Dünya inqilab dalğasında ilk azərbaycanlı qurban getdi. Faciə Misirdə baş verdi. Artıq Misir inqilabında Azərbaycanın da payı var – qələbə olsa sevinci bizim olacaq, yenilmə olsa kədəri.
Qurban gedən gənc idi. Həm də sıradan adam deyildi. Dövlət məmuruydu. Səfirliyin mühasibat işlərinə baxırmış.
O, diktaturanın gülləsinə tuş gəldi. O diktaturanın başında Hüsnü Mübarək durur. Qoca şarlatan. 30 il fironluqdan sonra gözü hələ də doymayıb. Onların gözü heç vaxt doymur. 1000 il ömürləri olsa, minini də taxtda qalmaq istəyərlər. Ancaq zaman yetişib və diktatorlar, avtoritarlar tədricən aradan çıxıb bəşəriyyəti bir daha narahat eləməyəcəklər. Əsasən müsəlman, bir-iki də Uzaq Şərq dövlətlərini çıxsaq, yerdə bir şey qalmır. Dünya və insanlıq demokratiya istəyir.
Misirdə bir gəncimiz Hüsnü Mübarəkin gülləsinə tuş gəldi. Mübarək təkcə misirlilərin deyil, azərbaycanlıların da qanına bais oldu. Diktatorlar bütün bəşəriyyətin düşməni olmağına düşmənidi, ancaq o, artıq bizim həm də qan düşmənimizdi. Bizim qan düşmənimizin heykəli isə hələ də Xırdalanda oturur. Oturur dediyim ona görədi ki, bu heykəli oturaq pozada qoyublar. Sanki heykəlin sifarişini verənlər onu daim taxtda görmək istədiklərini bildiriblər və ola bilsin ki, onun Misirdəki heykəlləri də oturmuş haldadı. Yəqin ki, inşallah, Misir xalqı onun yanını taxtdan qoparar.
Azərbaycanda isə Hüsnü bəyin taxtı çox möhkəmdi. Xırdalandakını deyirəm. Ola bilsin ki, bu gün-sabah Misirdə onu aşıracaqlar, heykəllərini söküb atacaqlar. Bəs onda bizdəki heykəl nə olacaq? Onu götürəcəklərmi? Necə deyərlər, eşşəyə minmək bir ayıb, düşmək iki. Götürsələr, özləri xar olacaqlar, utanacaqlar, camaat açıq-aşkar görəcək və inanacaq ki, heykəllərin heç biri əbədi deyil. Dünənəcən ölməz sayılan, bu hakimiyyətin sui ortaqlarından biri olan Mübarəkin heykəli götürülürsə, həm də onu qoyanların öz əli ilə, indi gör bu ölkədə nə qədər gərəksiz və “mübarək” heykəl var. Yox, Mübarəkin heykəlini götürməsələr, saxlasalar, onda lap məzəli vəziyyət yaranacaq! Bircə şeyə əmin olmaq olar – ona ki, dünyada ən son yığışdırılan Mübarək heykəli Xırdalandakı olacaq.
Ancaq məsələ başqadı. Bu gün bir dövlət məmurunun, bir diplomatının həyatdan nakam köçməsinə səbəb olan diktator Mübarəkin heykəli hələ də yerində durur. Mən mərhum vətəndaşımızın doğmalarını xəyalıma gətirirəm. Indi o ailə necə matəm içindədi. Öz yaraşıqlı oğullarıyla necə də fəxr eləyirdilər, sevinirdilər, onun gələcəyini necə təsəvvür eləyirdilər. Ama diktator Mübarək onların bu arzusunu gözündə qoydu, bu ailənin şəxsən qan düşməninə çevrildi. Indi bu ailənin üzvlərinin yolu təsadüfən Xırdalandan düşsə, Mübarəkin təkəbbürlü heykəli gözlərinə sataşsa, hansı hissləri keçirəcəklər? O heykəl göz dağı kimi daim bu ailənin və hər bir namuslu azərbaycanlının, Mübarəki bütün Azərbaycanın qan düşməni hesab eləyən vətəndaşlarımızın qəlbini yaralayacaq.
Ama Mübarəkvari Azərbaycan hakimiyyətini vətəndaşlarının dərdi nə zaman düşündürüb ki, indi də düşündürə? Mübarəkin Xırdalanda taxtdan salınmağı Misirdə taxtdan salınmağından daha dəhşətlidi YAP iqtidarı üçün. Halbuki sonradan Mübarək kimi xalqa yalvarıb islahatlar keçirəcəyini vəd eləməsi, xalqa azadlıqlar verəcəyinə boyun olmasındansa indidən islahata başlamaq olardı. Bu islahatın da ilk görsənişi Xırdalanda Mübarəkin taxtdan salınması ola bilərdi. Onda da öz taxtları laxlayacaq. Nə isə. Gerçəkdən çətin durumdu.