Qorxmaz Əsgərov
Britaniyanın Guardian qəzeti yenə yazıb. MTN şefi Eldar Mahmudovun İngiltərədə uşaqlarına 100 milyon dollarlıq biznes imperiyası qurması haqqında. Fikrimcə, Azərbaycan ictimaiyyətinin fəal kəsimi bir balaca təşkil olunmuş fəaliyyət göstərsə, bu istiqamətdə görə biləcəyəmiz faydalı işlər var.
Oğurluq pulların uzaq Britaniyada müsadirə olunması imkanına nəzər salaq. Həm məntiqlidir (bir halda ki, pul oğurluqdur), həm də bu da xalqımıza qarşı baş verə biləcək ikinci soyğunçuluq əməlidir. Oğrudan oğruya halaldır fikirləşmək də olar, amma ədalətli olanı Azərbaycandan talanan pulların Azərbaycana qaytarılmasını təşkil etməkdir.
Fikirləşmək olar ki, əşşi qaytaracaqsan, yenə hansısa məmur basıb oğurlayacaq. Bu təhlükə var, amma oğurluq pulların Azərbaycana qaytarılması üçün ictimai kampaniya təşkil etmək və o pulları Azərbaycana qaytarmaq Azərbaycanın talan edilməsi modelində mühüm bir zəncir həlqəsini – xarici işbazları və onlara himayə edən xarici siyasətçiləri ifşa edib neytrallaşdıra bilər.
Azərbaycandakı bu talana son qoymaq istəyiriksə bu çox mühümdür. Bu gün Azərbaycanı soyub-talayan tayfa hakimiyyəti ola bilər, amma bu oğurluğu gizli saxlamaq üçün həmin bu pullar davamlı şəkildə xaricə çıxarılırsa, bütün Azərbaycan elitası həmin bu banklarda onların pullarına əl qoya biləcək qüvvələrdən çox asılı bir vəziyyətə düşür. İlham Əliyev demişkən ölkə hökuməti xarici qüvvələrin əlaltısı olur və Azərbaycanda söz sahibi xarici generallar olurlar. Oğurluğun miqyası artdıqca, bu işdə daha çox xarici işbaz, iri banklar, siyasi təsir mərkəzləri iştirak etməyə başlayır. Bu proses iri miqyasda çox davam etdikcə vəziyyət elə dəyişir ki, Azərbaycanı soyub-talayan, camaatını lüt-üryan qoyan olur elə bu xarici banklar, xarici işbazlar, xarici hökumətlərin korrupsioner məmurları. Azərbaycandakı yerli hökumət isə, başda müstəqillikdən dəm vuran İlham Əliyev olmaqla, çevrilib olur onların yerdəki iş icraçısı. Buna müstəmləkəçiliyin yeni bir üsulu, neokolonializm də demək olar.
Bu modellə işləyən hökuməti dəyişmək, hakimiyyəti xalqa qaytarmaq elə asan iş deyil. Əvvəl bu xarici himayədarlar ortadan qaldırılmalıdır. Əks halda hər dəfə məyus olub deyinəcəyik ki, Qərb n-ci dəfə rejimin əməllərinə göz yumdu, nə bilim kürü diplomatiyasına uydu və s.
İndi heç olmasa bu keçmiş nazirlərin oğurladıqları aşkar edilirsə, Azərbaycan hökumətinə imkan vermək olmaz ki, üzünü o tərəfə tutsun və həmin o pulları da Britaniyada Britaniya hökuməti, Amerikada Amerika hökuməti müsadirə edib mənimsəsin. İmkan vermək olmaz ki, Azərbaycan xalqından talanan pulları hansısa bir xarici bank/dövlət institutu götürüb aparsın. Oğurlanacaq pulların sahibinin – Azərbaycan xalqının həmin o pulların dalınca mütləq gələcəyinə dair güclü bir mesaj verilməlidir, yoxsa bu talan öz-özünə durdurulmayacaq.
