“Cəbhəçilərin istəyinə hörmətlə yanaşıram”
Bir müddət öncə Müsavat Partiyasından istefa verən sabiq Divan üzvü İbrahim İbrahimli AXCP-yə üzv olacaq. Bu barədə “Yeni Müsavat” qəzetinin 24 yanvar sayında yazılıb. Qəzetin yazdığına görə, AXCP-nin tanınmış üzvlərindən biri onlara məlumat verib ki, İbrahim İbrahimli partiya rəhbərliyi ilə müntəzəm görüşür.
“Sabiq müsavatçı artıq qeyri-rəsmi AXCP üzvü adlandırıla bilər. İ.İbrahimlinin cəbhəçilərə qoşulmasının rəsmiləşməsi isə may ayının sonlarında həyata keçiriləcək. İ.İbrahimli Müsavat Partiyasının mayda keçiriləcək qurultayında AXCP ilə birləşmək məsələsinə nöqtə qoyulmasını gözləyir. Birləşmə baş tutmayacağı halda qurultaydan dərhal sonra İ.İbrahimli AXCP-yə daxil olacaq. Bunun ardınca isə partiya sədrinin birinci müavini təyin ediləcək”, – deyə qəzet yazır.
“Yeni Müsavat” məsələ ilə bağlı İ.İbrahimlinin də mövqeyini öyrənib. O, AXCP-yə üzv olacağı barədə xəbəri nə təkzib, nə də təsdiq edib. “Cəbhəçilərin istəyinə hörmətlə yanaşıram. Ancaq indidən hadisələri qabaqlamaq və nəyisə demək istəmirəm. Sadəcə olaraq biz Müsavatın qurultayının verəcəyi qərardan asılı olaraq bu birliyin baş tutub-tutmamasından çıxış edərək təbii ki, müəyyən addımlar atacağıq. Biz peşəkar siyasətçiyik, ona görə də peşəkar siyasətin içində olmaq bizim görəvimizdir. İndidən bununla bağlı heç nə demək fikrim yoxdur. Azərbaycanın milli-demokratik qüvvələrinin yüksələn xətlə siyasi proseslərə adekvat cavab verə biləcək modelinin reallaşmasını gözləmək lazımdır. Özümün bu proseslərdə harada olmağıma gəldikdə isə əvvəldən bəyan etmişəm ki, hansı partiya hakimiyyətin dəyişməsini hədəf kimi qəbul edəcəksə, kim bu siyasi məsuliyyəti öz üzərinə götürəcəksə, mənim həmin təşkilata yaxından kömək eləməyim şübhəsizdir”, – deyə İ.İbrahimli bildirib.
Qeyd edək ki, İ.İbrahimli Müsavatla AXCP-nin birləşməsini istəyən, buna çalışan şəxslərdəndir. O, istefasının səbəblərindən birinin də bu birləşmənin ləngiməsi ilə bağlı olduğunu bəyan edib.