Əfqan Muxtarlı aclıq aksiyasını dayandırdı

16 saylı cəzaçəkmə müəssisəsində aclıq edən jurnalist Əfqan Muxtarlı keçirdiyi aksiyasını dayandırıb.

Bu barədə AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli danışıb.

Onun deməsinə görə, jurnalist səhhətində yaranan problemi və ona edilən müraciətləri nəzərə alaraq bu addımı atıb:

“Əfqan şəkərli diabetdən əziyyət çəkir, üç gündür ki, yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb. Həmçinin, vəkil ona bu gün, sentyabrın 24-də aclığı dayandırmaq üçün çoxsaylı müraciətlər çatdırıb. Əfqan onları da nəzərə alıb”.

Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da bu məlumatı təsdiqləyib.

***

23.09.2019

16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlının “kars”a (cərimə otağına) salındığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna məlumat verən NİDA Vətəndaş Hərəkatının üzvü Samir Əsədlinin sözlərinə görə, Əfqan Muxtarlı şəkərli diabetdən də əziyyət çəkir:

“Əfqan artıq iki gündür qida və dərman qəbul etmir. O, şəkərli diabet xəstəsidir”.

***

16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlı sentyabrın 22-dən aclıq aksiyasına başlayıb. Əfqan Muxtarlının aclıq aksiyasına başlamasının səbəbini vəkili Nemət Kərimliyə qanunsuz münasibətlə izah etdiyini deyib:

“Bununla bağlı Əfqan Muxtarlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, sentyabrın 20-də vəkili Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayır. O, həmçinin, qeyd edib ki, rəis müavini Emin Əliyev siyasi məhbuslara qarşı qanusuzlugu ilə seçilib, bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olmuş müavini Məmməd İbrahimə qarşı zorakılıq edib. Bəyanatda vurğulanıb ki, onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. Jurnalist habelə tələb edir ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Onun fikrincə, vəkilə qarşı olanlar onun hüquqlarını pozmağa yönəlib. Əfqan Muxtarlı qeyd edib ki, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib…”.

Əfqan Muxtarlını aclığa başladığını Penitensiar Xidmət də təsdiqləyib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azadlıq radiosuna deyib ki, Əfqan Muxtarlıdan aclığa başlayacağı ilə bağlı məktub alıblar.