Milli Şura hakimiyyətin AXCP sədri Əli Kərimilini hələ də internet-kommunikasiya blokadasında saxlaması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
13 aprel 2020-ci ildən bütün informasiya kommunukasiyalarına çıxışı əngəllənən AXCP sədri Əli Kərimliyə qarşı hakimiyyətin qanunsuz addımları davam etməkdədir. Ölkə ictimaiyyətinin, ABŞ Helsinki Kommisyasının, AŞPA və AB kimi mötəbər qurumların mövqelərinə baxmayaraq, Azərbaycan hakimiyyəti opponentinin sıradan çıxarılması işinə orta əsrlər metodları ilə davam edir. Təsadüfi deyil ki, hazırda Əli Kərimlinin köməkçisi Faiq Əmirli, sürücüsü Paşa Umudov və mühafizəçiləri Ruslan Əmirovla Niyaməddin Əhmədov həbs ediliblər. Faiq Əmirli və Ruslan Əmirov artıq iki ayda ikinci dəfədir ki, inzibati həbs olunurlar. Paşa Umudov və Niyaməddin Əhmədov isə qondarma cinayət işi ilə azadlıqdan məhrum ediliblər. Hakimiyyət bununla İlham Əliyevin 19 mart 2020-ci ildəki rəsmi televizya çıxışına sadiq qaldığını, müxalifəti təcrid və məhv etmək işinə ara vermədiyini açıq ortaya qoyur. Əli Kərimli hal-hazırda da internet resurslarına çıxışını təmin edə bilmir. Media orqanlarının araşdırmalarında və AXCP rəhbərliyinə daxil olan şəxslərin sosial media istifadəçilərinə təqdim etdikləri sübutlarda açıq aydın görünür ki, nəinki Əli Kərimlinin özünün internetə çıxışı və telefon xətləri bloklanıb, hətta onun mənzilində olarkən ayrı-ayrı şəxslərin, o cümlədən AXCP üzvlərinin də internetə çıxışı kəsilir. Bu isə daha təhlükəli vəziyyətdən və dünya ictimaiyyətinin bu vəziyyəti araşdrmaq zərurətindən xəbər verir. Yəni hökumət bu cür addımları sözsüz ki, hansısa şüalanma yaradan cihazlarla edir və bu da mənzildə yaşayan insanların sağlamlığına mənfi təsir etməmiş deyil.
Milli Şura hökumətdən bu cür qeyri insani və qanunsuz hərəkətləri dayandırmağı tələb etməklə bəyan edir ki, hökumıtin bu cür addımları yerli və beynəlxalq ictimaiyyət tərəfindən qınanmaqla qalmamalı və bu qanunsuz, eyni zamanda təhlükəli vəziyyətin aradan qalxması üçün bir an öncə təsirli addımlar atılmalıdır.