Konkret fəaliyyətə gəlincə, Azərbaycanda fəal ictimai kəsim geniş bir koalisiya yaradıb, həm Azərbaycan hökumətinə, həm xarici hökumətlərə, dövlət və qeyri-dövlət qurumlarına açıq müraciətlərlə təzyiq kampaniyaları təşkil etməklə ciddi proseslərə start verə bilər. Fikrimi bir az açım:
Britaniya qanunlarına görə mənşəyi məlum olmayan pullarla National Crime Agency (NCA) adında çox iri səlahiyyətlərə malik bir dövlət qurumu məşğul olur. Cinayət nəticəsində əldə olunduğuna dair şübhələr olanda bank hesablarına, əmlaka həbs qoyulur. Sonra, bu pula iddia edə biləcək tərəflər məhkəmə qaydasında müraciət edib o pula/əmlaka olan iddialarını irəli sürə bilərlər. Belə tərəf olmayanda, müsadirə olunanlar dövlətə qalır. Amerikada da eyni qaydadır. Üstəlik, Amerikada məsələn Foreign Corrupt Practices Act imkan verir ki, xarici ölkələrin korrpusioner sxemlərində iştirak etmiş qurumlar (banklar, şirkətlər, hüquq firmaları və s.) barədə həm cinayət işləri, həm mülki iddialar qaldırılsın. Böyük Britaniyanın da oxşar qanunları var.
Belə görünür ki, yerli hökumətlər “pul bizdən oğurlanıb” deyib iddia qaldıranda, xırda məbləğlərdə bu iş təzyiq kampaniyası olmadan da müsbət həll olunur. Bu yaxınlarda Qırğızıstandan keçmiş prezident Bakiyevin oğurladığı və oğlunun adına yazdırdığı 6 milyonu ABŞ Qırğızıstana qaytardı. İsveçrə hökumətinə dirənən Özbəkistan hökuməti keçən il Gülnarə Kərimovanın xaricə daşıdığı pullardan 130 milyon İsveç frankı (133 milyon dollar) qaytarmağa nail olub.
Bu prosesin daha nəhəng versiyaları neft ölkələri olan Azərbaycan və Qazaxıstan üçün gözlənilir. Amma müqavimət də ciddi olacaq. Öz-özünə olmayacaq bu iş.
Birinci çətinlik ondadır ki, Azərbaycan hökuməti özü bir elə dirəniş göstərmək istəmir, ən azı hələ ki, belə görünür. İkincisi də budur ki, xarici işbazlar da belə görünür ki, oğurluq pulların bir hissəsini kampaniya qaydasında ifşa edib digər hissəsi haqqında susmaqla mürəkkəb bir şantaj oyunu aparırlar. Ona görə qabağımıza çıxan ifşa məlumatları yarımçıq olur və ifşa yazılarının dərc edildikləri ölkələrin hüquq mühafizə orqanları tərəfindən belə düz əməlli araşdırılmır.
Azərbaycan xalqı geniş təzyiq kampaniyasına start verməlidir ki, ədalətin paslanmış çarxları yavaş-yavaş hərəkətə gəlsin. Əliyev rejimi məmurlarının daşıyıb xaricə yığdıqları pulların iri bir hissəsi Qərb ölkələri yurisdiksiyasındadır, bu ölkələrdə isə ictimai fəallıq, hüquqi proses müəyyən nəticələr verə bilər.
İlkin addım kimi, Azərbaycanda hüquqşünaslar, siyasi-ictimai xadimlər, iqtisadçı-maliyyəçi ekspertlərdən ibarət geniş bir koalisiya yaratmaq olar. Oğurlanan pulların təqribi dairəsini müəyyənləşdirmək olar. Ən azı keçmiş məmurlar var ki, onların korrupsiya əməlləri, cinayətkarlıqları Azərbaycan məhkəmələri tərəfindən belə təsdiqlənib. Bu məmurlara aid pulların ifşasını Qərb mətbuatında yazılanlarla əlaqələndirmək olar, Azərbaycan hökumətindən tələb etmək olar ki, bu vəsaitlərin aşkar olunduqları hökumətlərə rəsmi müraciətlə iddia qaldırsınlar. Yaranacaq koalisiya özü qeyri-qanuni vəsaitlərin aşkarlandığı ölkələrin hökumətlərinə də açıq müraciət edib oğurluq pulların şaffaf araşdırılmasını tələb edə bilər.
Kifayət qədər ictimai rezonans yarada bilsək bu işin araşdırılmasına Qərb mətbuatını, siyasətçilərini, hüquqşünaslarını da cəlb etmək olar. Əgər Azərbaycanı bürüyən bu talanı durdurmaq istəyiriksə və “Azərbaycanda söz sahiblərinin xarici generalların oldüğuna” nə vaxtsa son qoyacağıqsa, gərək bu işlərə start verək, hamılıqla, kim necə bacarırsa.