Deputatları qalmaqallı rüşvət videosu barədə danışmağa qoymadılar
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı videonun Milli Məclisdə geniş müzakirə ediləcəyi gözlənilirdi. Çünki bu videodan sonra faktla bağlı cinayət işi açılmışdı, YAP Gülər Əhmədovadan, deputat isə mandatından imtina etmişdi. Lakin gözlənilənlər baş vermədi. Milli Məclisdə bu məsələnin üzərindən sükutla keçildi. Deputatlar özlərini apardılar ki, sanki bir neçə gündür bütün Azərbaycanı silkələyən bu hadisə baş verməyib. Iclasda tamamilə unudulmuş məsələlər qaldırıldı.
Bu azmış kimi ilk günlərdə YAP-a ləkə hesab edilən Gülər Əhmədovanın dolayısı müdafiəsinə start verilib. Dünən gün ərzində bu məsələ ilə bağlı yayılan məlumatlar və verilən açıqlamalar belə deməyə əsas verir. Həmin məlumatları oxucuların diqqətinə çatdırırıq.
Gülər Əhmədova YAP-da qaldı
“Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının sıravi üzvüdür, o partiya sılarından çıxarılmayıb”. Bu sözləri jurnalistlərə açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
YAP rəsmisi bildirib ki, YAP-ın nizamnaməsinə görə, üzvlərin partiya sıralarından xaric edilməsi məsələsi özək təşkilatlarında baxılır. “Bu məsələyə Gülər Əhmədovanın daxil olduğu özək təşkilatı baxmalıdır. Yəni, hazırda Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiyadan xaric olunmayıb”, – deyə Siyavuş Novruzov bildirib.
YAP-çı deputat Milli Məclisdə Gülər Əhmədova ilə bağlı məsələ qaldırılmamasına belə cavab verib: “Gülər Əhmədova mandatdan imtina barədə müraciət edib. Bu məsələ ilə MSK məşğul olur. Ona görə də bu məsələyə onlar qərar verməlidir”.
Xatırladaq ki, rüşvət videosu yayılandan sonra Əli Əhmədov Gülər Əhmədovanın parlamentdə YAP-ı təmsil etməyə mənəvi haqqının olmadığını bəyan etmişdi. Bundan Modern.az YAP-a istinadən məlumat yaymışdı ki, Gülər Əhmədova partiya sıralarından xaric edilib.
Cinayət işinə İlham Əliyev nəzarət edir
Baş prokuror Zakir Qaralov Gülər Əhmədova olayı ilə bağlı başlanan cinayət işinin istintaqından danışıb. “Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi birbaşa prezident Ilham Əliyevin nəzarəti altındadır. Bu cinayət işini siyasiləşdirmək olmaz”, – deyə baş prokuror bildirib.
Baş prokuror qeyd edib ki, videonu yayan Elşad Abdullayev Azərbaycana gəlməlidir: “Ilk növbədə Elşad Abdullayevlə Gülər Əhmədova üzləşdirilməli, cinayət işi bağlı Elşad Abdullayevə müxtəlif suallar ünvanlanmalıdır. Bu suallardan biri budur ki, Elşad Abdullayev hansı səbəbə görə bu görüntüləri 7 il saxlayıb, yalnız Azərbaycanı tərk edəndən sonra ictimaiyyətə açıqlayıb. Əgər o, korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, deputatlığa namizədliyini verdiyi dövrdə ona qarşı olan əməlləri istintaq orqanına bildirməli idi. Belə bir müraciət isə olmayıb”.
Baş prokurorun sözlərinə görə, materiallarla bağlı müxtəlif ekspertizalar təyin olunub: “Dünən əməkdaşlarımız Azərbaycan Beynəlxalq Universitetinin binasında olublar. Həmin videoçəklişin aparıldığı otağa baxış keçirilib. Bütün bu araşdırmalar başa çatandan sonra aydın olacaq ki, həmin videoyazı hansı otaqda və hansı məqsədlə aparılıb”(APA).
