MTN polkovniki, nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun səhhəti pisləşib. Bu səbəbdən o, fevralın 8-də öz məhkəməsinə gətirilməyib.
V.Ələkbərov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılır. O, 12 il azadlıqdan məhrum edilməsinə dair hökmdən apellyasiya şikayəti verib. Bugünkü məhkəmədə prokuror çıxış edib, cəzanın dəyişdirilib-dəyişdirilməməsi məsələsinə münasibət bildirməli idi. Amma məhkəmədə bildirilib ki, səhhətindəki problemlərə görə gətirilməyib. Ona görə də məhkəmə fevralın 15-nə qədər təxirə salınıb.
Xatırladaq ki, V.Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun əmlakının müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul olunub.
Digər zərərçıkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb.
azadliq.info