Ənnağı Hacıbəyli
Son vaxtlar prof. Fərhad Mehdiyev sosial şəbəkələrdə bir neçə dəfə bu məsələyə qayıdıb və maraqlı tezislər irəli sürüb. Sonuncu dəfə o, “PHŞ haqqında Qanun”un əsas qüsurlarına toxunaraq yazıb:
“1. Publik hüquqi şəxs ancaq və ancaq qanunla qurula bilməlidir. Niyə? Əslində publik hüquqi şəxslər, idarəçilik sahəsində fəaliyyət göstərən qurumardır. Lakin müəyyən səbəblərdən dolayı bunların düzgün işləyişini təmin etmək üçün, bunları icra hakimiyyətinin tabeçiliyindən çıxarmaq şərti yaranır. Məsələn, MTRŞ media sektorunu tənzimləyən qurumdur, o siyasətçilərdən müstəqil olmasa, medianı tənzimləmə və nəzarət işində siyasi davrana bilər. Ya da Mərkəzi bank, pul siyasətini müəyyən etdiyi üçün hökümətdən asılı olmamalıdır ki, effektiv pul siyasətini həyata keçirə bilsin.
2. Bu müstəqillik ancaq qanunla verilə bilər. Çünkü Prezident öz fərmanını həmişə dəyişərək publik hüquq şəxsin müstəqilliyinə xitam verə bilər.
3. Hansı sahələrdə idarəçiliyi həyata keçirən qurumları, mərkəzi icra hakimiyyətinin iyerarxiyasından çıxarma zərurəti var?
a. Siyasətin təsirindən uzaq saxlanmalı olan qurumlar – MTRŞ, MBNP, Mərkəzi Bank, telekommunikasiyanı tənzimləyən qurumlar, Vəkillər Kollegiyası və s.
b. Elmi və texniki, mədəni sahədə işləyən qurumlar. Universitetlər, Elmlər Akademiyası, dövlət teatrları kimi. Bunları siyasətçilərdən uzaq tutmaq lazımdır. Universitetdə akademik azadlıq olmasa, orada elm inkişaf etməz. AFFA da bunlardan biridir.
c. Yerli özünüidarətmə qurumları, bələdiyələr. Bunlar da idarəçiliyi həyata keçirir, amma paytaxtın tabeçiliyində olmamalıdır.
4. Bir qurum hakimiyyət səlahiyyətlərini həyata keçirmirsə, onun PHŞ olması mümkün deyildir, ehtiyac da yoxdur. Hakimiyyət səlahiyyəti tətbiq edəcəyi üçün, bu səlahiyyət qanunla verilməlidir. PHŞ statusu da ona görə verilir ki, PHŞ bir MMC deyildir, onun kimi öz mənfəəti üçün fəaliyyət göstərə bilməz. Qazandığını istədiyi kimi xərcləyə bilməz, fəaliyyətinə publik hüquq PRİNSİPLƏRİ – şəffaflıq, hesabatlılıq, yaxşı-idarəetmə, demokratiya kimi prinsiplər hakim olmalıdır. Onların fəaliyyəti Mülki Məcəllə ilə tənzimlənməməlidir, çünki Mülki Məcəllə publik hüququ tənzimləmir, xüsusi hüququ tənzimləyir. Mülki Məcəllə adətən şəxsi, for-profit, yəni ictimai maraq olmayan münasibətləri tənzimləyir, halbuki PHŞ publik hüquq sahəsində fəaliyyət göstərir.
5. Maliyyə cəhətindən ayrı, hakimiyyət səlahiyyətləri tətbiq etməyən bir qurum yaradılması düşünülürsə nə etməli? Heç nə, elə bir qurumu yaratmağa ehtiyac yoxdur. Mümkün olan hallarda isə bu mahiyyətdə qurumlar ümumiyyətlə özəlləşdirilməlidir, ya da PPP – private publik partnership kimi qurulmalıdır” .
Bu yanaşmada problemin həllinə yardımçı ola biləcək xeyli məqamlar olsa da, müəllifin bəzi qənaətləri mübahisəlidur.
