“Siz həmin müqəddəs üçlüksünüz ki…”; Elşad Abdullayev Hacı Məmmədov olayını yada saldı
“2003-cü ildə Hacı Məmmədovun Rövşən Əliyevi qətlə yetirməsi barədə məlumat verən Rəna Nəsibovanı qəbul etmişdiniz, bir il keçməmiş onu qətlə yetirdilər…”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev daha bir “bomba” partladıb. Keçmiş rektor “Gülər Əhmədova olayı”na görə onu ittiham edən baş prokuror Zakir Qaralova qarşılıqlı ittihamlarla cavab verib.
Xatırladaq ki, Z.Qaralov məlum video ilə bağlı cinayət işindən danışarkən E.Abdullayevin Bakıya gəlib, nəyə görə 7 il ərzində bu faktı gizlətdiyinə, yalnız ölkəni tərk edəndən sonra açıqladığına cavab verməli olduğunu deyib.
Keçmiş rektor vəkili Adil İsmayılov vasitəsilə verdiyi cavabda Hacı Məmmədov olayında Baş Prokurorluğun tutduğu mövqeyə toxunub. E.Abdullayevin cavabını vəkil özünün “Facebook” səhifəsində paylaşıb. Cavab belədir:
“Hörmətli cənab baş prokuror, bu işin istintaqını Eldar Əhmədov aparıb, istintaqa nəzarəti sizin birinci müavininiz Rüstəm Usubov həyata keçirir. Onların da böyüyü sizsiniz. Bu həmin müqəddəs üçlükdür ki, Hacı Məmmədov işində kim olduqlarını artıq göstərib. Siz və Rüstəm Usubov 2003-cü ildə Hacı Məmmədovun Rövşən Əliyevi qətlə yetirməsi barədə məlumat verən Rəna Nəsibovanı qəbul etmişdiniz. Bir il keçməmiş onu qətlə yetirdilər. Onun ölümünü siz ört basdır edəndən sonra Hacı Məmmədov Fətulla Hüseynovu qətlə yetirdi və Zamirə Hacıyevanı oğurladı. Bu həmin Eldar Əhmədovdur ki, Hacı Məmmedov Zamirə Hacıyevanı məhz onun kabinetindən cıxandan sonra oğurlamışdı. Yəqin sualınıza dolğun cavab verdim. Qalan suallarınıza Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə yazdığım müraciətdə cavab vermişəm”.