çıxıb, “dövlət nə lazımdırsa onu da edib, bundan artıq nəsə etmək mümkün deyildi” deyə bilirsə, bizim də xalq olaraq məsuliyyətimiz var. Deməli, hakimiyyətə xalqa hörmət qoymağı, xalqla hesablaşmağı öyrədə bilməmişik. Lakin hələ də gec deyil. Xalq olaraq heç kimə icazə verməməliyik ki, bizimlə saymazyana və haqsız davransın.