“Azərbaycan hakimiyyəti müsbətə doğru addım atmaq niyyətində görünmür”
“Freedom House” beynəlxalq insan haqları təşkilatının direktoru Kristofer Volker “Turan” agentliyinin Vaşinqton müxbirinə müsahibə verib. Müsahibənin tərcüməsini təqdim edirik.
– “Freedom House” təşkilatının “Dünyada Azadlıq 2011” adlı son hesabatında Azərbaycan yenə azad olmayan ölkələr sırasında yer alıb. Amma bəzi region ölkələri bu istiqamətdəki mövqelərini dəyişərək, qismən azad ölkələr sırasına keçiblər. Siz yaxın gələcəkdə Azərbaycanın qismən azad və ya azad ölkəyə çevrilmə perspektivlərini görürsünüzmü?
– Azərbaycan hakimiyyəti “Freedom House”nin hesabatında göstərdiyi məqamların heç biri ilə bağlı müsbətə doğru addımlar atmaq və ya bununu üçün münbit şərait yaratmaq niyyətində olduğunu nümayiş etdirməyib. Vətəndaş cəmiyyəti, siyasi partiyalar, qanunun aliliyi və dövlət strukturlarının işləkliyi ilə bağlı mənfi məqamlar qalmaqdadır. Bundan başqa noyabr ayında keçirilən seçkilər və seçki öncəsi mühit rəqabət şəraitində keçmədi. Nəhayət, Azərbaycanda korrupsiya ilə mübarizə çox pis aparılır. Bu da o reallığın əksidir ki, ölkədə məsul şəxsləri korrupsiyaya görə məsuliyyətə cəlb edə biləcək institut yoxdur. Korrupsiyanın çox geniş yayılmış forması ölkə vətəndaşlarına tətbiq edilən yüksək gəlirdir.
Mətbuat azadlığının məhdudlaşdırıldığı, parlamentin icra hakimiyyəti təmsilçilərini məsuliyyətə cəlb etmək hüququnun olmadığı, vətəndaş cəmiyyətinin mühüm siyasi və sosial problemləri müzakirə və təhlil etmək imkanının olmadığı ölkələrdə korrupsiya inkişaf edir.
Korrupsiya ilə bağlı problem Azərbaycanda həm də ona görə mühüm əhəmiyyət kəsb edir ki, cəmiyyət zəngin enerji resurslarına sahibdir. Bir çox müşahidəçilər hesab edirlər ki, bu sərvət Azərbaycanın adi vətəndaşlarının rifahının yüksəlməsi istiqamətində sərf edilmir.
– Azərbaycan hakimiyyəti açıq formada bəyan edir ki, o, Qərbdən gələn təzyiqlərin nəticəsi olaraq öz mövqeyini dəyişmək niyyətində deyil. Hakimiyyət həmçinin hüquq müdafiəçilərinin, “Freedom House”nin hesabatlarını reallıqdan uzaq qiymətləndirərək, onların hərəkətlərini cəsusların davranışına bənzədir. Bu cür yanaşmaya münasibətiniz necədir?
– Azərbaycan Avropa Şurasının üzvüdür və onun normalarına əməl etməlidir. Jurnalistlərə qarşı təzyiqlər və onların həbsi Avropa Şurasının prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Bundan başqa, “Freedom House” və digər nüfuzlu beynəlxalq təşkilatların mövqeyinə görə, Azərbaycan hakimiyyəti son illər hüququn işəlkliyindən daha da uzaqlaşır.
Azərbaycan hakimiyyəti xalq qarşısında fəaliyyətini yaxşılaşdırmağa çalışrmalıdır. Ölkə vətəndaşlarının vəziyyətinin olduqca pis olduğu bir vəziyyətdə mövcud resurslardan düzgün istifadə edərək onların rifahının yaxşılaşdırılmasına ehtiyac var.
– Əvvəlki illərdən fərqli olaraq, son hesabatınızda Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ azad olmayan ərazi kimi göstərilib. Bəlkə bir qədər ironik səslənər, amma bu, Azərbaycan hökumətinə bir “təsəli” kimi qiymətləndirilə bilərmi?
– Dağlıq Qarabağdakı son seçkilərdə ciddi qanun pozuntularının aşkarlandığı hesabatımızda vurğulanmışdı. Ona görə Qarabağın adı azad olmayanların siyahısına keçirildi.