1. Əksər qurumlar – PHŞ-lərin mərkəzi icra hakimiyyətinin ierarxiyasından çıxarılması barədə. Əslində bu tələbin faktiki əsası olsa da (MHŞ, MTRŞ, MB, MSK və s.), onun konstitusion əsasının olması mübahisəlidir. Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi dövlət hakimiyyət orqanlarının irtisnasız bölgüsünü, qruplarını (hakimiyyət budaqlarını) müəyyən edir və burada hər hansı aralıq orqanların mümkünlüyü istisna olunur. Üstəlik, belə çoxsaylı qurumların mərkəzi icra hakimiyyəti orqanlarının sistemindən çıxarılması xaos təhlükəsi yarada bilər. Əks-mərkəzləşmə, müstəqillik və demokratik idarəçilik baxımından cazibədar olan bu variant qüsursuz da deyil. “PHŞ-lər haqqında Qanun”un ölçüsüz müddəaları da idarəçilik sisteminin belə dağıntısına imkan verir. Hər bir halda öncə bu “dağıntı”nın konstitusion əsası yaradılmalı və dəqiq qanunvericilik çərçivəsi qoyulmalıdır.
2. PHŞ-lərin qanunla yaradılmalı olması barədə. Bu qənaət onunla əsaslandırılır ki, Prezident istədiyi vaxt PHŞ barədə fərmanını dəyişə bilər. Birinci, belə çoxsaylı qurumların hamısının qanunla yaradılması real deyil və onların hamısı Prezident aktları ilə yaradılmır. İkinci, bu qurumların qanunla yaradılması onlar üçün hər hansı qanunvericilik qarantiyası yarada bilməz. Ölkədə hakimiyyətlər nisbəti elədir ki, qanunvericilik də, icra da, məhkəmə hakimiyyəti də bir əldə birləşib və PHŞ-lərin qanunla yaradılması durumu dəyişə bilməz. Bu qənaət yalnız hakimiyyətlərarası qurumlara (MHŞ, MTRŞ, MB, MSK və s.) münasibətdə keçərlidir ki, onların da əksəriyyəti haqqında özəl qanunlar var. Lakin bu fakt da o qurumların müstəqilliyini təmin edə bilmir.
3. PHŞ-lərin fəaliyyətinin Mülki Məcəllə ilə tənzimlənməməsi barədə. Məncə, ən çox etiraz doğuran qənaət elə budur.
Bəlli olduğu kimi, PHŞ-lər özəl hüququn hüquqi şəxslərindən – kommersiya, qeyri-kommersiya təşkilatlarından, kooperativlərdən və ittifaqlardan fərqlənir. Onlar hakimiyyət səlahiyyəti olan, fəaliyyətləri əsasən publik hüquqla nizamlanan qurumlardır. Lakin onlar həm də hüquqi şəxslərdir. Bu, sadəcə ad deyil. Bu qurumları mülki dövriyyəyə gətirən, bütün özəlliklərinə, hakimiyyət səlahiyyətlərinə baxmayaraq onları mülki dövriyyənin qaydalarına boyun əyməyə vadar edən səbəblər var. Mülki dövriyyədə iştirak edib onun qanunlarına yuxarıdan baxmaq, özünü əlahiddə, toxunulmaz, hamıya hökm edən, hər cür immuniteti olan subyekt saymaq olmaz. Hansı səlahiyyətlərin daşıyıcısı olursan-ol, mülki dövriyyədə başqa subyektlərlə bərabər olmalısan, hamı kini sən də onlara hesabat verməlisən, götürdüyün öhdəlikləri icra etməlisən, vurduğun zərərə görə məsuliyyət daşımalısan. Bu nəsələlər bütün dünyada MM-lə tənzinlənir, publik və ya özəl hüquqi şəxsin mülki dövriyyədə iştirakı məhz MM-lə nizamlanır.
“MM publik hüququ tənzimləmir” arqumentində mübahisə ediləcək məqam yoxdur və heç kim də belə bir iddiada deyil. Amma mülki dövriyyəni MM tənzimləyir və bura təşrif buyuran istənilən subyekt özünü ondan kənarda qoyaraq mülki dövriyyədə iştirak edə, onun subyektləri ilə hüquq münasibətinə girə bilməz. Məbədə hər kəsin öz qaydaları ilə daxil olmaq cəhdi təhlükəlidir və heç yerdə qəbul edilmir. İqtisadiyyat o qədər müqəddəs olmasa da, daha çox qayda-qanun tələb edir. İqtisadiyyatın tənzimlənməsində anarxiya daha arzuolunmaz nəticələrə səbəb ola bilər.