Zakir Qaralov Elşad Abdullayevi hədələdi
“Azərbaycan Beynəlxaq Universitetində ciddi korrupsiya faktları aşkar edilib”. APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov curnalistlərə açıqlamasında deyib: “2010-cu ildə insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı ukraynalı həmkarlarımız tərəfindən qaldırılmış cinayət işinin istintaqı zamanı ABU-nun tabeçiliyində olan klinikada belə faktlar müəyyən edilib. 2009-cu ildə həmin klinikada 10-a yaxın xarici vətəndaşın üzərində böyrək köçürmə əməliyyatı aparılıb. Bu əməliyyatları ukraynalı həkimlər həyata keçiriblər. Biz o zaman Ukrayna tərəfinə lazımı köməklik göstərmişik. Həmin fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb. Ukrayna tərəfinin başladığı cinayət işi ilə bağlı artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Orada adı keçən azərbaycanlı vəzifəli şəxslərlə bağlı cinayət işinin materialları ayrılaraq Azərbaycan Baş Prokurorluğuna göndərilib”.
Z. Qaralov deyib ki, adı çəkilən klinikanın rəhbəri Dilarə Ismayılova istintaqa ifadəsində bütün bu qanunsuz əməlləri məhz Elşad Abdullayevin tapşırığı ilə həyata keçirdiyini deyib: “O, həmçinin qeyd edib ki, qanunsuz orqan transplantasiyalarından əldə etdikləri 100 min ABŞ dollarını Elşad Abdullayevin özünə çatdırıb. Bir daha qeyd edirəm ki, Elşad Abdullayev korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, gəlib bu suallara cavab verməlidir”.
Baş Prokuror ABU-nun lisenziyasının 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən ləğv edildiyini xatırladıb: “Təəssüflər olsun ki, qanunsuz köçürülmələr nəticəsində orada təhsil alan minlərlə tələbələrimiz diplom ala bilməyiblər. Həmin faktlarla bağlı bizə çoxsaylı şikayət daxil olub. Şikayətlər həm saxta diplomların verilməsi, həm qanunsuz köçürülmələr zamanı külli miqdarda rüşvət almaqla bağlı olub. Daxil olan şikayətlər əsasında ABU-nun vəzifəli şəxslərinin bir qismi məsuliyyətə cəlb olunub. Hazırda istintaq gedir. Bu kimi əməlləri olan bir insan bu gün özünü elə göstərir ki, guya o korrupsiyaya qarşı mübariz aparır. Elşad Abdullayev bilməlidir ki, hamı qanun qarşısında bərabərdir. Vaxtı çatanda, hər kəs layiq olduğu məsuliyyətə cəlb ediləcək”.
Elşad Abdullayev YAP-dan çıxarıldı
Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.ÿModern.az-ın məlumatına görə, bu barədə hakim partiyanın Icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. O qeyd edib ki, məlum qalmaqaldan sonra Elşad Abdullayev partiya üzüvliyindən çıxarılıb. Siyavuş Novruzov daha sonra bəyan edib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə heç vaxt Elşad Abdullayevin namizədliyini dəstəkləməyib.
Qeyd edək ki, ABU-nun sabiq rektoru hakim Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının üzvü idi.
Bu arada keçmiş rektorun vəkili Adil Ismayılov bildirib ki, Elşad Abdullayev son olaylarla əlaqədar onunla və Fransadakı vəkillərilə məsləhətləşmələrdən sonra mətbuat üçün yaxın zamanlarda geniş açıqlama verəcək.
Haqqımda yazan jurnalistlərin hamısı peşman olacaq
Gülər Əhmədova Modern.az-a açıqlamasında mətbutada onun haqqında gedən mənfi rəyli yazılara münasibətini bildirib. O, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yaydığı videomaterial barədə məsələyə aydınlıq gətiriləndən sonra jurnalistlərin yazdıqları üçün peşman olacağını bildirib: “Hər şeyə aydınlıq gətiriləcək. Onda bütün yazılanlara görə hamı peşman olacaq”.
