Azərbaycan Avropa Hərəkatından AXCP üzvlərinə hörmətsizlik
Azərbaycan Avropa Hərəkatının təşəbbüsü, ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə oktyabrın 6-da Saatlıda müxtəlif partiyaların iştirakı ilə treninq keçirilib. AXCP Saatlı rayon şöbəsinin fəalı Ənvər Hüseynli tədbirdə təşkilatçıların kobud münasibətinə məruz qaldıqlarını deyir:
“Tədbirə AXCP-dən cəmi dörd nəfər, YAP-dan isə 20 nəfər dəvət etmişdilər. Sual verdim ki, siz demokratiyadan dərs keçirsinizsə, niyə dörd cəbhəçi, 20 YAP-çı çağırmısız? Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı səs-küy salmağa, əl-qolla danışmağa başladı. Suala cavab vermək əvəzinə mübahisə yaratdı. Sonra ATƏT-in nümayəndələri məsələyə müdaxilə etdilər. Dedik, burada söz demək hüququmuz yoxdursa, təhqir olunacağıqsa, biz gedirik. Onu da bildirdik ki, baş verənlər barədə həm mətbuata, həm sizin baş ofisə məlumat verəcəyik. Bundan sonra bir az sakitləşdilər. Dedilər, sizdən bir nümayəndə seçib Bakıya aparacağıq. Biz də bildirdik ki, tədbirə bunun üçün gəlməmişik. Bütün bunlar azmış kimi dedilər ki, siz danışmayın, imkan verin o birilər də danışsın. Kənardan YAP-çılar da müdaxilə edib onlara dəstək verdilər. Baş verənlər bizə qarşı açıq-aşkar hörmətsizlik idi”.