Yaxud baş ekoloq nə vaxtdan siyasi tədbirlərdə Azərbaycanı təmsil etməyə başlayıb?
Yanvarın 26-da Hindistanın Müstəqilliyi Günü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində tədbir düzənlənib. Maraqlıdır ki, həmin tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov təmsil edib.
Baş ekoloqun siyasi mahiyyət daşıyan tədbirdə görünməsi təəccüblə qarşılanmaya bilməz. Adətən belə tədbirlərdə öz ölkəsini siyasi post tutan məmurlar təmsil edir. Bizdə də məsələn, baş nazir Artur Rəsizadə və müavinləri, Elmar Məmmədyarov və müavinləri, Oqtay Əsədov və müavinləri, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu tip tədbirlərdə Azərbaycanı təmsil edə bilər. Lakin ekologiya və təbii sərvətlər nazirinin Hindistanın Müstəqilliyi Gününə həsr olunmuş tədbirdə Azərbaycanı təmsil etməsi absurddur. Hüseynqulu Bağırov həmin tədbirdə sıravi iştirakçı ola bilər.
Təbii ki, baş ekoloq həmin tədbirə özbaşına getməyib. Ola bilsin ki, digər məmurların həvəsi olmadığından Hindistan səfirliyinin tədbirini “yola vermək” Hüseynqulu Bağırova tapşırılıb. Bununla həm Hindistan dövləti, həm də elə Hüseynqulu Bağırovun özü ələ salınıb: Hindistan dövlətinin tədbirinə qeyri-ciddi yanaşılıb, Hüseynqulu Bağırova isə vəzifəsinə qəti şəkildə dəxli olmayan iş tapşırılıb.
İnformasiya şöbəsi