Hakimiyyət daxilində kreslolar yer dəyişir. Bu dəyişimin məmnunluğunu yaşayanlar da var, xofunu yaşayanlar da. Ən çox xoflananlar kimlərdir, bilirsiniz? Son illər “vurulmuş” sabiqlərin yaxınları. Bir də bu dalğanı atlatmaq üçün bəzilərinin hara qədər endiklərini bilsəniz, ağlınız qarışar. Yəqin ki, xatırlayanlar var. İllər öncə Parlamentin spikeri Oqtay Əsədovun xidməti avtomobilində Milli Təhlükəsizlik Nazirliyinin binasına gedərək, nazir Eldar Mahmudovu iş otağında ziyarət etməsi mətbuatda böyük hay-küyə səbəb olmuşdu. Vəzifə səlahiyyətlərinə görə üst səviyyədə duran spikerin rəsmi tədbir olmadığı halda, bir nazirin kabinetinə getməsi çoxlarına şübhəli gəlmişdi. Əsədov o vaxt Mahmudovun kabinetinə getmə səbəbini onun 53 yaşının tamam olması ilə əlaqələndirmişdi. Lakin bu bəhanəyə yalnız sadəlövh adamlar inanardı. Üstəlik, onun nazirlə uzun müddət ikilikdə söhbətinin mövzusu da böyük maraq doğurmuşdu. Amma çox keçmədi, divarın qulağı kənara çox qəribə informasiyalar ötürməyə başladı…
MTN şefinin Parlamentdəki “dinləmə qurğusu”
Demə, Oqtay Əsədov illərlə deputatların ailələri və biznesləri haqqında məlumatları keçmiş MTN şefi Eldar Mahmudova ötürməklə məşğul olurmuş. O, çevrəsindəki bütün imkanlı şəxslərin, illərlə yaxınlıq etdiyi Qərbi Azərbaycanlı iş adamlarının adlarını bircə-bircə MTN şefinə çatdırırmış. Necə deyərlər, spiker keçmiş nazirin “A” ləqəbli yüksək etalonluq agenti imiş. Sabiq nazir kimin Milli Məclisə bahalı maşınla gəlib – getdiyini, kimin kiminlə yatıb-durduğunu məhz Əsədov vasitəsilə öyrənirmiş. Qısa vaxtda Milli Məclisdə xəbər daşıyanın kim olduğunu bilməyən qalmadı. Əslində, Eldar Mahmudova “dost” deyən spikerin dostluğu da, bir siyasi hiyləgərlik imiş. Demə, ortada bir siyasi sövdələşmə varmış. Çünki Mahmudov da spikerin arvadının Moskvadakı hoqqalarından, onun “Kapriz” striptiz – barından, bu barın əsas müştərilərinin ermənilər olduğundan xəbərdar imiş. O üzdən iki həpənd əl-ələ verib başqalarına torba tikə-tikə beləcə dolanıb gedirmişlər…
Məqama görə yüz rəng maska dəyişən buqələmun spiker
Amma ay keçdi, il dolandı, qorxu və maraq üzərində qurulan dostluq maskası düşdü. Ara qarışan kimi, o, iş birliyində olduğu Eldar Mahmudovu asanlıqla satıb aradan çıxdı. Məlumatlı mənbələrin dediyinə görə, Əsədov yeni təyin olunmuş DTX rəisi Əli Nağıyevi təbrik etmək üçün zəng vuran ən birinci şəxslərdən olub. Hansı ki, Mahmudov Nağıyevi işdən çıxaranda Oqtay Əsədov Mahmudova məxsus “Kristal Plaza”da məclisin başında oturmuşdu. “Dostlar” Nağıyevin “vurulmasını” qeyd edirdilər. Həmin o məclisdə başqaları da vardı, keçmiş bankir deputatdan tutmuş məqama görə cild dəyişən mənsəb sahiblərinə qədər. Yəqin ki, o məclisdə Əsədovun badə qaldıran zaman söylədiyi sözlər hər kəsin yaxşı yadındadır: “Eldar, vaxt olar, sənin düşmənlərin diz üstündə yanımıza gələrlər.” Amma son illər ərzində tərsinə dövran edən çərxi-fələk göstərdi ki, Oqtay Əsədov elə də uzaqgörən adam deyilmiş. Zamanın rüzgarı Mahmudovu fırladıb tarixin küllüyünə tulladı, qisas alırmış kimi, Əli Nağıyevi də gətirib onun qalxdığı məqama oturtdu. Lakin Əsədov kimi buqələmunlara nə var ki…Onlar xasiyyətlərini tərgitməzlər, amma hər məqamda hər havaya tezcə uyğunlaşmağı bacararlar. Spikerlik fəaliyyəti dövründə özündən aşağı məqamda oturan nazirə agentlik edən Əsədov da xasiyyətini dəyişə bilməz. Milli Məclis deputatlarından birinin dediyinə görə, artıq oturub-durduğu masalarda İlham Əliyevin qarasınca da deyinməyə başlayıb. Özünə xəyanət, çirkab və cinayət üzərində böyük karyera quran Əsədov cəzasız qalacağınımı düşünür? Dara düşən kimi yaxın çevrəsini ələ verən dosyesi ləkəli spiker nə qədər sudan quru çıxacağına ümid edir? O çərxi-fələk bir gün mütləq agent spikerin də yaxasını ələ keçirəcək. Azərbaycan parlamentini bu rüsvayçı səviyyəyə salmış birinin məsuliyyətdən kənarda qalacağına kimsə ümid etməsin. Hər kəsin əməlinə görə cavab verəcəyi gün uzaqda deyil. Bunu ölkədə gündən-günə artan narazılıq da sübut edir.
Hikmət