Rektorun təhsil naziri təyin edilməsi barədə müzakirələr aparılırmış
Baş Prokurorluq Dillər Universitetində maliyyə fırıldaqları ilə bağlı cinayət işi başladı
Azərbaycan Dillər Universitetində maliyyə fırıldaqları ilə bağlı Hesablama Palatasının Baş Prokurorluğa göndərdiyi materiallar araşdırılıb və müvafiq qaydada cinayət işi açılıb.
Bu məlumat Baş Prokurorluğun ölkədə korrupsiya hallarına qarşı görülmüş tədbirlərlə bağlı yaydığı son məlumatda əksini tapıb.
Məlumatda deyilir ki, ADU-nun 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəlimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talayıb.
Bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında bu məsələnin pərdəarxası məqamları barədə məlumat dərc etmişdik. Həmin məlumatda bildirilirdi ki, rektor Səməd Seyidov hakimiyyətdəki islahatçı komandanın üzvüdür. Bu baxımdan mühafizəkarların hədəfinə gəlib. Hələ 2005-ci ildə Səməd Seyidov oxşar problemlə üzləşmişdi. Lakin o zaman Ilham Əliyevlə görüşərək məsələni yoluna qoya bilmişdi. Indisə onun AŞ PA-dakı qeyri-qənaətbəxş fəaliyyəti yenidən mühafizəkarların əlinə fürsət verib. Bu baxımdan Səməd Seyidova qarşı hücuma keçiblər.
Dünən bu məsələ ilə daha bir məlumat almışıq. Həmin məlumatda iddia edilir ki, Səməd Seyidovun hədəfə gəlməsinin səbəblərindən biri də onun karyerası ilə bağlıdır. Bildirilir ki, “yuxarılar”da rektorun təhsil naziri təyin edilməsi müzakirə mövzusudur. Lakin hakimiyyətdəki müəyyən qruplar bunun əleyhinədir. Bu sırada xüsusilə Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin adı çəkilir. Yeri gəlmişkən, PA rəhbəri hakimiyyətdəki mühafizəkar qanada başçılıq edir və Səməd Seyidova münasibəti ürəkaçan deyil. Bu baxımdan PA rəhbərinin təhsil naziri Misir Mərdanovla da qarşıdurmada olmasına baxmayaraq onun Səməd Seyidovla əvəzlənməsinə qarşı çıxması inandırıcı görünür.
Hikmət