«Dostlarım, qohumlarım şikayətlənəndə deyirəm ki, sizə elə lazımdır»
Cavanşir Quliyev: «Bir adama görə böyük bir sahəni məhv etməyə hazır olan məmurlarımız var»
Tanınmış bəstəkar, 2005-ci ildən Quzey Kıbrıs Türk Cümhuriyyətindəki (Şimali Kipr Türk Respublikası) Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsində dərs deyən, bu universitetin professoru Cavanşir Quliyev qısa müddətə Bakıya gəlib. Fürsətdən istifadə edib onunla söhbət etmək qərarına gəldik. Ölkə mədəniyyətində baş verənlərdən tutmuş siyasi səhnədəki olaylara qədər münasibətini öyrəndik.
– Azərbaycana budəfəki gəlişiniz tətil gəlişidir, yoxsa başqa səbəb var?
– Tətil gəlişidir. Ara-sıra gələndə elə tətilə gəlmişəm. Ancaq bəzi işlər də olur. Burda teatrlarla, başqa təşkilatlarla ilişkilər qırılmayıb, davam edir. Həm ziyarət, həm ticarət ifadəsi mənim halıma daha çox yaraşır.
– Azərbaycandakı prosesləri izləyirsiniz? Təkcə sənət sahəsini yox, siyasi prosesləri də nəzərdə tuturam.
– Bir o qədər izləmək imkanım olmur. Çünki universitetin içində yaşayıram. Yaşadığım yerdə ancaq universitetin mənə verdiyi kanallara baxmaq məcburiyyətindəyəm. Hadisələri internetdən izləməyə çalışıram. Hər zaman internetə girməyə də vaxt, imkan olmur. Yəni tam olaraq məlumatım yoxdur. Adi bir oxucu kimi məlumatım ola bilər. O üzdən nələrin baş verdiyini təxmini bilirəm.
“Biz deyirdik ki, belə getsə, vəziyyət ağır olacaq”
– Ölkədə olmadığınız müddətdə sənət sahəsində, televiziyada çox şeylər dəyişib. Hətta məmurlar musiqidən, televiziyadakı verilişlərdən narazılıq edir. Vəziyyətin bu həddə çatmasının əsas səbəbi nədir?
– Əgər 10 il əvvəlki mətbuatı qaldırsanız, orda mənim və mənim kimi bir neçə musiqiçinin xəbərdarlığını oxuyarsınız. Biz deyirdik ki, belə getsə, vəziyyət ağır olacaq. Indi olacaqları hələ o vaxt deyirdik. Mənim evimdə arxivim var. Lazım olanda misal çəkə bilərəm ki, bunu harda və nə vaxt demişdim. Bizim ölkəmiz elə bir yerdir ki, burda heç kəs heç kəsin sözünü dinləmir. Daha doğrusu, qulaq assa belə, qəbul etmir. Qarşısındakının sözünü doğru saymır. O üzdən də belə şeylər baş verir. Belə bir xalq misalı var, dəlidən doğru xəbər. Biz bu prinsiplə yaşayırıq. Vaxtilə Hacı Əbdül deyirdi ki, bir hacıleylək gəlib sizi bataqlıqdan qurbağalar kimi təmizləyəcək. Hamı ona güldü. Dedilər, Əbdüldü də, danışır. Amma yüzdəyüz o deyən oldu. Indi zamanı geri çevirsək, bəlkə hər kəs başqa cür hərəkət edərdi. Amma bizim məmləkətimiz budur. Məmurların narazılığı çox nahaqdır. Çünki bu ölkədə insanlar məmurlardan narazıdırlar. Məmurlar niyə narazı olur? Bu işləri belə vəziyyətə gətirən məmurlar deyilmi? Bu barədə burdakı dostlarım, tanışlarım, qohumlarım şikayət edəndə həmişə onlara bir cümlə ilə cavab verirəm. Deyirəm ki, sizə elə lazımdır.
– Niyə?
– Çünki tənqidi dinləmədiniz. Tənqiddən nəticə çıxarmadınız. Biz onun çıxış yolunu da göstərirdik, dedik neyləmək lazımdır. Onu da dinləmədiniz. O zaman adama nə deyərlər? Deyərlər ki, sənə belə lazımdır. Başqa nə demək olar ki?
