Bazar ertəsi günü Hollandiyanın Utrecht şəhərində bir kişi tramvayda açdığı atəşlə üç nəfəri öldürüb, beş nəfəri isə yaralayıb.
Türkiyədə doğulmuş 37 yaşlı Gökmen Tanış hücumdan bir neçə saat sonra hadisə yerindən üç km uzaqlıqda bir binada tapılıb.
Hökumət hücum edənin motivlərinin bəlli olmadığını deyir.
Bazar ertəsi nə baş verib?
Yerli saatla 10:45-də polisə şəhər tramvayına hücum olduğu ilə bağlı zəng daxil olub.
Şahidlərdən biri deyib ki, “kişi vəhşicəsinə atəş açmağa” başlayıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Digər bir şahid Hollandiyanın NOS telekanalına söyləyib ki, tramvay təcili dayanma məntəqəsinə gələndə o, yaralı qadına kömək edib.
“Arxama baxanda gördüm ki, kimsə tramvayın arxasında uzanıb. İnsanlar avtomobillərindən çıxıb onu qaldırmağa çalışdılar”, – o deyib.
“Onu qaldırmağa kömək edəndə gördüm ki, silahını yuxarı qaldırmış adam yanımızdan qaçdı. İnsanların “atəş açan! atəş açan!” deyə qışqırdıqlarını eşitdim və qaçmağa başladım”.
Bundan sonra silahlı şəxs hadisə yerindən qaçıb.
Həmin gün məktəblər bağlanıb, hava limanı və məscidlərdə təhlükəsizlik tədbirləri artırılıb.
Polis şübhəlinin şəklini sosial mediada yayaraq ondan uzaq durmağa çalışıb.
Polis yaxınlıqdakı binaları mühasirəyə aləb və həmin günün axşamı Gökmen Tanış saxlanılıb.
“Oturanları nişan alırdı”
NRC qəzetinə danışan şahidlərdən biri deyib ki, bir nəfər kişi anidən ayağa qalxıb və “böyük bir silahla” ətrafa atəş açmağa başlayıb.
“Tramvayın arxasında idim. Sanki oturan adamları nişan alırdı. Konduktor qapını dərhal açmadı. Yanımdakı iki gənc pəncərəni vuraraq açdı. Mən də ordan çölə çıxdım. Bir çox adam belə xilas oldu”.
Hücum haqqında nə bilirik?
Polis hücumun terror hadisəsi ola biləcəyini desə də, bazar ertəsi günü keçirilən mətbuat konfransında prokuror hadisənin motivlərinin “ailə səbəbləri” ola biləcəyini deyib.
Yerli biznesmen deyib ki, Gökmen Tanış əvvəllər Rusiyanın Çeçenistan Respublikasında döyüşüb.
cihadçı qruplar, eləcə də özünü İslam Dövləti adlandıran hərbi qruplaşma ilə əlaqəsi olanlar regionda uzunmüddətli əməliyyatlar keçirib.
“O, İŞİD-lə əlaqəsi olduğuna görə saxlanılmışdı, daha sonra sərbəst buraxdılar”, – biznesmen deyib.
Hansı reaksiyalar verilib?
Hollandiyanın Baş naziri Mark Rutte deyib ki, “Çox sayda suallar və şayiələr var. Bu hücumun arxasında duran motiv aydın deyil”.
Onun sözlərinə görə, yerli seçkilər planlaşdırıldığı kimi çərşənbə keçiriləcək.
Dünya liderlərindən Fransa prezidenti Emmanuel Macron, İspaniya Baş naziri Pedro Sanchez və digərləri başsağlığı diləyiblər.
Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib ki, “Avropa Birliyi bu çətin vaxtlarda Hollandiya və holland xalqının yanında dayanır”.
Şübhəlinin atası danışdı: 11 ildir danışmırıq, eləyibsə, cəzasını çəksin
Şübhəli Gökmen Tanış-ın Türkiyənin Kayseri bölgəsində yaşayan atası Mehmet Tanış DHA-ya danışıb.
O, “Oğlumla 11 ildir dialoqum yoxdur, danışmırıq. Əməli törədibsə, cəzasını çəksin” deyib.
37 yaşlı Gökmen Tanış-ın yaşadığı Utrecht şəhərində “sosiallaşmağı sevməyən” adam olduğu bildirilir.
Erdoğan: Ailəvi məsələ olduğunu deyənlər var, terror deyənlər də
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ülke TV-Kanal 7-TVNet – ortaq yayımında hücumla bağlı suala “Ailəvi məsələ olduğunu deyənlər də var, terror olduğunu deyənlər də” deyib.
Türkiyə xüsusi xidmət orqanlarının hadisəni izlədiyini deyən Erdoğan “Xüsusi Xidmət Orqanının başçısı “məlumatları aldıqdan sonra sizə bildirəcəyik” dedi. Gözləyirik” deyə söyləyib.
Bbc.com