Redaksiyanı su basdı; qəzetin çıxmağına çətinliklər yarandı (FOTO/VİDEO)
Hər dəfə yağış yağandan sonra biz – “Azadlıq” qəzetinin kollektivi redaksiyaya gələndə otaqların su içində üzdüyünün şahidi oluruq. Üç otaqdan ibarət olan “Azadlıq”da hər yağışdan sonra bir neçə nohur əmələ gəlir.
“Nəşriyyat rəhbərliyinə məlumat veririk, ancaq faydası yoxdur”
Sentyabrın 24-də yağan yağış başımıza bəla açdı. “Azadlıq”ın işi iflic oldu. Redaksiyamız “Azərbaycan” nəşriyyatının ən üst – 9-cu qatında yerləşir. Yağış yağanda isə otaqlar su ilə dolur, kompüterlərlə bərabər texniki sistemlər sıradan çıxır, hətta iş o yerə çatıb ki, qəzetin arxivi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Yağış bir neçə gün davam edərsə, ölkənin ən çox tirajlı qəzetinin arxivi də məhv olar.
Yağışdan sonra həmişə sürprizlə qarşılaşırıq. Elə dünən də belə oldu. Biz nəşriyyat rəhbərliyinə problemlə bağlı məlumat versək də, heç bir nəticəsi olmadı. Vaxtın daraldığını, saytımızın (azadliq.info) işinin ləngidiyini gördükdə özümüz otaqlardan yağış suyunu çəkməli olduq.
Qəzetin redaktoru Sücəddin Şərifov isə deyir ki, bir ildən artıqdır nəşriyyatın damında çox ciddi problem yaranıb və hər dəfə yağış yağanda “Azadlıq” qəzetinin redaksiyasını su basır: “Müraciət etdik ki, yanğın olmasın deyə işığı ayırsınlar. Suyun təsiri ilə döşəmədə qabarmalar əmələ gəlib. Bundan əvvəlki yağışda da bir neçə kompüterimiz sıradan çıxmışdı. Hər dəfə bu barədə nəşriyyat rəhbərliyinə məlumat veririk. Ancaq faydası yoxdur”.
Qəzetimizin redaktoru olaydan bir saat sonra nəşriyyat rəhbərliyini qəzet redaksiyasına dəvət edib ki, gəlib öz gözləri ilə vəziyyətlə tanış olsunlar: “Ceyhun adlı şəxs mənə dedi ki, məsələnin nə qədər ciddi olduğunu özləri də başa düşürlər. Deyirlər ki, təmiri gözləyirik. Təmirin nə vaxt olacağı isə hələ də məlum deyil. Üstəlik, yağışlı günlər hələ qabaqdadır. Bizim bu vəziyyətdə işləməyimiz mümkün deyil. Bir dəfə də olsun buranın icarə haqqını gecikdirməmişik. Zəhmət çəksinlər, buranı ya təmir etsinlər, ya da bizi başqa yerlə təmin etsinlər. Bura həm də xəstəlik mənbəyidir. Azca isti olan kimi otaqlarda nəfəs almaq çətinləşir”.
“Hər yağışda ”Azadlıq” qəzetinə çox ciddi ziyan dəyir”
“Nəşriyyat rəhbərliyindən bir nəfər də əziyyət çəkib yuxarıya qalxıb vəziyyətimizlə maraqlanmayıb. Naqillərin üstü açıqdır. Hər an bədbəxt hadisə də baş verə bilər” – bu kəlmələri qəzetimizin əməkdaşları biri-birinə deyir.
“Azadlıq” 2006-cı ilin noyabrında Xaqani 33 ünvanından çıxarılandan sonra dekabr ayında “Azərbaycan” nəşriyyatına sürgün edildi. Nəşriyyatın “Quantanoması” adlanan bu mərtəbədə vəziyyət dözülməz həddə çatır. Demək olar ki, biz hər gün bu və buna oxşar problemlərlə qəzet çıxarırıq.
Qəzetimizin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə deyir ki, ötən gecə yağan yağışın yaratdığı problemlər daha ağır olub: “Binanın damı sıradan çıxıb və tavan damır. Hər dəfə yağış yağanda ”Azadlıq” qəzetinə çox ciddi ziyan dəyir. Sonuncu dəfə ötən ay bütün texniki vasitələrimiz sıradan çıxmış, qəzetin işi iflic olmuşdu. Çox təəssüf ki, ötən günlər ərazində bu problem həll olunmadı. Bu dəfə yağan yağış nəticəsində də kompüterlər və digər texniki ləvazimatlar sıradan çıxıb. Modemlərimiz işləmir və internetə çıxışımız yoxdur. Iki-üç dəfə bu cür yağış yağsa, “Azadlıq” qəzeti texniki vasitələrdən tamamilə məhrum olacaq. Maddi vəziyyətimizin çox pis olduğu bir vaxtda bizə texnika almaq zərurəti yaranıb. Bir daha demək istəyirəm ki, “Azərbaycan” nəşriyyatı rəhbərliyinin “Azadlıq” qəzetinə bu cür münasibəti yolverilməzdir. Onlar vəziyyətin düzəlməsi üçün ciddi səylər göstərməyə borcludurlar”.
Beynəxalq təşkilatlar “Azadlıq”a diqqət ayırdılar
“Azadlıq”da baş verənlərlə bağlı ötən gün beynəlxalq təşkilatlar qəzetin rəhbərliyi əlaqə saxlayıb problemlərlə maraqlandılar.
Işin maraqlı tərəfindən biri də odur ki, yağış yağanda yalnız “Azadlıq” qəzetinin redaksiyasını su basır. Həftəlik, aylıq və ildə bir dəfə çap olunan qəzet redaksiyalarının heç birində bu problem yoxdur. Nəşriyyat nə bizi buradan başqa yerə köçürür, nə də damı təmir elətdirir. “Tezliklə təmir edəcəyik!” – bu, nəşriyyat rəhbərliyinin hər dəfə “Azadlıq”a verdiyi cavabdır. Hər dəfə müdriyyətlə görüşəndə bu cür cavab verməklə başımızın altına yastıq qoyurlar.
Bu vəziyyətdə qəzetin əməkdaşları mövzuları alaraq redaksiyanı tərk etməli olur. Evində kompüteri olan mənzilinə, kompüteri olmayan dost-tanışın yanına, kimisi də internet kluba yollanır.
Sıradan çıxan kompüterləri bir-birinə calayıb dizayner üçün işlək bir kompyüter düzəldərək redaksiyanı tərk edirik.
Bu yazının müəllifi də “Azadlıq”da gördüklərini metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən internet klubların birində yazdı…
Ramin DEKO