“Belə getsə, Azərbaycan musiqisi sifətini itirəcək”
– Bundan sonra vəziyyətin düzəlməsi üçün hansı addımlar atılmalıdır?
– Ancaq musiqi barədə deyə bilərəm. Belə getsə, bundan sonra bu həyəcan dayanmayacaq. Azərbaycan musiqisi sifətini itirəcək. Sifətsiz Şərq ölkələrinin birinə çevriləcək. Məsələn, Dubay, Qatar kimi. Onların musiqiləri hər şeyə oxşayır. Misir musiqisinə, əfqan musiqisinə, başqa ölkələrə də oxşayır. Ancaq özünə məxsusluğu yoxdur. O özünəməxsusluğu itirəcəyik.
“Ulduzcuqlar özlərini daha da dəyərli sayırlar”
– Burada olmadığınız vaxtda çoxlu sayda ulduz yarışmaları olub. Ulduzların sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdədir. Bunların içində, necə deyərlər, adam içinə çıxa bilən, Azərbaycanı xaricdə təmsil edə bilənlər varmı?
– Icazə verin bu sahədə mətbuatı tənqid edim. Azərbaycanda çıxan qəzetlərin son səhifələrinə baxsanız görərsiniz ki, dediyiniz ulduzların böyük şəkillərini vururlar. Yazırlar ki, bu gün ulduz səhər yuxudan durub çay içmədi, qəhvə içdi. Yaxud, başqa bir mənasız bir şey. Soruşanda qəzetçilərdən ki, niyə belə edirsiniz, deyir qəzetin satılması üçün edirik. Patronlar deyir ki, belə yazın. Onların həyatından qıcıqlandıran faktlar tapın. Gətirin verək, qəzet satılsın. Bu minvalla həmin adamlar, ulduzcuqlar, təbii ki, özlərini daha da dəyərli sayırlar. Hər yerdə də qəzetləri göstərirlər ki, əgər mən pis olsam, qəzet şəklimi vurmaz. Özü də gör nə boyda. Prezidentin də şəklindən böyük vururlar. Yəni bu işdə mətbuatın da rolu az deyil. Onlara ulduz mən demirəm ki. Mətbuat, televiziya, qəzetlər, konsert təşkilatçıları deyir. Bu adamları həmin təşkilatlar məşhurlaşdırır. Təbii, başa düşürəm ki, bunu o anda düşünməyərək, işlərinin yaxşı getməsi üçün edirlər. Konsertin daha təntənəli alınması üçün bu adamları məşhurlaşdırırlar. Nəticədə də bu mənzərə alınır.
“İnsanlar bu cür evlənməyi özünə sığışdırmasaydılar, ora gəlməzdilər”
– Son vaxtlar televiziyadakı verilişlər müzakirə mövzusudur. Əvvəlki illərlə müqayisədə xeyli dəyişikliklər var. Ağlınıza gələrdimi ki, nə vaxtsa azərbaycanlı qız televiziyaya çıxıb özünə həyat yoldaşı axtarsın?
– Verilişlərə adamlar gəlir, evlənir. Nə istəyirsiniz. Adam gəlir də ora. Siz o adama deyəcəksiniz gəlmə? Əgər gəlməsəydi, bizim Azərbaycandakı insanlar bu cür evlənməyi özünə sığışdırmasaydılar, ora gəlməzdilər. Siz getmərsiz, mən getmirəm. Ancaq gedənlər var. Buna münasibətim normaldır. Düzdür, baxmıram o verilişlərə. Çünki artıq məni maraqlandıran mövzu deyil. Amma gedən varsa, getsinlər. Türkiyədə, Avropada bu cür verilişlər var. Türkiyə də müsəlman ölkəsidir. Misirdə də var. Bizə bir az yad gəlsə də, öyrəşməliyik. Hesab edirəm ki, evlənmək pis iş deyil ki, ondan utanasan.