O, həmçinin deyib ki, Elşad Abdullayev zərərçəkmişdirsə Bakıya gəlsin: “Onda üzləşmə olacaq və hər şey aydınlaşacaq. Elşad Abdullayev gəlsin, otursun, üzləşmələr olsun, onda bilinəcək kim nə deyir, kim nə demir”.
Sevinc Babayeva Elşad Abdullayev barədə videogörüntü yayımlayacaq
Millət vəkili Gülər Əhmədova ilə Elşad Abdullayev barəsində yayılan videogörüntüdə üçüncü şəxs olan Sevinc Babayevanın şok məlumatlar açıqlayacağı barədə xəbər yayılıb. “OLAYLAR”ın məlumatına görə, Sevinc Babayevanın yayacağı videogörüntü Elşad Abdullayev və onun qardaşı Mahir Abdullayev barədədir. Mənbənin verdiyi məliumata görə, həmin videogörüntülər bir deyil, bir neçə sujetdən ibarət olacaq. Sujetlərdə həmçinin Sevinc Babayeva ilə Abdullayev qardaşlarının isti münasibətlərinin də əks olunduğu deyilir. Mənbənin məlumatına görə, bununla yanaşı videogörüntülərdə Elşad Abdullayevin rüşvət alma faktları da əks edilir. Yaxın günlərdə videogörüntülərin yayımlanacağı bildirilir.
“Gülər Əhmədova olayı”nda niyə dönüş baş verib?
Məlumatlardan göründüyü kimi “Gülər Əhmədova olayı” ilə bağlı hakimiyyət düşərgəsində dönüş olub. Zakir Qaralovun açıqlamalarından aydın şəkildə sezilir ki, hökumət bu məsələdə Gülər Əhmədovadan daha çox Elşad Abdullayevin təqsirkar olduğunu ictimaiyyətə sırımaq istəyir. Eyni zamanda hakimiyyət ümumiyyətlə bu məsələnin gündəmdə qalmasında maraqlı görünmür. Milli Məclisdə susqunluq, hökumətin nəzarətində olan KIV-lərdə artıq olay barədə məlumatların xəsisliklə verilməsi və s. “Gülər Əhmədova olayı”nın unutdurulması istiqamətində atılan ilkin addımlardır. Bəs nə baş verdi ki, birdən-birə çərxi-fələk Gülər Əhmədovanın xeyrinə dövran etməyə başladı?
“Azadlıq” hələ ilk gündən baş verənlərdə hakimiyyətdaxili ziddiyyətlərin rol oynadağını istisna etməmişdi. Həmçinin iqtidar mətbəxindən daxil olan məlumatlarda da rüşvət videosunun qruplararası savaşın təzaühürü olaraq ortaya çıxdığı iddia edilirdi. Məlumatlarda bildirilirdi ki, bu məsələ əsas hədəf Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdir. Bu iddia Gülər Əhmədovanın PA rəhbərinə yaxınlığı ilə əsaslandırılırdı. Indi belə çıxır ki, Ramiz Mehdiyev rəqiblərinin hücumlarını dəf edə bilib.
Başqa mülahizələr də var. Mümkündür ki, hakimiyyət “Gülər Əhmədova olayı”nın gündəmdə qalmasının ciddi fəsadlara səbəb ola biləcəyindən ehtiyatlanıb. Bu baxımdan gündəmi dəyişmək, həm də daxili “razborka”ya çevrilmiş bu məsələni elə içdə həll etmək qərarına gəlinib. Və dərhal Milli Məclisə “Gülər Əhmədova olayı” ilə bağlı susmaq, başqa məsələlərlə gündəmi məşğul etmək göstərişi gəlib.
Informasiya şöbəsi