“Gətirib turistləri bizi göstərərlər ki, baxın 18-19-cu əsrdə ilişib qalan xalqdır”
– Bəs mentalitet? Narazılıq edənlər adətən mentaliteti önə çəkir…
– Nədir o mentalitet, kim onu mənə izah edə bilər?! Mentalitet quru, daşlaşmış bir şey deyil ki. Hazırda bizim yaşaya-yaşaya mentalitetimiz dəyişilir. Hər kəsin, tək bizim yox. Mentalitet muzey eksponatı deyil ki, qoyub deyəsən, budur. Əsrlər, illər boyu hər bir xalqın dünya görüşü dəyişir. Mentalitet budur. Dünya görüşü, dünyanı anlamaq və s. Bizimki də dəyişə bilər və dəyişməlidir də. Çünki dəyişməsə, biz muzey milləti olaraq qalarıq. Gətirib turistləri bizi göstərərlər ki, baxın 18-19-cu əsrdə ilişib qalan xalqdır. Bu işləri normal qarşılayıram.
– Başqa cəmiyyətdəsiniz. Orda gördüyünüz nələri burda da görmək istərdiniz?
– Orda mən cəmiyyətin daha yüksək mədəniyyətə sahib olduğunu görürəm. Hər bir fərdin də, məmurun da. Orda yazılan qanunların sonuna qədər icra olunduğunu görürəm. Orda insanların bir-birinə tanımadan pis adam sayması yoxdur. Insanların insanlarla bu cür, burda olduğu kimi münasibəti yoxdur. Insan insanı görəndə gülür. Hər kəsin üzü gülür. Sonradan məlum olur ki, bu adam üzünə güləsi adam deyil və tədbirlər görülür. Bu başqa. Amma ilk olaraq görüşəndə, söhbətdə insanlar bir-birinə çox xoş münasibət bəsləyir. Məsələn, bizdə soruşursan: Salam, deyir, salam. – Necəsən? – Belə də. – Nə var, nə yox? – Şükür Allaha. Bu, Azərbaycanda bizim ən standart dialoqumuzdur. Orda birinə deyirsən: – Salam. Deyir salam. Necəsən? – Təşəkkür edirəm, çox yaxşı. – Işlər necədir? – Çox gözəl. Bax, fərqimiz budur.
“Biz kinomuzu sevirik” ifadəsi saxta imiş”
– Bir vaxtlar siyasi mövqeyinizə görə qadağalar, maneələrlə üzləşirdiniz. Indi Kinematoqrafçılar Ittifaqı maneələrlə üzləşir, onlara pul ayrılmır. Rüstəm Ibrahimbəyov, Rasim Balayev narazıdırlar. Məlum məsələdir ki, bütün bunlar Rüstəm Ibrahimbəyovun bəlli fikirlərindən sonra baş verdi. Insanların mövqeyinə görə belə vəziyyətlə üzləşməsini necə qiymətləndirirsiniz?
– Yaxşı qiymətləndirmirəm. Burda məlum olur ki, o zaman “biz kinomuzu sevirik, ona qayğı göstəririk” ifadəsi saxta imiş. Illərlə məmurlar deyirdi ki, bizim kinomuz belə gəldi, elə getdi. Onu inkişaf etdirək. Deməli, bu yalan imiş. Çünki bir adama görə böyük bir sahəni məhv etməyə hazır olan məmurlarımız var. Bunu qəbul etmirəm. Əslində bu yeni deyil. Məsələn, Rəhim Qazıyevə görə Şəki kimi bir rayonun işığını və qazını kəsirdilər. Belə şeylərlə rastlaşmışıq. O üzdən ancaq təəssüf edə bilərəm.
– İnsana dəyər verilməyən bir ölkədə yaşayırıq. Əgər Rasim Balayev, Rüstəm Ibrahimbəyov, Cavanşir Quliyevə dəyər verilmirsə, bəs kimə verilir?
ardı var
Fizzə Heydərli
Müsahibənin davamında:
Cavanşir Quliyev “İlham Əliyevin prezident olduğu ölkədə yaşaya bilmərəm” sözünün üstündə dururmu?
Bəstəkar AXCP-Müsavat birliyinə necə yanaşır?
Kənarda ölkədəki saxtakarlıq, qanunsuzluq haqqında eşidəndə hansı hisslər keçirir?
Azərbaycanda rüşvətin, korrupsiyanın səbəblərini nədə görür?
Növbəti sayımızı izləyin